Terrorçu ilə bir kamerada

Qənimət Zahid

 «Azadlıq» qəzetinin baş redaktoru

 VII yazı

Starşina çıxdı. Qapı bir açarla bağlandı. Bir neçə gün sonra öyrəndim ki, kameranın qapısı gündüzlər bircə açarla bağlanır, axşam saat 6-dan sonra o biri “patrondaş”lar kilidlənir.  Ta, səhər “yuxudan qalx!” komadası verilənə qədər…

Dəstəmaz alıb ora-bura boylandım ki, harada namaz qılmaq olar. Kamera qiblə xəttini 45 dərəcəli bucaq altında kəsdiyinə görə, döşəmənin üstündə namaz qılmaq olmazdı: çarpayılar arasındakı məsafə də çox dar idi.  Sağ tərəfdəki  çarpayının ikinci mərtəbəsinə dırmaşdım. Burada ayaq üstə duranda əllərini də qaldırsan tavana çatmırdı. Tavan çox hündür idi.

Sonuncu rükətə başlayanda qapının açıldığını duydum. Starşina kimi isə kameraya gətirirdi (Deyəsən, əvvəlki hissədə bu kameranın tamam boş olduğunu yazmağı unutmuşdum).  Kameraya girənlər namaz qıldığımı görüb pıçıltı ilə danışmağa başladılar. Maraqlı idi. Pıçıltının birinin bir az aqressiv, o birinin isə müti ifadəli olduğu aşkar hiss olunurdu. Doğrudur, diqqətim namazda idi, amma pıçıltılar arasındakı bu fərqi ani də olsa, tutmamaq mümkün deyildi.
Namaz qılıb son dualarımı etdim və sonra çarpayının üstündən düşmədən oradaca bardaş qurub oturdum. Starşina getmişdi. Üzbəüz çarpayının birinci mərtəbəsində bir pəhləvan oturmuşdu! Əməlli-başlı pəhləvan. Onun əzələli boynundan və ciyinlərindən güc yağırdı. Hətta sifətinin də əzələdən ibarət olduğu kimi təəssürat yaradırdı. Bu, bir qədər sarışın, enli kürəkli, uca boylu, 30-35 yaşları arasında ola biləcək yaraşıqlı gənc idi. Amma zalım oğlunun sifətində bir damcı qətiyyət yox idi. Üzündə-gözündə şairanə bir görkəm var idi. Hətta bir qədər qəzəl ədəbiyyatına çəkmiş kimi yazıqlıq da duyulurdu. O, mənim ibadəti qurtardığımı görüb ayağa qalxdı. “Salam, qardaş”, dedi. “Adım Nəbidir”, deyib əlini mənə uzatdı. Görüşdüm. Adımı dedim. Onu təpədən-dırnağa qədər bir daha süzdüm. Adam daha necə pəhləvan ola bilər ki? “Bu adam heykəltəraş işinə oxşayır. Amma yaramaz heykəltəraş sifət cizgilərini yonanda, ya kefi çox yuxarı olub, ya da romantikası tutub”, düşünərək gülümsədim. Nəbi mənim gülümsəməyimi, təbii ki, doğma duyğu olaraq qəbul etdi. Sifəti bir az da mülayimləşdi. Deyəsən, uzun müddətdir ki, təbəssüm görmür. Təbəssümü daha da dərinləşdirib: “Nə məsələdir?” deyə soruşdum. “Məni terrorçu kimi tutublar”, dedi. Mən ciddi şəkildə: “Lap yaxşı! Düz eləyiblər, sənə başqa nə ittiham qoymalıydılar ki?” dedim. O, heç nə başa düşməyən adamlar kimi baxışlarını itiləyib sifətimə tuşladı. Amma yenə də sərtlik yox idi. İzahat verdim: “Bu boyda cüssə ilə, boy-buxunla sənə başqa ittihamı qoymaq çətin olardı. Səndən əməlli-başlı komandos olar. Kinolarda görmüş olarsan, bir nəfər ölkənin yarısını partladıb dağıdır, qalan yarısı da ona əl çalır”. Bu sözləri deyib şaqqıltı ilə güldüm. Nəbi də güldü. Amma səssiz güldü. Yekə çiyinləri dingildədi. İri başı sinəsinə doğru qatlandı və dikələndə sifətinin qıpqırmızı rəngindən və bu səssiz gülüşündən qəribə bir qətiyyət yağdığını gördüm. Adam normal vaxtı çox həlimdi, amma ovqatı bir qədər kənara,- sağa, ya sola burulanda sifətinin məzmunu dəyişir, deməli. Bu da bir yenilikdir.

Çarpayıdan aşağı düşdüm. Oturdum. O da mənimlə üzbəüz oturdu.

– Hə, indi danış görüm, nə məsələdir,- dedim.

– Uzun söhbətdir, qardaş.

– Səni nə vaxt tutublar?

– On gündür.

– Burada, Bayılda nə qədər qalacaqsan?

– İki ay veriblər.

– Onda danış, iki ayın qurtaranda iki ay da artıracaqlar. Nə qədər yerli-yataqlı danışsan da vaxtımız çatar. Mənə də iki ay veriblər. Sonra daha iki ay olacaq. Sonra o qədər aylar olacaq ki, sən danşmaqdan bezəcəksən, mən də qulaq asmaqdan. Ona görə də, işində ol.

– Məni vəhhabi deyib tutublar. Tövləmi axtarıb oradan da silah çıxarıblar. Guya ki, mən Azərbaycanda dövlət çevrilişi etmək istəyənlərə qoşulmuşam. Amma mən bilirəm, o silahları oraya kim qoyub. Bu silahlar mənim deyil. Mənim ov tüfəngim var, boynuma alıram. Amma həmin ov tüfənginin də sənədi-subutu var. İndi mən namaz qılıram deyə…

Nəbinin səsi xırıldadı, gözləri doldu: “Mən namaz qılmaq istəyirəm”, dedi. “Dur, qıl”,- dedim, “narahat olma”. “Amma bir sözlər deməzlər ki”? “Əlbəttə, deyərlər , cavab verdim. Nəbinin sual verməsini gözləmədən: “deyərlər ki, Allah qəbul eləsin”. Yenə də güldüm. Nəbi də bir az ürəklənib qalxdı.

Nəbinin işi ağır idi. Bu ilin yarısından sonra Azərbaycanda vəhhabilərə qarşı hərbiləşdirilmiş hücumlar başlayıb. Dövlət təhlükəsizlik orqanları bütün imkanlarını sıyırıb vəhhabi ovu ilə məşğuldur və dövlətçiliyimizin başı üzərini almış növbəti qara bulud topasının bunlarla bağlı olduğunu iddia edir. Nəbi də bu kampaniyaya düşüb və buna görə də mətləb bir az tuldur, onu hələ xeyli müddət burda ləngidəcəklər. .

Azərbaycan vəhhabiləri əsasən Sumqayıta toplaşırlar. Bu təriqətin üzvləri şimal rayonlarında da fəaldırlar. Təəccüblü də deyil. Azərbaycanın həmin ərazilərində əhli sünnə camaatı ağırlıq təşkil edir və vəhhabilik də bir əhli-sünnə sektasıdır. Nəbi də bir ləzgi balası olaraq əhli sünnə camaatındandır.  Mən bu xəttin Şimali Qafqazdan gəlmə bir təsir olduğunu düşünmürəm. Ərəb dünyasında neft milyardları artıqca ərəblər də bu dünyaya öz varlıqlarını göstərmək istəyirlər. Pul adamı yerindən oynadan bir hoqqadır. Ərəb diktatorlarının öz ölkələrinin xalqlarını səfərbər edib dünyəvi inkişafın zirvələrini fəth etmək kimi planları yoxdur. Onlar dünyanın bütün başqa millətlərindən olan diktatorlar kimi öz hakimiyyətlərini bərkitmək və millətin başını yanakı qayğılarla məşğul etmək planları üzərində pul xərcləyirlər. “Xilafətin bərpası” kimi əzəmətli və mifik plan da bu amacla yoğrulub. “Qoy, gedib dünya ilə uğraşsınlar”. Ərəb ölkələrindən olan missionerlər sosial baza toplamaq naminə müsəlman ölkələrinə, informasiya-texniki baza naminə qeyri müsəlman ölkələrinə axışaraq fəaliyyətlər göstərirlər. Azərbaycana da ötən əsrin doxsan ortalarıncı illərindən ayaqları açılıb. Uzun saqqal və qısa balaqlı şalvarlar oların ictimai zühur əlamətləridir. Bu missionerlərin yaratdığı, təbliğ yolu ilə qurduğu qruplar yeni əsrin əvvəllərindən başlayaraq vəhhabi adlanan mütəşəkkil qruplar yarada biliblər. Onlar hər yerdə var. Ölkənin paytaxtında, iri şəhərlərində, bəzən hətta ucqar kəndlərdə belə ikibir-üçbir toplanaraq öz ideyalarını yayırlar. Bu ideyaların toplam nədən ibarət olduğu mənə bəlli deyil. Biz onlara “vəhhabi” deyirik, onlar isə özlərini “sələfi” adlandırırlar. Vəhhabiliyin əsasını ərəb millətçiliyi ideologiyası təşkil edir. Bu, 18-ci əsrin ortalarında cücərmiş və Osmanlı imperatorluğuna qarşı yaradılan bir dini-millətçilik hərəkatıdır. Əsas məqsədi Osmanlı imperatorluğunun tərkibində olan ərəb ölkələrinin milli istiqlal əldə etməsi üçün hərəkatın başlanması olub. Amma bir fərq olmalıdır axı. Osmanlı böyük, qüdrətli bir İslam imperatorluğu,  Xilafət idi. Xilafətin paytaxtı Osmanlının paytaxtı – İstanbul, xəlifə də Osmanlı padşahı. Müsəlman olan və xilafət ideyasına sidq-ürəklə bağlı olan ərəbləri fərqləndirib Osmanlıya qarşı səfərbər etmək üçün yeni idologiya yaratmaq lazım idi. İslam yalnız ərəblər üçün nəzərdə tutulan, millətçiliyi istisna edərək ümmət anlayışını hökm edən bir din olduğu üçün bu fərqləndirməni milli azadlığı nəzərdə tutan siyasi ideya kimi nəzərdə tutmağın da perspektivi yox idi. Bu zərurətdən indiki vəhhabilik ortalığa qoyuldu. “Təmiz İslam” nəzəriyyəsi, İslam dininin pərvəriş tapdığı ilk dönəmlərin ərəb mədəniyyətini bərqərar etmək, yeddi-səkkizinci əsrlərdəki İslam ənənələrini ehkam halına gətirmək və İslam dünyasının bütün sonrakı tarixi mərhələlər boyu qazandığı mədəni-fəlsəfi-teoloji intibahın nəticələrindən imtina etmək. Bu, “sələfilik” adlanır. Yəni ata-babalarımızın qəbul etdiyi İslam və onların çağında mövcud olan sosial vərdişlər.

Sələfiliyin yaradıcısı olan Əbdülvəhhabla bağlı ziddiyətli tarixi bilgilər var. Sələfiliyin yaranma tarixini araşdıran tədqiqatçıların hamısı bilir ki, 18-ci əsrdə Ərəbistanda yaşayan Hənbəli fiqh aliminin oğlu Məhəmməd ibn Əbdülvəhhab öz görüşlərinin yayılmasında ingilis kəşfiyyatının Yaxın Şərq ölkələrindəki rezidenti Hemferin dəstəyi ilə işləyib. Bu tarix kitablarında birmənalı olaraq yazılır ki, Əbdülvəhhabın atası və mürşidi sayılan Süleyman adlı qardaşı onun bu zərərli fikirlərinə qarşı çıxıblar. Bu etirazlar artdıqca Əbdülvəhhab evdən gedib və səyahətə çıxmağa qərar verib. Bu arada Ərəb əşirətlərini Osmanlıya qarşı qaldırmaq üçün təbliğat aparmaqla məşğul olan ingilis kəşfiyyatçısı Hemferlə rastlaşır. Hemfer Əbdülvəhhabın ideyalarının batinində Osmanlıya qarşı yaradıla biləcək dini hərəkatın ideoloji elementlərini görür və ondan dördəlli yapışır. Hemferin dəstəyilə Əbdülvəhhabın ideyası sürətlə yayılmağa başlayır. Ərəblər bu yeni təriqətin təsiri altına düşürlər və az zaman içərisində toparlanaraq Xilafətinin mərkəzi sayılan Osmanlıya qarşı mübarizəyə başlayırlar.

Bu ideologiyanı ərəblərin istiqlalından sonra da aktuallıqda saxlayan isə onun “sırf İslam” sayıla biləcək nüvəsidir. “Sırf İslam” nəzəriyyəsi Həzrət Məhəmmədin zamanından indiyə qədərki dövrdə formalaşan, İslam mədəniyyəti, İslam fəlsəfəsi, İslam elmi… olaraq bütün dünyada qəbul edilən bütün dəyərləri bir kənara atıb da yalnız sxematik ibadət vərdişlərini İslami dəyərlərin məcmusu kimi qəbul etməkdən ibarətdir. Bu düstur isə Osmanlıdan sonra milli müstəqillik əldə edən ərəbləri sxem daxilində qapayıb idarə etmək üçün olduqca yararlı düsturdur. Sələfiliyin əmələ gəlməsi və pərvəriş tapmasının ən yığcam tarixçəsi belədir. Amma ərəb millətçiliyinin Azərbaycanda, həm də 21-ci əsrdə peyda olması, açığı, mənə bir o qədər də çatmır.

İndi namaz qılmaqla məşğul olan Nəbiyə bu barədə nə mühazirə oxumağın mənası var, nə də onu sorğu-suala çəkməyin. Nəbi orta təhsil göstəriciləri də aşağı olan fağır bir kənd adamıdır və belə tarixlərin ona heç zaman dəxli olmadığı onun güclü əzələləri ilə müqayisə olunmayan fağır sifətindən oxunur.

Amma həmin günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin hər yerində vəhhabi ovuna çıxmışdılar. Həm də ona görə yox ki, bu təriqəti yaradan Əbdülvəhhab 18-ci əsrdə atasının sözünə qulaq asmamışdı və ya ingilis kəşfiyyatına bənd olmuşdu. Ona görə ki, həmin bu sələfi təriqətinə mənsub olan bir hərbçi zabit xidmət etdiyi hərbi hissədən silah götürərək oradan çıxmış, ABŞ-ın Azərbaycandakı əlamətlərinə qarşı cihad elan etmişdi. Ölkənin hər yerində, o cümlədən də Nəbinin kəndində vəhhabi tapıb həbs  eləmək lazım idi. Mümkün olduqca da həbs edilənlər silahlı olmalı idilər. İmkan düşmüşkən, Azərbaycanda sabitliyi pozmaq, dövlət çevrilişi etmək, müqəddəs dövlətçiliyimizə uzanan qara əllərin çox olduğunu göstərmək lazım idi. Bu cür əməliyyatların bütün gedişi boyu bir-iki nəfər narahat adam həbs edilir, sonra da onların böyür-başı statistika ilə bərkidilir. Əgər iki nəfər dövlət çevrilişində ittiham edilirsə, deməli, onların ordusu da olmalıdır, ordu varsa, ortada silah da olmalıdır; silah yoxdursa, onları silahlandırıb həbs etmək lazımdır. Bəli, bizim hüquq-mühafizə orqanları dövlətçiliyimizin keşiyində dayanıb bu qəbildən olan ayıq-sayıq əməliyyatlar aparmalıdırlar ki, bədxahlarımız Azərbaycan adlı gəminin sükanının Heydər Əliyev kimi nəhəng bir adamın əlində olduğunu başa düşsünlər. Əlbəttə, əsas məsələ sükandır və gəmini hansı gündə, hansı cəhənnəmdə olmasının önəmi yoxdur. Amma Nəbi bu cür məsələləri başa düşəcək qədər ağıllı və dərrakəli adam olmadığına görə indi mənim yanımdadır, Bayıl həbsxanasndakı 127 saylı kamerasında, öz yekə gövdəsini sağ tərəfdəki çarpayının ikinci mərtəbəsinə qaldırıb orada namaz qılır.

Və Nəbi namaz qılıb başa çatdırmamış qapı yenə açıldı və 127-nin üçüncü sakini də namaz üstündə kameraya daxil edildi…

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button