Tofiq Yaqublu həyatına təhlükə olduğunu düşünür

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu həyatına təhlükə olduğunu düşünür. O, iyunun 21-də öz məhkəməsində bununla bağlı plakat nümayiş etdirib.

“Putin həbsdə Navalnını öldürdüyü kimi, Əliyev də məni həbsdə öldürməyi planlaşdırır”, – plakatda yazılıb.

Siyasi fəal həmçinin, prosesi izləməyə gələn xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələrinə üz tutub.

“Diktator Əliyevi dəstəkləməyin!”, – onun məhkəmədə qaldırdığı daha bir plakatda yazılıb.

T.Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev məlumat verib ki, bu işdəki hakimlər kollegiyasına daxil olan Azər Tağıyevin səhhətində problem yaranıb. Hakimin vurğulamasına görə, bu üzdən məhkəməni tam tərkibdə keçirmək mümkün deyil. Ona görə də məhkəmə prosesinin bir ay sonraya – iyulun 28-nə təxirə salındığını açıqlayıb.

T.Yaqublunun məhkəməsini izləməyə 100 nəfərədək ictimai-siyasi fəal, jurnalist, diplomatik korpus nümayəndələri gəlib. Onların əksəriyyəti məhkəmə zalına buraxılmayıb.

Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında çoxlu sayda polis olub. İçəridə proses gedən vaxt məhkəmənin qarşısında polislər oradakı ictimai fəallardan biri Cəmil Hacıyevi məcburi qaydada tutub aparıb. Onun hara aparıldığını dəqiqləşdirmək mümkün olmayıb. AzadlıqRadiosunun əməkdaşı C.Hacıyev ilə əlaqə saxlamağa cəhd göstərsə də, onun telefonu söndürülüb.

Məsələ ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyi ilə də danışmaq cəhdləri nəticə verməyib.

T.Yaqublunun məhkəmədə nümayiş etdirdiyi plakatlarda yer alan iddia və tələbə rəsmi, habelə cavabdeh qurumlardan da münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər, bir qayda olaraq, prezidentlə bağlı diktator ifadəsini qəbul etmirlər. Onların fikrincə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur və heç kim siyasi əsaslarla təqib edilmir.

Rusiya müxalifətinin lideri Aleksandr Navalnı bu ilin fevralında həbsxanada vəfat edib. Yaxınları və ailəsi onun ölümündə birbaşa Rusiya prezidentini günahlandırırlar. Amma Rusiya rəhbərliyi belə ittihamları qəbul etmir.

T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsə atılıb. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button