Tofiq Yaqublu: “O vaxt bu saxtakarlıq baş verməsəydi, mən indi burada olmazdım”

Yayımlandı: 27 Sentyabr 2024 22:53

Hakim Yaqublunun çıxışını davam etdirməyə imkan verməyib

Milli Şuranın və Müsavat Partiyasının üzvü, 10 aya yaxındır həbsdə olan Tofiq Yaqublunun məhkəməsi sentyabrın 27-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçinin işi üzrə məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev bildirib ki, artıq həm təqsirləndirilən, həm zərərçəkmiş, həm də şahid qismində tanınan şəxslər dindirilib. Dindirmə mərhələsi başa çatdığına görə artıq cinayət işinin materiallarında olan sənədlərin tədqiqinə keçmək olar.

Tofiq Yaqublunun vəkilləri isə bildirib ki, sənədlərin tədqiqi mərhələsinə keçməmişdən əvvəl onların məhkəmədə dindirilməsini istədikləri əlavə şahidlər var. Vəkillər həmin şahidlərin adlarını məhkəməyə təqdim edərək, onların dindirilməsi barədə vəsatət qaldırıblar. Müdafiəçilər bu şəxslərin dindirilməsini niyə istədiklərini də əsaslandırıblar.

Müdafiə tərəfinin dindirilməsini istədiyi şəxslər arasında Milli Şuranın üzvləri, Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da vardı.

Məsələn, Maya Yaqublu evdən polislərin pulu necə götürməsi barədə vəkillərin suallarını cavablandıracaq. O, dəfələrlə mediaya açıqlamalarında bildirib ki, evlərindən tapıldığı iddia edilən pulu polilslər özləri qoyub, özləri də götürüblər.

Hüseyn Məlikov isə Nərimanov Rayon Məhkəməsinin önündə Tofiq Yaqublunun yanında olub. Cinayət işinin materiallarında iddia olunur ki. digər təqsirləndirilən Elnur Vaqifoğlu (Məmmədov) ilk dəfə orada Tofiq Yaqublu ilə Eləşn Hüseynov adlı şəxsi pul qarşısılığında Almaniyaya göndərmək barədə söhbətləşib. Sonra da Zabrat qəsəbəsində həmin pulu alıb.

Tofiq Yaqublu isə cinayət işində yazılanların şər-böhtan olduğunu bildirir, Zabrat qəsəbəsində ona pul verildiyi iddia olunan vaxtda Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında olduğunu bildirir. Onun vəkilləri Vidadi Mirkamalın da məhz bu məsələ ilə əlaqədar əlavə şahid qismində dindirilməsini istəyir. Çünki iclas həmin gün Vidadi Mirkamalın evində keçirilib və Tofiq Yaqublu da orada iştirak etdiyini deyir.

Budəfəki məhkəmə iclasında həmçinin digər təqsdirləndirilən Elnur Məmmədovun vəkili müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vuqmaqla dələduzluq) və 320-ci (saxta sənədlər hazırlama və ya istifadə) maddələri ilə ilə sürülmüş ittihamlara xitam verilməsi haqda vəsatət qaldırıb.

Elnur Vaqifoğlu ilə bağlı vəsatətə münasibət bildirmək üçün Tofiq Yaqubıuya söz veriləndə o, çıxışına belə başlayıb:

“Bu ölkədə ən böyük saxtakarlıq 2003-cü il avqustun 4-də İlham Əliyevin Baş nazir təyin olunması idi. Əgər o vaxt bu saxtakarlıq baş verməsəydi, mən bu gün burada olmazdım…”.

Hakim T.Yaqubluya çıxışını davam etdirməyə imkan verməyib.

Məhkəmə prosesi isə oktyabrın 18-nə qədər təxirə salınıb.

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30.sutkalıq həbs olunub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button