Tofiq Yaqublu: “Mən İlham Əliyevin göstərişi ilə şərlənərək, girovluqda saxlanılan şəxsəm….”

“Məni dələduzluqda ittiham eləmək mənə təhqirdir”

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.

İyunun 14-də məhkəmənin hazırlıq iclasında Tofiq Yaqublu məhkəmə tərkibində Azər Tağıyevə etiraz edib. Siyasi fəal bildirib ki, bundan əvvəl Yasamal və Nəsimi rayon məhkəmələrində işlədiyi dövrdə siyasi motivli işlərdə çıxardığı qanunsuz hökm və qərarlara görə onun adının sanksiya tətbiq olunacaq şəxslər siyahısına daxil edilməsi təklif olunub.

“Azərbaycanda ədalət mühakiməsi anlayışı yoxdur. Bilsəydim ki, heç olmasa, 1 faiz ədalətli araşdırma aparacaqsınız, o zaman nəyəsə ümid eləmək olardı”, – Tofiq Yaqublu bildirib.
Onun Azər Tağıyevə etirazı təmin olunmayıb.

Anket məlumatları dəqiqləşdirilərkən Tofiq Yaqublu özünü “İlham Əliyevin göstərişiylə şərlənərək, girovluqda saxlanılan şəxs” adlandırıb. O vurğulayıb ki, indiyədək siyasi sifarişlə 4 dəfə şərlənərək, barəsində cinayət işi başlanıb, uzunmüddətli həbsdə saxlanılıb:

“İnzibati qaydada neçə dəfə həbs olunmağımın sayını itirmişəm. Bu həbslərin hamısında verilən ittihamların siz hakimlərə nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. Məni dələduzluqda ittiham eləmək mənə təhqirdir”.

Hakim onun məhkəmədə hüquq və vəzifələrini izah edəndə isə Tofiq Yaqublu belə reaksiya verib:

“Mənim hüquqlarım varsa, bu gün niyə buradayam? “Məhkəmədə elə dayan, belə dayan” – bunlar texniki məsələlərdir. Ədalət olmayandan sonra bunlar boş şeydir. Sanki cəllada göstəriş verilib ki, günahsız adamın boynunu vursun, deyirlər ki, icra eləyəndə cəllad üzünü qırxsın, bantik taxsın..”.

Hakim Tofiq Yaqubludan dövlət ittihamçısı Tural Yaqubova etirazı olub-olmadığını soruşub. O, etiraz etməyib. Lakin bildirib ki, bütövlükdə prokurorluq şər-böhtanla məşğuldur:

“Məni 39-cu bölmədə işgəncə verib, ölümcül hala salıblar, prokurorluq dedi ki, özü-özünü döyüb, bu vəziyyətə qoyub. Hansı səfehin ağlına gələr ki, bunu eləsin? İlham Əliyevin Londonda 700 milyonluq mülkləri aşkarlananda prokurorluğa müraciət elədik ki, araşdırma aparsın, o pullar ölkədən necə çıxıb? Nəticəsi olmadı. Adamları siyasi fəaliyyətinə görə şərləyirlər. Birdəfəlik desinlər ki, siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Biz də bilək ki, buna görə buradayıq. Yoxsa narkotik, xuliqanlıq, adam vurma… ilə şərləmək ayıbdır”.

Tofiq Yaqublunun vəkilləri onun şüşə qəfəsdən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsi, prosesi daha çox adamın izləyə bilməsi üçün böyük zalda keçirilməsi barədə vəsatətlər qaldırıb.

“Tofiq Yaqublunun şüşə qəfəsdə saxlanması insan ləyaqətini alçaldan rəftardlr. Həm də lazım olanda məsləhətləşə bilməyimiz üçün onun vəkillərin yanında əyləşməsi vacibdir”, – Nemət Kərimli bildirib.

Bu vəsatət təmin olunub – Tofiq Yaqublu növbəti iclasdan vəkillərinin yanında əyləşəcək.
Hakim əlavə.edib ki, başqa məhkəmə proseslərilə üst-üstə düşməsə, Tofiq Yaqublunun işinə böyük zalda baxılacaq.

Daha sonra vəkillər Tofiq Yaqublu haaqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, əgər təmin olunmasa, o halda, ev dustaqlığına buraxılması haqda vəsatətlər verib.
“Tofiq Yaqublu bu ölkədə dələduzluqda ittiham olunacaq sonuncu adamdır. Əvvəldən qurulmuş plan əsasında Elnur Məmmədov gəlib, Qubad İbadoğlunun məhkəməsində Tofiq Yaqublu ilə şəkil çəkdirib. Videogörüntülərə düşməklə, eyni ərazidə anten dairələrində olmaqla, adama ittiham verərlər? Tofiq Yaqublu iki körpə uşağını qoyub, könüllü şəkildə Qarabağ müharibəsinə getmiş adamdır. İctimai nüfuzu var…”, – vəkil Aqil Layıc vəsatətləri əsaslandırarkən bildirib.

Bu vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə baxışı iyunun 21-nə təyin olunub.

Məhkəmə zalında Tofiq Yaqublu səfirlik nümayəndələrinə noyabrda Bakıda keçiriləcək “COP 29″u boykot etməklə bağlı çağırış edib.

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib:

“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluya pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30.sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button