Tanınmış vəkildən açıqlama: “Prokurorluqdakı başlar hər kəsi hüquqla, ümumbəşəri prinsiplərlə ittiham etməlidirlər”

Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilmiş iclasında, Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb. Milli Məclisin qərarı ilə Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib. Eldəniz Səlimov, Kürdəxanı təcridxanasına yerləşdirilib. Bunu, Modern.az-a deputatın hüquqlarını müdafiə edən vəkillərdən biri deyib. Məlumata görə, hazırda Səlimovun səhhətində hər hansı problem yoxdur, özünü normal hiss edir.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında, deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə, Daxili İşlər Nazirliyindən daxil olmuş material, Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Tanınmış vəkil Elçin Sadığov, deputata qarşı 309.2 maddəsi ilə cinayət işi başlanmasını qanunsuz hesab edib. O, öz facebook səhifəsində belə yazıb: “Prokurorluğun, keçmiş deputat Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2. Maddəsi ilə cinayət işi başlaması və onu təqsirləndirilən şəxs qismində cəlb etməsi tam olaraq əsassız və qanunsuzdur. Belə ki, Cİnayət Məcəlləsinin 309-cu maddəsində göstərilir:

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

 309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hələ də Femida və hüquq üçün çox qaranlıqdır ki, gecə saat 12-dən sonra restoranda deputatın hansı səlahiyyəti olub və o hansı səlahiyyət həddini açıq-aşkar kənara çıxan hərəkətə yol verib?

Qeyd edilməlidir ki, zorakılıqla bağlı həddi o zaman aşmaq olar ki, vəzifəli şəxsin zorakılıqla bağlı hər hansı bir səlahiyyəti olsun və o səlahiyyəti açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol verilsin. Hazırda deputatın malik olduğu səlahiyyətlər arasında, hər hansı bir fiziki zor tətbiq etmək səlahiyyəti olmadığı üçün, onun əməli, Cinayət Məcəlləsinin 309.2. maddəsi ilə tövsif oluna bilməz.

Prokurorluğun mövqeyindən belə çıxır ki, CM-nin 308-ci maddəsinin qeydində göstərilmiş vəzifəli şəxssənsə, sən adi cinayət törədə bilməzsən, 24 saat vəzifəli şəxssən. Bu, absurddur. Halbuki hamı qanun qarşısında bərabərdir. Prokurorluqdakı başlar da hər kəsi hüquqla, ümumbəşəri prinsiplərlə ittiham etməlidirlər.

P.S. Mən bu statusu, depuatı müdafiə etmək üçün yox, hamının qanun qarşısında bərabərliyinin, hüququn aliliyinin təmin olunması üçün yazmışam.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button