“Tarixin yazıları”nda Eynulla Fətullayev: “Evsiz jurnalistikanın “Amaşov kurqanı””

eynulla

“Tarixin yazıları” rubrikasında yeni yazılar təqdim etməyə başlayırıq. xural.com olaraq bir zamanlar yazılan, müxtəlif qəzet və saytlarda çap edilən bəzi önəmli yazıların təkrar dərcinə qərar verdik. Bu yazılar sadəcə, nəşr olunduqları sayt və internet resurslarından hansı səbəblərdənsə çıxarılıblar. Amma oxuduqca insana maraqlı ipucları verir…

Buyurun, Əziz “Xural” Oxucuları!

 

Yaxud, təbrik əvəzinə nekroloq


(Azərbaycan jurnalistikasının parlaq xatirəsinə ithaf olunur)

Azərbaycanda Milli Mətbuat günü, jurnalistika günü nə ilə yadda qaldı? Son bir ili qiymətli araşdırmalarla, parlaq publisistik yazılarla, adamı riqqətə gətirən reportajlarla qeyd etmiş tanınmış jurnalistlərin təbrikləri ilə?

Təəssüf ki, bu janrlarda oxucu boz və odioz mətbu orqanlarda oxumağa heç nə tapmır. Üstəlik bütün bu janrların artıq öldüyünü deməyə məcburuq, onlar artıq yoxdur. Onları daha tapa bilməzsən.

Evsiz jurnalistikanın “Amaşov kurqanı”

Jurnalistikanı yarımcan hala saldılar. Yox, əvvəlcə onu əməlli-başlı ələ salıb doladılar, sonra öldürdülər. Bu gün Azərbaycanda nəinki effektiv, peşəkar və məsuliyyətli kütləvi informasiya vasitəsi praktiki olaraq qalmayıb, ölkədə ümumiyyətlə müstəqil jurnalistika yoxa çıxıb. Çap mətbuatı hansısa “Paritet” və “Palitra”lardan, “İki sahil” və “Bakı xəbər”lərdən ibarət böyük makulatura zibilliyinə çevrilib. Bəs Əlimərdan bəy Topçubaşovun əfsanəvi “Kaspi” qəzetini gör nəyə çeviriblər?! Bu qəzetin sahibləri hətta çar və qədim slavyan loqotipini mənimsəməyə də cürət etdilər. Amma tamamilə sarsaqcasına…

Əlimizdə olanların ən yaxşısı sayılan “Yeni Müsavat” qəzeti indi əvvəlki kimi “dişli” görünmür. Narazı elektoratın gertsensayağı “Zəng”i rolunu oynayan digər ümumilli qəzet – “Azadlıq” isə sarı partizan döyüş vərəqəsi səviyyəsinə enib. Ondan yalnız kənd intelligensiyası ürəyini boşaltmaq üçün istifadə edir. Bu üslubu peşəkar jurnalistikaya aid etmək isə çətindir.

Neft ölkəsinin zəngin paytaxtının azsaylı qəzet köşklərində oxumağa nə tapa bilərsiniz? Kif iyi verən pis qoxulu dəftərxana kağız-kuğuzundan – bolşevik təbliğat aparatının pis ənənələrinin davam etdirən bir yığın hökumət qəzetindən başqa heç nə. “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”… – yalnız bunları.

Hətta Putin Rusiyası da bu primitiv və pis qoxulu qəzet çoxnövçülüyündən imtina edərək rəsmi xronikanı yalnız “Rossiyskaya qazeta”nın səhifələrində verməklə kifayətlənir. Bizdə isə qəzetçilik işini də korrupsiya relsi üzərinə diyirlədiblər. Yalnız prezidentin fəaliyyətinə dair rəsmi xronikanı dərc edən, bununla da heç kimə lazım olmayan və makulatura kimi saralıb tullanan qəzetlərin nəşrinə xəzinədən hər ay on minlərlə manat vəsait ayrılır. Əgər bütün bu informasiyalar prezidentin özünün saytında varsa, onda həmin qəzetlər kimin nəyinə lazımdır? Bu pullar qəzetçilik adı altında nəyə görə israf olunur?

Bu suallara cavab yoxdur. Lakin bu sualların hər biri Azərbaycan jurnalistikasının uzadıldığı tabuta vurulmuş bir mismardır.

Azərbaycan jurnalistikasını həm də əsl jurnalistlərin istedad və bacarığından istifadə etməməklə məhv etdilər. Əgər sənin yazdıqlarını heç kim oxumursa, niyə və hara yazasan axı?! Bu sual Qoqolun “Şinel”indən çıxmış köhnə nəsildən olan jurnalistlərin dilinin əzbəridir. Əgər kütləvi deqradasiyanın baş alıb getdiyi, intellektual səfalətin hökm sürdüyü şəraitdə Qoqolu da çoxdan bəri heç kim oxumursa, köhnə jurnalistika kimə və kimin nəyinə lazımdır axı?!

Köhnə sovet jurnalistikası ilə bərabər parlaq publisistikanın köhnə nəsli də ölüb gedir. Lakin əgər intellektual jurnalistika təbii yolla ölmürsə, köhnə məktəbin ənənələrinin daşıyıcılar təbii ölümlə sıradan çıxırlar. Bəs onların yerini kim tutacaq? Sözün dəyərdən düşüb ucuzlaşması, Azərbaycan jurnalistikasının kasadlığı, hakimiyyətin məqsədyönlü repressiya siyasəti öz işini görüb – indən belə jurnalistika bizim ölkəmizdə heç də hörmətli və nüfuzlu məşğuliyyət deyil. Jurnalistika öz qapılarını küt adamların və həyatda özünə yer və peşə tapa, özünü təsdiqləyə bilməyən şair-aşıqların üzünə açılıb. Jurnalistika kütbeyinlərin, yaramazların və çıxdaş olunmuş tör-töküntülərin sığınacaq yerinə çevrilib. Jurnalistika pis qoxulu (sözün hərfi mənasında) adamların səhnəsinə dönüb.

Evsiz jurnalistikanın “Amaşov kurqanı”

***

Mən ailə quranda həyat yoldaşımın qonşuları xanımımın seçiminə bərk təəccüblənibmişlər. “Siz öz qızınızı jurnalistə necə ərə verə bilərsiniz axı?” – deyə qonşuları əllərini təəssüflə yelləyib həyat yoldaşımın valideynlərini məzəmmət edirmişlər.

Belə götürəndə bu cür düşünənlər özlərinin adama xoş gəlməyən bu qiymətləndirməsində haqlıdır. Çünki yeni jurnalistikanın və jurnalistlərin üzünə baxanda bu adamlarla bir sırada dayanmaq adama təhqiramiz gəlir və daxili məninə toxunur.

Azərbaycan jurnalsitikasının ölümünü şərtləndirən səbəblərdən biri də əvvəlki məktəbin ənənələrinin ölməsi ilə yanaşı həm də dövlətin yeni və azad fikirli yenidənqurma və postsovet jurnalistikası ilə mübarizə aparması oldu. Bu dövrü Nəcəf Nəcəfov, Zərdüşt Əlizadə, Elmar Hüseynov, Mehman Əliyev kimi söz ustaları və mütəfəkkirləri simvolizə edirlər.

Xammaldan asılı hakimiyyətin YAP təfəkkürü püskürən aparatı bu məktəbin dəyərlərini və elə həmin bu dəyərlər əsasında tərbiyə almış yeni mətbu nəfəsi məhv etmək üçün özünün bütün potensialını jurnalistikadakı azadfikirliliyə qarşı səfərbər etdi və bu yolda əlindən gələni elədi.

90-cı illərin sonları-2000-ci illərin əvvəlləri mətbuatın bu intibah dövrü məktəbinin çiçəklənməsi ilə xarakterizə olunur. Darıxdırıcı və avtoritar əliyevçi kabinetlərdə sıxılıb qalmış onlarla, hətta yüzlərlə intellektual da bu məktəbə qoşulmuşdu. Və budur, bəlli oldu ki, Azərbaycan jurnalistikasının yeni nəsli yeni strukturlaşmaya – hakimiyyətlə cəmiyyətin münasibətlərinin üfüqi şəkildə qurulmasını istisna edən yeni siyasi sistemin doğuluşuna hazır deyilmiş.

Postsovet jurnalistikası hakimiyyətlə KİV-in yanaşı mövcud olmasının dəyişməkdə olan qaydalarına hazır deyilmiş. Yeni rola uyğunlaşmaq, hakimiyyətin yeni tələblərinə adaptasiya olunmaq ona çətin gəlirdi. Bizim jurnalistikanın tarixindəki “qara zolaq” – qətllər, həbslər, mühacirət, hakimiyyətlə daimi münaqişələr və permanent müharibələr də elə bu məqamda başladı.

Hakimiyyət həmişə olduğu kimi bu dəfə də qalib gəldi. Çünki sadəcə “qaz lələyi” ilə silahlanmış jurnalistlərin bu qeyri-bərabər döyüşdə dözüb-durmaq şanslarının olmadığı öncədən də bəlli idi. Lakin bütün müharibələrdə olduğu kimi bu döyüşlərin da nəticələri hakimiyyət üçün heç də təsəlliverici sayıla bilməz. Çünki mürəkkəb media relyefinin yerində media səhrası, mətbu boşluq yaranmışdı. Elə görünə bilərdi ki, bu durum Qlavlitin tikanlı yollarını keçmiş və Brejnev senzurası dövrünü görmüş bu azsaylı sovet jurnalistləri üçün daha asandır, nəinki yeni reallıqlara uyğunlaşmaq.

Evsiz jurnalistikanın “Amaşov kurqanı”

Amma yox! Aşkarlıq onları da pozdu. Azadlığın bu havası beyinləri həddən artıq dumanlandırmışdı. Onlar hətta müqavimət göstərməyə, Brejnevin durğunluq dövrünün neosovetizminin xortladılmasına qarşı çıxmağa cəhd etdilər. Və bu yolda qurbanlar verdilər.

90-cı illərin sonlarında həbsdən güclə qurtulan Rasim Ağayevin başına nə oyunlar gəldiyinə baxın. Mənasız, amma amansız bir qiyam qaldırmış Sirus Təbrizlinin necə qurtulduğuna diqqət yetirin. Zərdüşt Əlizadə, Mehman Əliyev, Emil Ağayev də öz yumşaq və kompromisli xarakterləri hesabına canlarını zorla qurtardılar…

Hakimiyyət yenidənqurmanın övladlarını əzəndən, intellektual sovet jurnalistikasının ənənələrini məhv edəndən sonra çoxrelyefli mətbuatın yerində nəhəng bir mətbu səhralıq yaratdı. Onun düz ortasında da sinə daşı – “Amaşov kurqanı” və Şuralar qurdu.

Təsəvvür edirsinizmi? Jurnalistika və Şuralar… Yenə də Şura hakimiyyəti… Azad jurnalsitikanın ruhuna zidd olan Şura…

Bəs ölkəmizdəki qeyri-azad jurnalistika nəyə çevrildi? Bunu artıq dedik. Bu jurnalistika dəftərxana, makulatura zibilliyinə, təbliğat-təşviqat tullantısına döndü. Bütün bunlar isə mundirli rəsmilərə ölkədə qeydiyyatdan keçmiş 5 min mətbuat orqanı barədə hesabat və raportlar verməyə gen-bol imkanlar yaradır. Lap 10 min olsun. Onların xeyri nədir? Onları heç Azərbaycanda da oxumurlarsa, qonşu ölkələrdə oxuyacaqlarmı?

Nəhayət, ən başlıcası odur ki, rusdilli jurnalistika da ölüb. Adamların bizi Biləcəridən o tərəfdə oxuya biləcəkləri bu başlıca dildə nəinki yaxşı yazanların, hətta sadəcə yazanların sayı heç bir ovuc da deyil. Bizdən sonra yeni nəsil gəlmir. Bilirsinizmi niyə? Güclü hakimiyyətin iradlarını, təlimat və göstərişlərini, narazlığını dinləmək kimi ürəyincədir ki?! Bu hakimiyyət elə qəzəblənə bilər ki, məhbus geyimi haqda düşünərsən. Risk nəyə lazım?! Bu sahədə azadlıq qətiyyən qalmayıb. Bəs onsuz göylərdə necə uçasan? Öz ictimai borcunu yerinə yetirmək üçün oxucuya ən yaxşı yazıları necə verəsən?!

Bunlara görə idi ki, bu gün – iyulun 22-də cənab prezident və çoxsaylı, amma istedadsız jurnalist ordusu evsiz jurnalistlərin mənzilindən danışırdı. Bizim yalnız tiraj üçün çıxan mağmın, savadsız, darıxdırıcı və boz jurnalistika bu sözün hərfi mənasında yuvasızdır. Jurnalistlər məişət problemlərinin həllindən başqa artıq heç nə ilə məşğul ola bilmir.

Nə yazasan? Sözünü kimə deyəsən? Nəyin uğrunda mübarizə aparasan?

Evsiz jurnalistikanın “Amaşov kurqanı”

Məndə belə bir təəssürat yaranıb ki, jurnalistə bənzəyən adamları bu gün Platonovun böyük “Çuxur”una yığıb basdırdılar. Onun üstündə də qəbirüstü abidə – “Amaşov kurqanı” yaratdılar. Bu kurqanın zövqsüz, məzmunsuz və yaxşı yonulmamış üzlük daşı o dünyaya yola salınmış əzabkeş Azərbaycan jurnalistikası tarixinin təcəssümüdür.

Yeri behişt olsun!

Eynulla Fətullayev

Mənbə: http://www.xeber.info/news/cmiyyt/7101-evsiz-jurnalistikann-amaov-kurqan.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button