Taleh Xasməmmədovun həyat yoldaşı müraciət yaydı-VİDEO

taleh xasməmmədov

…Ötən yazılarımda da qeyd etmişdim. Son zamanlar hakimiyyətin həbsdə olan siyasi məhbuslara qarşı münasibəti, onların saxlanma şəraiti, hüquqlarının tapdanması, gözümçıxdıya salınması prosesi pisləşməyə doğru getməkdədir. Yaxınlarının onlarla görüşməsinə, sovqat, paltar, məktub, qəzet və s. göndərməsinə problem yaradılır. Əksər hallarda isə imkan verilmir. Həbs yerlərində onlara olan nəzarət artırılmaqla yanaşı, bir çox hallarda diskriminasiyaya, təzyiqlərə, hətta işgəncələrə məruz qalırlar. Son zamanlar isə bu qanunsuzluqların siyahısına daha biri əlavə olunub. Həbsdə olan siyasi məhbus, hüquq müdafiəçisi Taleh Xasməmmədov səhhətində yaranmış ciddi problemlərə baxmayaraq, bir neçə aydır ki, onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməsinə imkan verilmir. Əldə etdiyimiz məlumata görə onun həyatı təhlükə altındadır, bir neçə xəstəlikdən əziyyət çəkir. Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlərlə bağlı onun həyat yoldaşı Fəxriyyə Xasməmmədova müraciət yayıb. Müraciətin önəmini və hamınız üçün maraq doğuracağını nəzərə alıb diqqətinizə təqdim edirəm.

Müraciətdə deyilir; “Həyat yoldaşım Xasməmmədov Taleh Vidadi oğlu bir ildir ki, günahsız olaraq həbsdədir. Həbsinin səbəbi Göyçay rayon məmurlarının sifarişidir. 03.01.2016-cı il tarixində qızlarımızı da götürüb 17 saylı cəzaçəkmə müəssisəsində olduq. Onunla görüşdük. Yoldaşım çox narahat idi. Özünü çox pis hiss edirdi. Ağrıları bir an da olsun ara vermirdi. Baş ağrısı, bel ağrısı, sinir ağrılarından çox əziyyət çəkir. Taleh bu ağrıları ilə əlaqədar olaraq həkim tərəfindən müayinə olunduğunu, yaxınlarda müalicə müəssisəsinə göndəriləcəyini mənə bildirdi. Lakin üstündən bir aydan çox keçməsinə baxmayaraq, nədənsə yoldaşımın müalicə müəssəsinə göndərilməsi üçün razılıq verilmədi.
Mən Ədliyyə nazirliyinin Penitensiar Xidməti başda olmaqla aidiyyatı orqanlardan Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlə bağlı müraciət edirəm. Əgər Taleh vaxtında müalicə olunmazsa biz onun daha da pis virusa, xəstəliklərə yoluxacağından çox narahatıq. Bu isə bir ailənin başçısını itirmək deməkdir.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən, Ombudsmandan, İnsan Hüquqları üzrə İşçi qrupundan, hüquq müdafiəçilərindən Taleh Xasməmmədova baş cəkərək vəziyyəti ilə yaxından maraqlanmalarını, onun müalicə müəssisəsinə göndərilərək müalicə olunmasına köməklik göstərmələrini bir ana kimi çox xahiş edirəm”.

Facebook-da olan dostlardan və jurnalistlərdən bu müraciətin daha geniş çevrələrə yayılmasına yardımçı olmalarını xahiş edirəm.
Gəlin siyasi məhbuslara, onların taleyinə biganə qalmayaq!
Unutmayaq ki, onların bizim dəstəyimizə ehtiyacları var…

İmkanı olanlar bu videoya da baxsınlar:

 

Oktay Gülalıyev

Hüquq müdafiəçisi

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button