Tanınmış bəstəkar Elza İbrahimova son mənzilə yola salındı

11.02.2012 
Fevralın 11-də tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elza İbrahimova son mənzilə yola salındı.
Elza İbrahimovanın həmkarları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun bənzərsiz yaradıcılığının pərəstişkarları axın-axın İncəsənət Gimnaziyasının binasına gələrək, görkəmli sənətkara son borclarını veriblər.
Matəm mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi və Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov çıxış edərək Elza İbrahimovanın mənalı ömür yolu və zəngin yaradıcılığından danışıblar.

Böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsil alan Elza İbrahimova hələ tələbəlik illərindən gözəl bəstələrilə özünü tanıda bilib. Onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları daim öz orijinallığı ilə yaddaşlara həkk olunub. E.İbrahimovanın müxtəlif illərdə bəstələdiyi və korifey sənətkarlarımızın repertuarında xüsusi yer tutan mahnıları müəllifinə daim ölkəyə şöhrət gətirib.

Elza İbrahimova  musiqiçi kadrların hazırlanmasında böyük əmək sərf edib. Onun musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətləri həmişə yüksək qiymətləndirilıb. O, Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.

Mərhumun ailəsi adından çıxış edən qardaşı Çingiz İbrahimov bəstəkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirıb.
Böyük sənətkarın cənazəsi Fəxri xiyabanda torpağa tapşırılıb.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button