Tofiq Yaqublu hospitala aparılıb

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlandığı təcridxanadan təcili yardımla hospitala aparılıb, lakin hara aparıldığı bilinmir. Xural.com xəbər verir ki, bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil qeyd edib ki, Tofiq Yaqublu ilə görüşmək üçün təcridxanaya gedib. Lakin burada ona bildiriblər ki, Tofiq Yaqublu hospitala aparılıb.

30 sutka inzibati cəza alan Tofiq Yaqublunun işgəncəyə məruz qaldığı bildirilir. Nigar Həzinin sözlərinə görə, atası oktyabrın 21-də zəng edərək işgəncəyə məruz qaldığını bildirib: “Ona şiddətli işgəncələrin verildiyini dedi, qabırğası sınıb. Atam təcili həkim müayinəsi tələb edir. Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”.

Tofiq Yaqubluya işgəncə verilməsi xəbəri narahatlıqla qarşılanıb. Müsavat başqanı Arif Hacılı bununla bağlı açıqlama yayıb.

“Tofiq Yaqublunun dözümlü adam olduğunu bilirəm. Əgər vəziyyətinin ağır olduğunu deyirsə, deməli xəsarətləri çox ciddidir.
Hakimiyyətdə olanlar bilməlidir ki, belə davranışlarla müxalifətçiləri qorxutmaq, xalqda xof yaratmaq mümkün olmayacaq” – deyə, Arif Hacılı bildirib.

“Ölkədə vəziyyət dəyişib. İndi Azərbaycan cəmiyyəti on il əvvəlki cəmiyyət deyil. Zorakılıqlar, həbslər, işgəncələr xalqın etirazını qəzəbə çevirir. Qarşıdurmanı daha da dərinləşdirir. Zorakılıqlara, həbslərə son qoyulsun! Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq!” – deyə Arif Hacılı çağırış edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button