Talışlar və uzaqgörən Mirzə Sakit

Azər Həsrət

 azer@azerhasret.com

www.azerhasret.com

 Qəzetlər xəbər verir ki, Rusiyadakı talış diasporu yaxın günlərdə İrəvanda konfrans keçirmək fikrindədir. Maraqlı xəbərdir. O baxımdan ki, Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan, ölkənin Türk çoxluğu ilə qaynayıb-qarışan talışlara aid olduğu iddia edilən və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatı niyə məhz İrəvanda belə bir tədbir keçirir? Məntiqlə onlar öz konfranslarını ya Rusiyada, ya da ana vətənləri olan Azərbaycanda keçirməli deyillərmi? Keçirməlidirlər! Ancaq İrəvanı seçiblər. Əslində, “özləri bilər” deyib keçmək də olardı. Lakin demək olmaz. Çünki xəbər verilir ki, həmin konfransa Azərbaycandan da nümayəndələrin qatılması gözlənilir!..

Azərbaycan vətəndaşı olan talışların İrəvandakı hər hansı tədbirə qatılması heç də yaxşı qarşılana bilməz. Çünki ermənilər bizim, yəni bütün azərbaycanlıların düşmənidir və xeyir ola İrəvan talışlara qucaq açır? Deməli, ortada Ermənistanın işinə yarayacaq və Azərbaycan dövlətinə zərəri olacaq bir mətləb var. Və belə olan halda Azərbaycan vətəndaşı olan talışların ermənilərə alət olması heç cür bağışlana bilməz!

Bu arada onu da vurğulamaqda yarar var ki, Azərbaycan türklərinin can qardaşı, bu vətən üçün hər zaman hər şeyindən keçməyə hazır olan və bunu dəfələrlə sübut etmiş talışlardan söhbət getmir. Söhbət, ermənilərə alət olaraq Azərbaycana xəyanət yolu tutmuş sapıqlardan gedir. İstər talış olsun, lap elə istər türk olsun. Sapıq sapıqdır.

Azərbaycana qarşı etnik kartdan istifadə edənlərin ortaya atdığı daha bir alət rolunu kürdlərin təbliğatçısı olduğunu iddia edən iki nəfər də, deyəsən, daha fəal şəkildə oynamağa qərar verib. Bunlardan biri hətta iddia edir ki, “Xural” qəzetinin körpə qatili, terrorçubaşı Abdullah Öcalanla müsahibəsini də təşkil edə bilərmiş! Heyrət etməmək mümkün deyil! Elə bil Azərbaycan ictimai rəyi bu terrorbaşının müsahibəsi üçün sinov gedir! Hələ adam iddia edir ki, Azərbaycan dövləti PKK-nı və onun dəstəbaşını terrorçu kimi rəsmən tanımadığı üçün o da bu məsələdə dövlətimizin mövqeyindən çıxış edir. Sabah Azərbaycan PKK-nı terror təşkilatı kimi tanısa, sən demə, bu adam da ona uyğun davranacaqmış! İndi gəl də buna həmin PKK-nın bütün dünya səviyyəsində, rəsmən terrorçu kimi tanındığını demə!

Ötən həftə məhkəmə müxalifətçilərə hökm kəsdi. Onların arasında gənclər də vardı. Və bu gənclər milliyyətçi kəsimə aiddir. Heç yaxşı olmadı. Bu gün türk dünyasının belə gənclərə ehtiyacı varkən, onları hansısa qurama ittihamlarla hansısa siyasi alver qurbanına çevirmək heç yaxşı hal deyil. Məncə, nə demək istədiyimizi anlamalı adamlar anlayacaqdır…

Sarkozi adlı firəng prezidenti də ötən həftə Azərbaycana baş çəkib getdi. Bu adam dövlətimizə qarşı tərbiyəsizlik etdi. Yəni bizi heçə saydı. Gəldi, dövlət protokoluna tüpürdü. Tək dərdi Bakıda tikiləcək firəng məktəbinin təməlatma törənində iştirak etməkdi. Buna qədərsə talışlar adına birilərinin konfrans keçirmək istədiyi İrəvanda yüzdə yüz protokol uyğulamaları çərçivəsində davranaraq hələ bir Türkiyəni hədələdi də! Azərbaycan isə belə bir adamın bizə meydan oxumasına “təmkinli” yanaşdı…

Hə, bir də bu Elşad Abdullayev adlı adam ortalığı qarışdırmaq üçün əldən-ayaqdan gedir. Sən demə, Azərbaycanda rüşvət varmış, basqı varmış, bilməm daha nələr varmış. Elşad adlı adam belə açıqlamalar verir. Gəl indi bu adama demə ki, ay balam, həmin haramzadalıqların başında duranlardan biri də sən deyilmiydin? İndi nə oldu, pişiklə aşpazın arası dəydi? Məncə, bu adam ictimai rəyi məşğul etməsə yaxşı olar. Əslində, ictimai rəy bu adama baş qoşmasa daha yaxşı olar.

“Xural” qəzetində Qan Turalını topa tutan açıqlamalar da diqqətimi çəkir. Şəxsən mənə dəxli olduğu üçün. Kimsə təəccüblənməsin. Çünki bu Qan Turalı adlı gənc bir zamanlar məni yüksək rütbəli bir məmurdan pul alıb sifarişlə yazı yazmaqda ittiham edirdi. Təbii ki, əsassız olaraq. İndi isə onun özü elə həmin məmurun pulları hesabına özünə “iş yeri” açıb. Deyirəm, həyat doğrudan da qəribədir, vallah. Ay Qan Turalı qardaş, hansısa məmurdan özün üçün bir istəyin vardısa, niyə məni durub durduğum yerdə gözümçıxdıya salmışdın?

Ötən günlər həvəslə oxuduğum yazılardan biri də Mirzə Sakitin “Məhşərdən məhşərə” silsiləsidir. Maraqlı tapıntıdır. Kim nə deyir desin, Mirzə doğrudan da istedad sahibidir. Həm də deyəsən çox uzaqgörəndir axı…

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Azər müəllim, düzdür, adamın allahı var, problemi görüb təhlil etmək istəmisiniz. Lakin, çox təəssüflər olsun ki, arxanızı talışlara çevirdiyinizə görə məsələnin həqiqi mahiyyətini obyektiv təhlil etmək qabiliyyətindən məhrum olmusunuz! Kökünü dərindən bilmədiyiniz bir mürəkkəb məsələyə baş vurmağınız Sizi qeyri-ixtiyari qərəzli etmişdir. Belə ciddi məsələyə şərh verərkən daha tolerant və dözümlü olmaq vacibdir. Sağ olun.

  2. A Azər bəy, talışları,firəng prezidentini,Qan Turalı asıb kəsdiniz,müxalifətçilər haqqında ürkək yazdınız.Səsiniz gəlsinee səsiniz.Burda oturub firəngi,talışı lap elə bu cılız yazarı tənqid etmək olar, İlhamı tənqid elə,İlhamı! Birdəki o gənclər millətçidir deyə onları müdafiə etmək lazım deyil,onlar Sizdən fərqli olaraq irticaya qarşı cəsarətli olublar!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button