TANRI ONLARI SEÇDİ!

İyun ayının 27-də «Divani-Hikmət» Mədəni Məclisində Sevgililər Günü münasibətilə özəl bir ziyalı məclisi keçirildi. Bu tədbirin baş tutması İctimai Televiziyanın əməkdaşı Kamil Nehrəmlinin və dəyərli sənətkarımız Şəmistan Əlizamanlının xidmətləri sayəsində mümkün oldu. Onlar «Xural»ın bütün tədbirləri ləğv etdiyi xəbərini dərin ağrı ilə qarşılamış, özləri başqa bir məclis təşkil etmişdilər. Təbii ki, bütün tədbirlərdə olduğu kimi, bu tədbir də Əziz Şəhidimiz İlham Allahverdiyevin qardaşı Elxanın sayəsində həyata vəsiqə qazandı. «Xural» bu il obyektiv səbəblərdən əsas Şöləni təxirə salsa da, «İlham-Fərizəm lay-lay» adlanan disk hazırlamışdı və 27 iyun tarixində həm də fürsətdən istifadə edərək o diskin təqdimatını keçirməyi qərarlaşdırdıq. Yaxşı da alındı. Respublikanın əməkdar artisti Ağalar Bayramovun timsalında biz həmdə Əziz Şəhidlərimizin xatirəsinə və Sevgililər Gününü şəninə hazırladığımız bu möhtəşəm diski təqdim etdik.

«Xural» Oxucularının marağını və Sevgililər Gününün tarixini nəzərə alaraq tədbirdən geniş yazını diqqətinizə təqdim edirik. Tədbiri aparır Şəmistan Əlizamanlı.

 

Sevgililər Günü üçün diskdə 9 mahnı, 30 şeir yer alıb!

Ağalar Bayramov

Respublikanın Əməkdar artisti:

– Əziz dostlar, bu disk mənim həyatımda sayca 16, 17-ci diskdir. Amma bu disk çox mühüm əhəmiyyət daşıyır mənim üçün. Çox fikirləşdim, çox götür-qoy etdim. Allahın mənə verdiyi o qüdrətdən, ilahi səsdən düzgün istifadə etmədiyimi anladım. Bu neçə illərə kimi boş sözlərin ardınca getmişəm. Amma keçən ilin dekabr ayında Əvəz bəyin, o gözəl insanın, vətəndaşın, Azərbaycana gərəkli oğulun təşəbbüsü ilə və onun sayəsində «Nə yatmısan, qoca vulkan, Səninləyəm!» adlı bir disk buraxdıq. Sırf vətənpərvərlik mövzusunda. Məmməd Arazdan tutmuş Mehmet Akif Ersoya kimi şairlərin şeirləri bu diskdə bir araya gəldi. Bu il isə «30 İyun – Sevgililər Günü»nə həsr olunmuş diskdə İmadəddin Nəsiminin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Heyran xınımın, Ramiz Rövşənin, Musa Yaqubun, Tofiq Bayramın, Şahmar Əkbərzadənin, Məcnun Göyçəlinin, Hüseyn Əsgəroğlunun, Əjdər Olun, Böyükxan Pərvizin, Ələmdar Quluzadənin və bayaq dinlədimiz rəhmədlik Sabir Almazovun şeirləri ilə bərabər, 9 mahnıdan istifadə olunub. O mahnıların üçü Flora xanım Kərimovanın, Rübabə Muradovanın demək olar ki hər gün dinlədiyim «Gəl bizə yar» mahnısı, Aygünün Bayramovanın ifasında «Qal sənə qurban» şur-təsnifi və şeirə uyğun olaraq Ağadadaş Ağayevin ifasında Xəlil Rza Ulutürkün sözlərinə yazılmış «Gəldin» qəzəlinə bəstələnmiş mahnı və Günay balamızın Ramiz Mirişlinin və Süleyman Rüstəmovun «Yandım elə yandım» mahnısıdır. Bu diskdə 9 mahnı 30 şeir yer alıb. Bu disk mənim həyatımda çox önəmli yerlərdən birini tutur və bu gün həm də bu diskin təqdimat mərasimidir. Alman filosofu Kant deyirdi ki, «Musiqi insana ləzzət verir, amma əsl poeziya həm ləzzət verir, həm də tərbiyələndirir» O baxımdan hesab edirəm ki, bu gün həm də sözün bayramıdır. Biz o ilahi sevginin, o sevgi haqqında deyilən sözün başına yığışmışıq.

Yaşın üstünə yaş gəldikcə, bir şey artıq əl çatmaz olanda, daha çox şirin olur. Fikir vermisinizmi, gün qüruba qalxanda odu-alovu daha çox adamı yandıırır. Sevgi də belədir. Mən əminəm ki, 17-20 yaşı olan cavanlar sevginin qədrini o qədər də anlamırlar. Boş yerə demirlər ki, elə Balzak da deyir ki, qadınlar 30 yaşından sonra daha çox həyatı anlayırlar. Mən bu gün Bəxtiyar Vahabzadənin bir şeirini demək istəyirəm. Bayaq Əvəz bəy dedi ki, deputatlarımız sevgidən danışmağa utanırlar, bu şeir həmin sözlərdən ilhamlanaraq deyilir. Bəxtiyar Vahabzadənin dərslərinin birində bir gənc qız tələbəsi ona sual verir ki, «Qocalanda sevmək olar?» O başını bulayıb, həmin qıza şeirlə cavab verir:

Sən hardan biləsən, nə çəkirəm mən,

Payızam, ay ömrünün ilk baharlısı.

Sən hardan biləsən, nədən biləsən,

Yoxdur bu dünyada səndən varlısı.

 

Dumantək dağlara çəkilən mənəm,

Budaqlar üstündə quştək uçan sən.

Payızda yarpağı tökülən mənəm,

Ömrün yaz çağında çiçəklənən sən.

 

İllərim xərclənmiş, ömrüm gödəlmiş,

Sənin yol gedəsi çox illərin var.

Mənim ürəyimdə baş-başa gəlmiş,

Kövrək duyğulardan nə xəbərin var?

 

Sən hardan biləsən sevda anları,

Qənimət payıdır, tükənən ömrün.

Sısqa bir bulağın son damcıları,

Daha şirin olur, təknələr üçün.

 

Sən hardan biləsən, axşam şöləsi,

Niyə aynaları alovlandırır?

Sən hardan biləsən, bülbülün səsi,

Nİyə son baharda ürək yandıdırır.

 

Yatır zaman-zaman vaxtın qiyməti,

Arzu min həvəsdə, ürək təlaşda.

Sən hardan biləsən gözün ləzzəti,

Qəlbin ağrısına dözür bu yaşda.

 

Sevgi yaş tanımır, qəlbi yandırır,

Sevərək yaşasan, yaş düşməz yada.

Sevən doxsanında hələ cavandır,

Sevməyən qocadır, otuzunda da…

Fərizə öz sevgisini yaşatmağı bacardı!

Sərtib İslamoğlu

«Vedibasar» qəzetinin təsisçisi və baş redaktoru:

– Ağalar müəllim məclisin ovqatını dəyişdi. Mən bir qədər şənlik gətirmək istərdim. 30 İyun – Sevgililər Gününün qeyd olunmasını müstəqilliyimizin ikinci dəfə bərpasından sonra Azərbaycan mədəniyyətinin tarixinə salınması zəruri olan əlamətdar günlərdən biri hesab edirəm. Bu günü tarixə çevirən Əvəz qardaşımızdır. Əvəz bəy, necə ki, bəşəriyyətin tarixi var, Azərbaycan xalqı yaşayacaq, Azərbaycan xalqı varsa, onun mədəniyyəti də yaşayacaq. Bu mədəniyyət içərisində əbədi yaşayacaq sizin də bir töhfəniz var. Siz bu töhfə ilə hər zaman bu millətin ruhunda, yaddaşında yaşayacaqsınız. Mən sizi alqışlayıram, yazar qardaşım.

Bu yaxınlarda televiziya vasitəsilə türk qardaşlarımızın bir verilişini izləyirdim. Orada yaddaşıma həkk olunan 1-2 ifadə qaldı. Dedilər ki, əsl sevən sevgisini yaşatmağı bacarandır. Həqiqətən də Fərizə balamız, bacımız öz sevgisini yaşatmağı bacardı. Dünyanın ən zəngin insanları bu dünyada könülləri fəth etməyi bacaranlardır. Həqiqətən də İlhamla Fərizə bir gün içərisində milyonlarla soydaşımızın ürəyini fəth elədi. Həmin günü mücadiləyə qalxan, sinəsini düşmən gülləsinə sipər edən övladlarımız çox oldu. İlham onlardan biri idi. Onu bu yoldan heç kim heç cür saxlaya bilməzdi. Çünki onun damarlarında axan qan düşmənə olan nifrət və qəzəbi bu addımı atmağı tələb edirdi. Düşünürəm ki, İlham bu yolla yox, başqa yollarla dünyasını dəyişə bilərdi. Görəsən, həmin anda Fərizə yenədəmi onun uğrunda özünü şəhid edərdi? Bu sualın cavabını tapmaqda çətinlik çəksəm də, nəhayətində tapdım. Fərizənin bu addımı atmasının səbəbi İlhamın öz həyatını Vətən yolunda, azadlıq və müstəqilliyimiz yolunda qurban verməsi idi. İlham ürəyində Vətəninə olan məhəbbətlə, sevgi ilə tankın üzərinə yerimişdi. İlham bu hərəkəti ilə artıq Tanrının ən yüksək səviyyəsinə qədər qalxmışdı. Fərizə özünü sevgisinə fəda etdi. Bətnində İlhamın əmanətinin olmasına baxmayaraq… Çünki İlham yüksəkdə durduğundan o Yerdə qala bilməzdi. O da İlhama çatmalı idi. Çatdı da. Öz müqəddəs sevgisi ilə bu məsafəni qət etdi. İlham və Fərizə dastanını yaratdı. Onlar haqda poemalar yazılıb, əsərlər yazılıb, kitablar dərc olunub, verilişlər, disklər hazırlanıb. Azərbaycan ədəbiyyatı tarixində məhəbbət dastanları çoxdur. Onların hamısını fərqləndirən bir cəhət var. İlhamla Fərizəyə qədər olan məhəbbət dastanı qəhrəmanları bir-birilərinə qovuşmayıblar, həsrətlə ölüblər. İlhamla Fərizə isə bir-birilərinə qovuşub, ailə qurublar. Əgər bu hadisə olmasaydı, onların övladları dünyaya gələcəkdi.

 

Qarabağ türklərin olacaq!

 

İslam Yakut

Türkiyənin «Anadolu» Agentliyinin Azərbaycan təmsilçisi:

– İki ildən artıqdır ki, Azərbaycanda yaşayıram. Azərbaycanı sevirəm. Gəlmədən öncə də sevirdim, indi də sevirəm. Azərbaycan bağımsızlığını qazanan gündən 20 il keçir. O, müstəqilliyini İlham kimi oğullarımızın sayəsində qazandı. İnanıram ki, bu gün olmasa da, bir qədər sonra Qarabağ türklərin olacaq və o zaman azadlıq mücahidlərinin də ruhu şad olacaq. Mən buna çox inanıram.  Mövcud yapı içərisində bu gün əlçatmaz görünən bəzi şeylər bir müddət sonra real olur. Bir vaxtlar Türkiyədə desəydilər ki, Azərbaycan müstəqilliyinə qovuşacaq, buna bir çoxları gülərdi, amma bu gün Azərbaycan müstəqil dövlətdir. Tək Azərbaycan deyil, bütün türkdilli dövlətlərin əksəriyyəti öz müstəqilliklərini əldə ediblər. Onlar artıq müstəqil qərar verə bilirlər. Mən o baxımdan canı-könüldən inanıram ki, Qarabağ bir vaxt yenidən Azərbaycanın, türk millətinin olacaq. Bu gün «Sevgililər Günü» olduğu üçün çox sevdiyimi bir şeiri oxumaq istəyirəm və onu İlhamla Fərizəyə ərməğan edirəm:

 

Ruhun atəş, yoxsa bu könülmü aləvdən,

Bilməm bu yanardağ nə biçim korla tutuşdu.

Pərvanə olan kəndini gizlərmi aləvdən,

Sən istədin, bu könül zorla tutuşdu.

 

30 İyunəsrlər boyu yaşayacaq bir gündür!

 

Kamil Nehrəmli

İTVnin əməkdaşı:

– Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt mənim gülüm, qayıt bu yerə.

Ey mənim istəyim, nə gəlməz oldun?

 

Arzular, ümidlər pərən-pərəndir,

Qəlbə təsəllidir, xatirələrin.

Bir halımı soruş, könlümü dindir,

Axşamlar yadıma düşür səhərin.

 

Qayıt mənim gülüm, yerbəyer eylə,

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca, küçələri sən.

 

Qayıt, yerinə qoy, ayı, günəşi,

Yenə olduğu tək görüm həyatı.

Qayıt gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal, bu kainatı.

 

Bütün insanlara sevgi dolu günlər arzu edirəm və qeyd etdiyimiz «30 İyun – Sevgililər Günü» iki gəncin məhəbbətinin təntənəsidir. Heç bir millətə, heç bir xalqa mənsub olmayan dəyərləri özündə daşayan bu iki gəncin yaratdığı bu müqəddəs gün əsrlər boyu yaşayacaq bir gündür. Əvəz bəyə hər şeyə görə təşəkkürümü bildirirəm. Biz bu günü məhz İlham özünü tankın altına atdığı üçün qazanmışıq. Türk oğlu türk hər zaman at belində, hər zaman Vətəni uğrunda canını fəda etməyə hazır olub. Amma bu günü məhz «Sevgililər Günü»nə çevirən bir xanım var – Fərizə xanım. Bu gözəl xanım həyat yoldaşından sonra onun üçün başqa bir həyatın olmadığını sübut elədi. Başqa millətlər üçün bu hadisənin özü qəribə görünür, onlar bunu bəlkə hələlik anlamırlar. Amma türk mentalitetində İlham və Fərizələr çoxdur. Bu cür insanlardır bu milləti minillər boyu yaşadan. Bu günün qeyd olunması, bu millət üçün ən əlamətdar hadisələrdən biridir. Bəli, bu gənclər əhdə vəfadar olmağı, ən çətin məqamlarda belə bir-birini yalnız qoymamağın nə olduğunu digər millətlərə başa saldılar. Bizim türk qadınlarımız  tarixdən də məlumdur ki, ən çətin məqamlarda döyüşçü paltarı geyinib, ər kişilərilə bir yerdə döyüşlərə gediblər. Onlarla birgə döyüşüb, birgə qan töküblər. Fərizə də o xanımlarımızın qanını daşıyırdı. O, rus tanklarının üstünə əli yalın getməsə də, İlhamla bir yerdə döyüşdüyünü sübuta yetirdi. Doğrudan da əsl sevgidə qəlblər bir-birindən ayrı dura bilməz. Buna oxşar hadisələrdən birini də bu gün xatırlatmaq istəyirəm. Məclisimizdə Arzu Kazımqızı da iştirak edir. O da Fərizə kimi eyni taleyi yaşamış bir türk qadınıdır. Onun həyat yoldaşı Yusif Vəliyev hərbi təyyarəçi olub. O, 90-cı illərdə Qarabağda gedən döyüşlər zamanı təyyarəsində həlak olub. Etdiyi şücaətin müqabilində ona büst qoyulub, ad verilib. Arzu xanım hələ gənc yaşlarından şair olsa da, həyat yoldaşını itirəndən sonra onun «Tənha Qu quşu» adlı kitabı nəşr olundu. Bilirsiniz ki, Qu quşu öz yarını itirəndən sonra sonuncu nəğməsini oxuyub özünü daşa-qayaya çırparaq məhv edir. Bəlkə də bunu deməməliyəm. Amma həmin hadisədən sonra Arzu xanım iki dəfə intihar etsə də, onu xilas etmək mümkün olub və o, yenidən həyata qayıdıb. O vaxt onun üç aylıq körpəsi olduğu üçün, həyata başqa bir bağı olduğu üçün bu məsuliyyəti dərk edərək yenidən yaşamağa qərar verib. Arzu Kazımqızı bu gün sevgi nəğmələrindən bir neçəsini deyəcək.

 

Öp qızım heykəli, sarıl boynuna!

Arzu Kazımqızı

Şəhid Yusif Vəliyevin həyat yoldaşı:

– Mən bütün sevənlərə İlham və Fərizə məhəbbəti, sədaqəti və etibarı arzu dirəm. Amma onların taleyini yaşamamalarını arzulayıram:

 

Sənə yol gəlmişəm, görüşmək üçün,

Yollara saldığın iz ilə gəldim.

Gələndə vüsalın tutub əlindən,

Öləndə həsrətin özüylə gəldim.

 

Soyuq taleyimiz yaranıb qışdan,

Sənsizlik ağlımı alıbdır başdan,

Sənə yol gəlməyə durub o başdan,

Sinəmə basdığın köz ilə gəldim.

 

Röyalı gəlişim deyildir əbəs,

Gəldim ki, səsimə bəlkə verdin səs,

Bu yerlər mənimçün əziz, müqəddəs,

Bura ziyarətə biz ilə gəldim.

 

Başqa bir şeirim:

 

Bəri gəl, can bala, öp bu heykəli,

O sənin atandır, daşlaşıb burda.

Daş olub gözlərdə, qəlblərdə isə,

Yüksəlib yenilməz ulu dağ boyda.

 

Öp qızım heykəli, sarıl boynuna,

Qızdırsın qoy səni soyuq daş boynu.

İsin bu soyuqdan, bil ki, ay bala,

Daşlaşmış heykəldir, mərdliyin sonu.

 

Gəlib məzarımı boyama aha,

Yolum açıq deyil, mən durub gəlim.

Bağrın göynəyəndə sığın Allaha,

Qoy rahat uyuyum, rahat dincəlim.

 

Gəlib məzarıma düzmə gül-çiçək,

Ömrünü, gününü bürümə yasa.

Mən gələn yollardan gözlərini çək,

Körpə ürəyinə daş basa-basa…

 

Ağlayıb islatma sinə daşımı,

Nəm çəkər otağım, yaşına dönüm.

Əlimdə deyil ki, hər «ah» çəkəndə,

Durub milyon dəfə başına dönüm.

 

Torpaq nalə çəkər, açar bağrını,

Orda doğma yatar, yad yatar, bala.

Gəlib qızışdırma buz yatağımı,

Ana məzarıdır, od tutar, bala.

Ana məzarıdır, od tutar, bala.

 

Tanrı onları seçdi

 

Akif Nağı:

Qarabağ Azadlıq Təşkilatının sədri:

 

– Bu gözəl günə görə təşkilatçılara təşəkkür edirəm. Əvəz bəyin bu işdə xidməti çox böyükdür. Əvəz bəy konkret bir hadisəni milli ideyaya çevirməklə bu millətə, bu xalqa dəyərli bir gün ərməğan etdi. O, bu yolda çox əziyyət çəkib. Əvəz bəyə və onun əqidə yoldaşlarına təşəkkür edirəm. Elxan bəyə də təşəkkür edirəm. O da artıq bilir ki, bu hadisə artıq onun qardaşı səviyyəsindən çıxaraq ümummilli bir hadisəyə çevrilib. Qohumların yad olunması, qohumların yaddaşlarda qalması üçün xidmət etmir o. Bu gün artıq bu millətə xidmət etmək üçün yaradılıb. Ona görə də bu yolda yorulmadan çalışır. Mən hesab edirəm ki, Elxan bəyin də zəhmətləri öz bəhrələrini verir. Əvəz bəy, bir daha sizə öz təşəkkümü bildirirəm. Əvəz bəy hər il bizi bu tədbirlərə dəvət edir. Bəzən mənə irad da tuturlar ki, bu sevgi məclisidir və bizim təşkilatla da heç bir bağlılığı yoxdur, biz mübarizələr içində yaşayan bir təşkilatıq, nəsə sevgi ilə uyğun gəlmir. Amma sizə deyim ki, biz Azərbaycanı da, Qarabağı da sevgi ilə alacağıq. Vətənə sevgi ilə… Yaxın dostlardan biri dedi ki, biz Qarabağı ermənilərdən daha çox sevdiyimizi sübut eləməliyik. Ermənilər bu gün bizi ona görə üstələyirlər ki, onlar Qarabağı türklərdən daha çox istəyirlər. Nə qədər acı olsa da, mən bunu deməliyəm. Biz müxtəlif məclislər keçirib, ürəyimizi boşalda bilsək də, hələlik lazım olan sevgini göstərə bilmirik. İnşallah, bu məsələ artıq fərdlər səviyyəsindən çıxıb, millət səviyyəsində Qarabağa olan sevgimizi göstərib, onu sübut edəndə, torpaqlarımız işğaldan azad olunacaq. Mən hər birimizin qəlbində o sevginin güclənməsini və həqiqi bir gücə çevrilməsini arzu edirəm. İlhamla Fərizənin hadisəsinə bir başqa yöndən də baxmalıyıq. Bayaq Əvəz bəy qeyd etdi, biz bütün dünya dövlətləri, dünya millətləri içərisində özümüzə layiq olan yeri tutmaq uğrunda mücadilə aparırıq. Mən əminəm ki, millətlərin, dövlətlərin içərisində hələ bizim imzamız yoxdur. O vaxtlar ürək ağrısı ilə Məhəmməd Hadi deyirdi bunu. Biz o vaxt imzamızı ata biləcəyik ki, ayağa qalxıb, müharibəmizi başlayaq, torpağımızı işğaldan azad edək və qalibiyyət göstərib, qaliblər arasında imzamızı ataq. Qarabağ müharibəsində bizim qələbəmiz mili dəyərlərimizə, millətçiliyimizə bağlıdır. Bir daha qeyd edirəm ki, bu istiqamətdə müəyyən işlər görülür, xərc də çəkilir. Azərbaycan cəmiyyətini Avropanın, Qərbin müxətlif ölkələrinə oxşar bir cəmiyyətə çevirmək istəyirlər. Dünya millətləri içərisində yer tutmaq üçün onların yolu ilə getmək, onları təlqin etmək düzgün deyil, hətta səhv addımdır. Bu addımı atmaq millətimiz üçün yaxşı nəticəni verməyəcək. Bizim özümüzə məxsus yerimiz olmalıdır. Bu yer də mili dəyərlərimizin saxlanılması və inkişafı ilə bağlıdır. Bu gün hansısa Valentin gününü və ya ona oxşar hansısa digər xətləri, ideologiyaları Azərbaycan cəmiyyətinə gətirib, qalib gətirəcəklərsə, biz həmin o milli dəyərləri olan, özünün mədəniyyəti, tarixi olan millət olmayacağıq. Qonşu, qardaş Türkiyədə Atalar, Analar, Çocuqlar günü var. Bunlar təsadüfi bayramlar deyil. Bu millətin özünə tapınması günləridir. Ona görə də mən «Sevgililər Günü»nün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamaq istəyirəm ki, Əvəz bəyin, Elxan bəyin, onların digər dostlarının səyi nəticəsində bu gün ölkəmizə yad ideologiyaların gətirilməsinə mane olur. Ölkəmizə gətirilən bütün yad mədəniyyətlər yad ideoloqların məhsullarıdır və onlar tədricən millətimizi də yadlaşdırmaq, özlərinə çevirmək planlarını həyata keçirirlər. Qəti olaraq buna imkan vermək olmaz. Mən inanıram ki, bu bayram türk millətinin ictimai fikrində də xüsusi yerini tutacaq və böyük bir hadisəyə çevriləcək. Şükür olsun ki, artıq biz düzgün yoldayıq. 9 il bundan əvvəl bu günü qəbul etməyənlər, artıq bu günün dəyərindən danışırlar. Əvəz bəydən xəbərsiz müxtəlif auditoriyalarda bu bayramla bağlı tədbirlər keçirilir. Artıq özümüzə məxsus bu ideologiya millətimizin ictimai fikrinə daxil olub. Mən istərdim Ki, bu günün əhəmiyyətinə məhz o baxımdan da yanaşaq. Fərizə və İlhamın qəhrəmanlığını bəlkə millətimizin başqa üzvləri də təkrarlayıblar və bundan xəbərimiz yoxdur. Leyli və Məcnunun yaşadığı dövrdə onların etdiyi hərəkətləri başqaları da edirdilər. Amma Tanrı onları seçib. Yüzlərlə belə nümunənin olmasına baxmayaraq, onlar Tanrının seçimidirlər və mən inanıram ki, bu, təsadüfi baş verməyib. Onların içində hər şeylə yanaşı, Allah sevgisi də olduğu üçün Tanrı onları seçib, onların üzərində dayanıb. O baxımdan, onlar millətimiz üçün bir simvola çevrilməlidirlər. Burada söhbət ondan gedir ki, konkret bu hadisə həm də milli ideologiyamıza, milli dəyərlərimizə xidmət göstərəcək, yad mədəniyyətlərin qarşısına sipər çəkəcək. Mən hər birimizə – millətimizə, Vətənimizə, torpağımıza böyük sevgi arzulayıram. Bu sevgi heç bir zaman əsirgənməsin, əksinə, hər zaman arta-arta getsin.

 

Bütün uğursuzluqlarda günahkar Azərbaycan kişiləridir

 

Vahid Əziz

Şair:

– Əziz dostlar, bir məsələyə toxunmaq istəyirəm. Mənə elə gəlir ki, Azərbaycanın, Azərbaycan torpaqlarının, Azərbaycan xalqının uğursuzluqlarında günahkar Azərbaycan kişiləridir. Azərbaycan xalqının bu gün də yaşamasında, onun bir millət kimi var olmasında əsl səbəbkar Azərbaycan qadınlarıdır. Nəyə görə? Mən şeirlərimin birində də yazmışdım ki:

 

Yıxdı komamızı şorgöz kişilər,

Kirvəlik nə «gözəl» girəvə imiş.

 

Azərbaycan xalqının bu günə düşməsində kişilərin günahı ondadır ki, Azərbaycan kişiləri qana baxmadı – iti, qurdu, Haykanuşu, Siranuşu gətirib evinin baş taxtına çıxardı, «saraylar xanımı» elədi. Amma Azərbaycan qadınının böyüklüyü ondadır ki, dünyanın digər millətlərinin qadınlarından fərqli olaraq, başqa millətlərlə evlənmədi. Əgər Azərbaycan qadını da Azərbaycan kişiləri kimi bu məsələdə ipi boşluq göstərsəydi, azərbaycanlılar bir millət olaraq məhv olardı. Şavrova adlı bir tatar qızı «Novaya uqroza po russkomu delu Zakafqazii» kitabında yazır ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1890-cı ilə qədər Azərbaycan ərazisinə 2 milyon 750 min yadelli köçürülüb. Onların 1 milyon 200 mini erməni, 70 mini kürd, 70 mini yunan, 80 mini alman və s. olub. Bilirsiniz ki, ermənilər Azərbaycanın qərbinə köçürülüb. Ermənistan sonradan onların sayəsində yaranıb. Avropa millətləri də Azərbaycanın Gəncəbasar mahalına köçürülüb. Yəni demək istədiyim odur ki, o vaxt Azərbaycanın yerli əhalisi 1 milyon 700 min nəfər idi. Azərbaycana öz millətindən 2 dəfə çox yad millətlər köçdürüldü və bu da xüsusi bir siyasət idi. Biz türk olaraq niyə yaşadıq? Çünki Azərbaycan qadını millətimizi qorudu. Azərbaycan qadınlarının ləyaqəti, qeyrəti, başqa millətlərlə ünsiyyətə girməmə iradəsi bizi qorudu. Bu gün Fərizədən danışırıq. Onun həyatı və sonunda çıxardığı qərar artıq hər şeydən xəbər verir. Mənə elə gəlir ki, burada söhbət tək sevgidən getmir, həm də bizim gözlə görmədiyimiz, əllə duymadığımız dəyərlərdən gedir. Məhəbbət odur ki, insan sevdiyi adam olmadan yaşamaq istəmir. Fərizə də gələcək həyatını İlhamsız təsəvvür edə bilmədi. Əvəz, mən sənə minnətdaram. «30 İyun – Sevgililər Günü» əslində Azərbaycan qadınının böyüklüyünü göstərən bir gündür. Mən istərdim ki, bizim hər birimiz Azərbaycan qadınlarının qarşısında baş əyək. Sağ olun ki, siz varsınız!

Sonu gələn sayımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button