Tanıdığım və tanımadığım Kamal(əddin) – II hissə

Heydər Oğuz

heyder oguz

Tanınmış qələm sahibi Heydər Oğuz xural.com-da yeni layihəyə start verir. Bu layihədə Heydər Oğuz Azərbaycanın oliqarx məmurlarının, odioz fiqurlarının, deputatların və tanınmış xadimlərinin ictimai-siyasi portretini cizəcək. Bu portretin ilki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yazılıb. Üç hissədən ibarət olması ehtimal olunan bu yazının II hissəsini yayınlayırıq.

Mənim tanımadığım Kəmaləddin

II hissə

İlk dəfə tanımadığım Kəmaləddinlə Türkiyədə ali təhsil aldığım zaman qarşılaşdım. Daha doğrusu, mənim tanıdığım Kamalın əslində mövcud olmadığını eşitdim və əlbəttə ki, buna inanmadım. Axı, bu necə ola bilərdi? Aylarla bir yerdə gəzdiyimiz, söhbətləşdiyimiz, ölkəmizin tarixindən, incəsənətindən danışdığımız, milli məfkurəmizi müzakirə etdiyimiz və şəxsən ondan çox şeylər öyrəndiyim bu mədəni oğlan necə mövcud deyildi? Di gəl ki, Fəttah müəllimin ailəsini yaxından tanıdığını deyən Adıgözəlov soyadlı bir bəstəkar (Təəssüf ki, hazırda adını unutduğum Adıgözəlov Türkiyənin Uludağ universitetinə müəllim olaraq gətirilmiş, ali məktəbimizin orkestrini qurmuşdu. Qürbətçilik hissi bizi tez-tez görüşdürür, məmləkətin problemləri barədə müzakirə aparmağa sövq edirdi) israrla Naxçıvanın sabiq Mədəniyyət nazirinin iki oğlu olduğunu və Kəmaləddinin yaxın çevrəsi tərəfindən Kamal adlandırıldığını bildirirdi. Mənim tanıdığım Kamal isə Kəmaləddin ola bilməzdi. Çünki mən “dostumu”, uzağı, özümdən 3-4 yaş böyük birisi kimi tanıyırdım. Tanımadığım, sadəcə tətildən-tətilə evə qayıdarkən, televizorda gördüyüm Kəmaləddin isə məndən xeyli yaşlı görünürdü.

Üstəlik, fiziki görünüş etibarilə də onlar bir-birindən fərqlənirdilər. Tanıdığım Kamal arıq və laçın bir gənc, tanımadığım Kəmaləddin isə kök, saçları tökülmüş birisiydi. Kamalla tanışlığımızın üzərində nə qədər keçmişdi ki? Cəmi 10-15 il. Mənim üçün xeyli qısa gələn bu müddət ərzində bir insanın bu qədər dəyişilməsini mümkün hesab etmirdim.

Bütün bu faktlar və dəlillər məni sövq-təbii olaraq belə bir qənaətə sürükləyirdi – tanımadığım Kəmaləddin tanıdığım Kamalın böyük qardaşı idi.

Türkiyəyə Heydər Əliyevin qəfiləsində getmişdim

Açığını desəm, dərhal ali məktəbi bitirib Türkiyədən Azərbaycana qayıtmağımda bu yalnış qənaətimin mühüm rolu olmuşdu. Yoxsa milli-demokratik hakimiyyətin devrilməsindən sonra iqtidara gələn “bolşeviklərin” mənim kimi xordan xaric oxuyanlara səbrlə qulaq asacağına əmin deyildim. Baxmayaraq ki, mən Xalq Cəbhəsinin deyil, Heydər Əliyevin qəfiləsilə Türkiyəyə təhsil almağa getmiş və rəhmətliyin şəxsən tanıdığı azsaylı tələbələrdən biriydim. Bununla belə, xarakterim “əski kommumist”lərlə tutmazdı. Onların açdığı qurdlar süfrəsində yem olmaqdansa, Türkiyədə qalıb işləməyim, demokratik fikirli şeirlər, məqalələr yazmağım daha rasional təsir bağışlayırdı.

Fəqət Azərbaycanın o çağlarında yaxından tanıdığım milli məfkurə sahibinin qardaşının hakimiyyətdə olması eyni işləri məmləkətdə də görməyin mümkünlüyünü mənə təlqin edirdi. Qısacası, bu inanışlarımdan hərəkət edərək, bir an öncə universiteti başa vurub ölkəyə qayıtmağa qərar verdim.

Hər zaman önümə çıxan adam – tanımadığım Kəmaləddin

kəmaləddin heydərov

Ölkədə isə tanıdığım Kamalı tapmadım və o olmadan belə, fəaliyyət göstərməyin mümkünlüyünü gördüm. “Hürriyyət” qəzetində başladığım bu fəaliyyət daha sonra həyatımın ən ciddi probleminə çevriləcəkdi. Və mənim üçün həzm edilməsi çətin olanı isə bu sahədə önümə həmişə eyni adamın – tanımadığım Kəmaləddinin çıxması idi.

Ölkədə tədricən bütün işgüzar mühiti ələ keçirən YAP hakimiyyəti möhkəmləndikcə, alternativ düşüncə sahiblərini müxtəlif vasitələrlə boğmağa çalışırdı. Kimisini yalançı dövlət çevrilişi ittihamları ilə həbsə atır, kimisini basqılarla ölkəni tərk etmək məcburiyyətində qoyur, kimisini isə çörəklə imtahana çəkirdilər. Mülkiyyət azadlığının, azad iqtisadi sistemin oturuşmadığı bir ölkədə çörəklə imtahana çəkilmək də digər repressiyalar kimi dözülməz idi. Ən çətini isə təkcə hədəfə götürülən ünvanın deyil, onun qohum-əqrəbasının da nişangaha gətirilməsiydi.

Mən və qohumlarım da bu amansız siyasətin hədəfində idik. Az qala mənimlə salam-əleykümünü belə kəsməyə məcbur olan yaxın bir qohumumu dəfələrlə işdən çıxaran, heç bir yerdə işləməsinə izn verməyən hakimiyyət, nəhayət, öz şərtini irəli sürdü: ya mən işdən getməliydim, ya qohumum.

Xeyli düşündükdən sonra geriyə addım atmağa qərar verdim. Təkcə ona görə yox ki, rejimin göbəkdən aşağı oyun qaydaları mənim ucbatımdan başqalarını da çətin vəziyyətə salırdı. Həm də ona görə ki, aparacağım işi qəzetsiz də idarə etmək olardı. Üçüncüsü, ona görə ki, bu tələb tanımadığım Kəmaləddin tərəfindən gəlmişdi və tanıdığım Kamalın xətrinə “abisi”nin sözünü yerə salmaq istəmirdim.

Hakimiyyət devriləcəyi təqdirdə bizi güllələyəcəklər!

Buna baxmayaraq, haqqımda verilən hökmün yaxşı düşünülmədiyini fikirləşirdim. Odur ki, təklifi gətirənə öz ağlımca ən uyğun çözüm yolu göstərmişdim: “İmkan verin, mediadan uzaqlaşmayım. Dünyanın işini bilmək olmaz, bəlkə elə bir zaman gələr ki, sizin də haqqınızı müdafiə edənə ehtiyac yaranar”.

Aldığım cavab isə sarsıdıcı oldu: “Hakimiyyət devriləcəyi təqdirdə, güllələnəcək 5 adam olarsa, onların içərisində biz də olacağıq”.

Bu cavabın mənə ağır gəlməsinin səbəbi çox sadə idi. Qeyri-qanuni və haram yollarla ölkənin sərvətlərini ələ keçirənlər, hətta bir jurnalistlə belə qurşaqdan aşağı metodlarla savaşanlar indi ona əxlaq dərsi keçirdilər. Sanki demək istəyirdilər ki, bu ölkədə öz əqidəsindən vaz keçən birisi varsa, o da sənsən, biz hətta ölüm təhlükəsi qarşısında sənin atdığın addımı atmarıq.

Halbuki mən özümü haqq, onları isə nahaqq yolda görürdüm. Dolayısıyla, iradə göstərmək, sonuna qədər sabit-qədəm olmaq mənə daha çox yaraşardı.

Doğrusu, təbiətimdəki çılğınlıq bu ağır mesaja qarşı çıxmağı tələb edirdi. Amma çarəsiz durumum, qarşı çıxsam belə, heç nəyi dəyişdirmirdi. Zira yazıda indiyə qədər gizlətməyə çalışdığım, indisə deməsəm, içimi göynədən çox önəmli bir çarəsizliyim də vardı. Bu da mənim üçün artıq media erasının bitməsi reallığı idi.

Bir tərəfdə Aydın Quliyev, digər tərəfdə Sərdar-Qurban Cəlaloğlular yer alırdı

Həmin vaxt işlədiyim “Hürriyyət” qəzetinin baş redaktorluğuna Aydın Quliyev gətirilmiş, fəqət o, ADP-nin baş katibi Sərdar Cəlaloğlu və həmin vaxt həbsdə yatan Qurban Məmmədovla ixtilaf içərisində idi. Belə bir durumda mənim o qəzetdə qalmağım tərəf seçmək kimi anlaşıla bilərdi. Sərdar Cəlaloğlu və Qurban bəy mənim həm bibioğlanlarım, həm də bir insan kimi yetişməyimdə müstəsna xidmətləri olan adamlar idilər. Sözsüz ki, onların iradəsinə qarşı yaradılmış cəbhədə yer ala bilməzdim.

O dövrdə mətbuatın qütbləşməsi isə mənim başqa qəzetlərdə işləmək imkanımı da daraldırdı. Çünki mən də qütb adamı idim və öz silahdaşlarımın yanında olmalıydım. Bu çarəsizliklər içərisində ata biləcəyimi tək addım vardı – mətbuatdan uzaqlaşmaq.

Tanımadığım Kəmaləddin tərəfindən göndərildiyi deyilən bu onurqırıcı tələbə boyun əyməyimin əsas səbəblərindən biri də bu oldu. Əks halda, təklifimə verilmiş onurqırıcı cavabdan sonra başımı kəssən, irəli sürülən tələblə razılaşmazdım. Qısası, şələ-şüləmi yığışdırıb qınıma çəkildim.

Mətbuatsız illərim isə xeyli uzun və məşəqqətli keçdi. Hətta tikintilərdə fəhləlik belə mənə çox görüldü. Çox gəzib dolaşdıqdan sonra ata sənətim diş texnikliyində qərar tutmalı oldum. Əvvəl bu işə müxtəlif diş texniklərinin yanında kuryerlikdən başladım. Tədricən, sənətin sirlərinə vaqif olduqca, özüm də ustalaşdım. Amma bir gözüm yenə də mətbuatda idi. Mətbuat ailəmində isə dəyişikliklər mənim gözləmədiyim istiqamətdə gedirdi. Tanımadığım Kəmaləddin bu sahədə də monopoliyalar yaradır, müxalif və müstəqil mətbuatdan qopardığı qələm sahiblərinin sayəsində media imperiyası yaradırdı. Mən isə qoparılan ilklərdən olmağıma baxmayaraq, unudulmuşdum.

Nəhayət, böyük iddialardan əl çəkdim

Amma məsələ bununla bitsəydi, dərd yarı idi. Mən başqa sahələrdə də tanımadığım Kəmaləddinlə qarşılaşırdım. Hardasa, 15 il sürən mətbuatsızlıq dönəmimdə təhsil aldığım Türkiyədən Azərbaycanda iş qurmaq təklifləri gəlirdi. Hansı işi araşdırırdımsa, ucu gedib monopoliyalara çıxırdı. Yəni tanımadığım Kəmaləddinin hökmünün keçdiyi sahələrə.

Nəhayət, mən də böyük iddialardan əl çəkdim. “Köhnə dostum başqa havanın çalınmasına imkan vermirsə, barı mən onun bəstələdiyi havalara oynayım” dedim. Türkiyəli bir iş adamıyla ölkənin müxtəlif yerlərində tanımadığım Kəmaləddinin tikdirdiyi fabrikalardan mal alıb satmağa qərar verdik. Əslində, buna yaxşı imkanımız da vardı. Çünki tərəf-müqabilim olan türk iş adamı uzun zamandan bəri Azərbaycanda işini qurmuş, lakin sonradan yerli istehsalı təşviq adıyla idxal malların qadağan olunmasıyla axsamağa başlamışdı. Yerli istehsal müəssisələri isə hər adama mal satmırdı. Əsasən, “Gilan” holdinq ətrafında birləşən bu zavodlardan mal ala biləcəyimə inanırdım. Çünki həmin müəssisələrin, demək olar ki, əksəriyyətini türk məzunları işlədirdi və mənim onların arasında az-çox hörmətim vardı.

İnsafən, təşəbbüsüm də onlar tərəfindən pis qarşılanmamışdı. Fəqət fövqəladə güc sahibi olan köhnə dostumun qurduğu iyerarxiyada əsas söz sahibinin onlar olmadığını, başına topladığı generalların bir-biriylə amansız mübarizəsinin bu müəssisələrin də işinə mənfi təsir göstərdiyini anladım. Anladım ki, qabiliyyəti solo musiqisi bəstələməyə çatan bəstəkarın qurduğu orkestrdə xor ifaları alınmır. Hər kəs öz səsinə və zövqünə uyğun oxuduğundan səs səsə qarışır, ahəng pozulurdu.

Yaxşı bəstəkarın yaxşı dirijor olmadığını ölkəmizin neft erasının bitdiyi, qeyri-neft mərhələsinin başladığı indiki dövrdə qarşılaşdığı problemlər də sübut edir. Sirr deyil ki, iri məmurlar arasında Kəmaləddin Heydərov yeganə şəxsiyyətdir ki, qazandığı pullarını xarici qaçırmayıb, ölkənin iqtisadiyyatına böyük investisiyalar qoyub. Məhz onun bu özəlliyi mənim tanıdığım Kamallığından irəli gəlir. Çünki Kamalın gənclik dövründə necə böyük yurd sevgisinə malik olduğuna şəxsən şahid olanlardan biriyəm. Odur ki, qurub yaratdığı sənaye obyektlərini görəndə, Kamalı Kəmaləddinə çevirməyi bacaran zəmanənin Kamallığı da tamamilə məhv etmədiyinə sevinirəm.

Bununla belə, köhnə “dostumun” böyük əzab-əziyyətlə qurduğu bu iqtisadi imperiyanın məhsullarının Biləcəridən o tərəfə keçməməsi, hətta Biləcəriyə qədər yerlərdə belə keyfiyyətinə görə yox, alternativsiz olduğuna görə satılması adamı üzür. Halbuki bu fabrik və zavodların nəinki öz bazarımızda alternativsizliyə ehtiyac duymadan, hətta qlobal bazarda belə başqalarıyla rəqabət etmək üçün hər cür şəraiti var. İstər sahibinin iqtisadi və siyasi gücü, istər müəssisələrin özlərinin maddi-texniki bazaları, istərsə də yerləşdiyimiz regional mühitin münbitliyi həmin müəssisələrin böyüməsinə geniş imkanlar açır.

Kəmaləddin çörəyi çörəkçiyə deyil, tanıdığına verir

Onların bu potensiallarını reallaşdırmamasının isə bir tək səbəbi var: Mənim tanımadığım Kəmaləddinin çörəyi çörəkçiyə deyil, tanıdığına verməsi. Fövqəlnazir həm də elə tanışları bəyənməyə üstünlük verir ki, onları tutduqları postlara gətirmək əsrin mözücəsi sayılır. Kəmaləddin Heydərovun bu möcüzəsevərliyinin nəticəsidir ki, dünənin baytarı və ya özünün şəxsi sürücüsü 50 yaşından sonra ali məktəb diplomu alıb generallığa yüksəlib. Və yaxud deyilənlərə görə, bu xeyrxah adam əlindən heç bir gəlməyənləri 6 ay iş vaxtının sonuna qədər masada oturmaq qabiliyyətini yoxladıqdan sonra onlara diplom və yaxşı vəzifə verməyi bacaracaq gücdədir. Bir sözlə, köhnə dostum heç nədən hər şey düzəldə biləcək gücdədir.

Belə anlaşılmasın ki, bu sözləri deyərkən, niyə özümün kənarda qaldığıma üsyan edirəm. Qətiyyən belə deyil. Əvvəl bəlkə də bu hisslər qəlbimdən keçə bilərdi. Amma sonra onun ətrafına topladığı adamların xarakterini gördükcə, kənarda qalmağımın mənə verilən ən yüksək qiymət olduğunu anladım və buna görə də tanımadığım Kəmaləddinə minnət borcum var. Həqiqətən də, yalnız buna görə, bu fəvqəladə adamdan incimək yersiz olardı. Axı o, heç nədən nəsə düzəltməyi bacarır. Məntiqlə sən də gərək heç nə olasan ki, fövqəlgüc səndən nəsə ortaya çıxara bilsin.

Bu mənada mən tanımadığım Kəmaləddini tanıdığım Kamaldan daha çox tanıyıram. Və onun bu iki insanın əslində bir-birinin davamı və ya əvvəli olduğuna əminliyimin də üzərindən xeyli zaman keçir. Bu əminliyim mərhum müəllimim Asıf Kələntərlinin oğlunun toyunda – haradasa 10 il bundan əvvəl baş verdi.

Həmin toya ikimiz də dəvət olunmuşduq. Mən, səhv etmirəmsə, “Neptun” şadlıq evinin foyesində Asif müəllimlə söhbət edərkən, Kəmaləddin Heydərov içəriyə daxil oldu. Toy içtirakçılarının hamısı bu adamın qabağına qaçıb əlini sıxmaq şərəfi yaşamaq yarışına girişdilər. Mən isə bir kənarda dayanıb siqaretimi tüstülətməklə məşğul idim. Yanımdan ayrılan rəhmətlik Asif müəllim oğlunun toyuna təşrif buyuran bu izzətli qonağını qarşıladıqdan sonra mənə tərəf gəldi. Sual dolu nəzərlərlə üzümə baxıb soruşdu:

– Niyə Kamalla görüşmədin?

Gözüm Kamalı axtara-axtara “hardadır?”- dedim. Asif müəllim başıyla Kəmaləddini göstərdi. O an xəyallarım çilik-çilik olub yerə töküldü. Öz-özümə pıçıldadım: “Xeyr. O, mənim tanımadığım Kəmaləddindir”.

Baxmayaraq ki, mən BMT, o isə müstəqilliyini yenicə elan edib tanınmağa ehtiyac duyan dövlət olmasa belə, mən onu tanımırdım!

Tanıdığım Kamalla tanımadığım Kəmaləddin arasındakı xarakteristik fərqlər barədə növbəti yazımda tanış ola bilərsiniz.

xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Əsil incəsənətdən, əsil musiqidən bəhz olunan aləmdə heç kimin tanımadığı KAMAL: Başda Üzeyir Hacıbəyov sonra barmaqla sayılam 5-10 nəfərdən sonra təkəbbürlə adının qarşısında “bəstəlar” kəlməsi yazılanlar bir anlığa Üzeyir Hacıbəyova nəzər salsalar yaxşı olar.

    DOĞRUSU İNDİ AFİŞALARDA ÖZ ADIMI OXUYANDA UTANIRAM
    Q.Məmmədli “Üzeyir Hacşbəyov səh.346 aş: 4-5 sətirlər
    Hansı qorxu, hansı təlaş, səhsəkə 1918-ci ildə Ü.Hzcıbəyovu bu sözləri deməyə məcbur etmişdir
    AZƏRBAYCAN MUĞAMLARININ – FÜZULİ DÜHASININ SİRRİN MƏN BERMUD ÜÇBUCAĞI SİRRİLƏ MÜQAYİSƏ EDƏRDİM ONLARI QOVUŞDURUB BU VAXTA QƏDƏR XALQININ TANIMADIĞI, AVROPADA İSƏ “OPERA” DEYİLƏN MUSİQİ JANRINDA BİRLƏŞDİRMƏK — MƏQSƏDİ İBTİDAİ MƏKTƏB MÜƏLLİMİ YETİRƏN, PRİMİTİV MUZİQİ ANLAYIŞI VERƏN QORİ SEMNARİYASI MƏZUNU ÜÇÜN DÜNYANI MƏHVƏRİNDƏN OYNATMAQ GÜCÜ ƏLDƏ ETMƏK KİMİDİR. Dahi Üzeyir Hacıbəyov sağlığından çox, indi məzardan baş qaldırıb xalqına xidmət edir. İndi O, yüzlərin, minlərin əlin çörəyə yetirib. Akademikliyə, professorluğa, ordenlo medallıların sayı-hesabı tükənməzdir Haqqında söz deyən kitab bağlayan radio-televiziyala jurnalistlərini məşurlaşması onları qonorqr sahibİ etməsi əsil xeyirxahlıqdır
    BELƏ ÖLÜM ÇOXLARININ DİRİLİYİNDƏN ŞƏRƏFLİDİR Qoy Kamal incəsənətin qara fəhləsi ola bilməsədə barı xalqına Üzeyir səxavəti gıstərsin !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button