Tarix sizi mühakimə edəcək!

Əvəz Zeynallı

 Bu ölkədə heç kim özünü əlahiddə hesab edə bilməz. Heç kim özünü xüsusiləşdirilmiş zümrə kimi hamının başının üzərinə çıxarda bilməz. Heç bir mətbu qurum, ya da şəbəkənin özünü qanunlardan yuxarı tutması halı baş verə bilməz. Versə, nə olur? İndiki durum olur! Dövlət Mətbuat Şurasının başımıza açdığı oyun olur. Belə çıxır ki, bunlara mərdi qova-qova namərd etmək tapşırığı verilib. Hamısı xorla başlayıblar təxribata. Öz gözlərindəki tiri görmürlər, başqa gözlərdən tük axtarırlar.

Nə baş verib? O baş verib ki, «Xural» bunların dəstəsinə daxil olmaq istəməyib. Və üstəlik, qərar verib gündəlik nəşrə başlayıb. Cəmi 4-cü gündür işıq üzü görürük, Mətbuat Şurasının azı 4 üzvünün birbaşa təhqirlərinə məruz qalmışıq. Ard-arda bəyanatlar verirlər. Özlərini hüquq-mühafizə orqanlarının yerinə qoyub, haradasa diqtə edirlər, iş verirlər, hədəf göstərirlər. Hər şey birbaşa Ramiz Mehdiyenin komandasının, onun birbaşa adamı Əli Həsənovun tapşırıqları sayəsində baş verir. Yoxsa biz bu xorun danışıb-danışmayacağını, nə vaxt danışıb-danışmayacağını bilirik. Qoca bir dövlət qurumu bütün arsenalını bizim üzərimizə salıb. Özləri bir yazıya dözməyənlər bizə onlarla yazı yazır, yazdırır, deputat-redaktor demədən üzərimizə saldırırlar. Əmrlərində xəbər portalları əmrə müntəzir. Mətbuatın maraqlarını ifadə etməli olan adamlar, bizə qəzetçilik öyrədir, bizi digər qanunazidd əməllərdə suçlayırlar. İşin qəribə bir yanı müşahidə olunur. Və bu, tarixi faktdır.

Diqqət edin, yazıya yazı ilə cavab vermək qüdrəti olmayanlar inzibati yolla bizi susdurmaq istəyirlər. Bunlar qanun çərçivəsində davranmaqdan yana deyillər. Bunlar məhkəmədən, icra orqanlarından şikayətçidirlər, niyə hələ bizi tutub içəri salmadıqlarına görə onlara əsəbiləşirlər. İçlərində bir nəfər hüquqçu və hüquqi dövlət anlayışından xəbəri olan yoxdur. Bunlar tam 37-ci ilin xorudur. Hələ bir baxın – heç kimin oxumadığı qəzetlərdə bir-birinin ardınca necə düzülüblər. Biri deyir, biri gəlir, o biri deyir, bu biri gəlir. Tapşırığı verən fürsətdən yaxşı istifadə etmələrini söyləyib bunlara. Bravo, Dövlət Mətbuat Şurasının fikir babalarına!

Biz Mətbuat Şurasına qarşı üsyan bayrağını qaldırmışıq. Ya müstəqil mətbuatın şərəfini qoruyub saxlayacaq, ya da qəzeti bağlayacağıq. Vəssalam. Bundan o tərəfə yol qalmır. Hazırda başda Ramiz Mehdiyev və Əli Həsənov olmaqla etdikləri də budur.

Mən Azərbaycan mətbuatının azadlıqda qalan hissəsinə müraciət edirəm. Görürsünüz, artıq mətbuat iri buynuzlu feodalların əllərinə keçmiş durumdadır. Bunlar gözləri qızmış halda heç bir hədd tanımadan bizi təhqir edir, inzibati yolla susdurmaq istəyirlər. Bunlar yalnız qarayaxma və şər-böhtan üzərində pərvəriş tapanlardır. Bunların hamısı gözükölgəlidir və Sirus Təbrizli demiş, bu gün elə Azəbaycanı da gözükölgəlilik idarə edir.

Mən bu adamlardan qorxmuram. Mən bilirəm ki, azad və demokratik ölkədə bunlar necə buxarlanıb göy üzünə çıxacaqlar. O günü biz hamımız görəcəyik. Mən sadəcə bir mətbuat kimi göstərmək, sübut etmək istəyirəm ki, əyilməmək və bunların hamısı ilə savaşmaq olar və mümkündür. Bir neçə adam, bir neçə qəzet belə yetir ki, bu şər imperiyasının kürəyini yerə vurasan. Biz bu şər imperiyasının, bu mətbuat qatillərinin, bu azad söz cəlladlarının, bu icra hakimiyyəti başçılarının ciblərində qurdalanan qəzetdən bixəbərlərin kürəyini yerə vururuq. Məsələ bu məsələdir və üzərimizə gələn səlib yürüşünün arxasında bu planlar dayanır.

Mən bu ölkənin prezidentinə müraciət edəndən sonra başlanan bu qaraqışqırığın səbəblərini yaxşı bilirəm. Dediyim bütün sözlər tarix üçündür. İnanıram ki, biz mütləq qələbə çalacağıq və bu şər şəbəkəsini dağıdıb tarixin zibilliyinə tullayacağıq.

Qalib gələcəyimizdən əminəm!

Azərbaycan jurnalistlərinə gözükölgəlilər rəhbərlik etməməlidir, edə bilməz!

Məsələ də bundadır…

Bunların hamısı QIRMIZI XƏTT-indən qorxur!!!

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button