Tofiq Zeynalov Musa Süleymanova qalib gəldi

Tovuzda yayınlanan məşhur telekanal ciddi qarşıdurmanın qurbanına çevrildi…

Tovuzda qarşıdurma səngimək bilmir. Biz bu haqda bir müddət bundan əvvəl də yazmışdıq. Qarşıdurma əsasən? Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla iş adamı Musa Süleymanovun arasında gedir və dərin kökləri var. Əsas problem «Turan» futbol klubunun maliyyələşdirilməsi və idarə olunması məsələsinin kimin üzərində olacağından başlayıb. Qeyd edək ki, komandanın ilkin sahibi Tofiq Zeynalov olsa da, sonradan maliyyələşmə məsələsində problem ortaya çıxdığına görə, tovuzlu iş adamları Musa Süleymanovun klubu götürməsinə qərar verdilər. Bu işin də arxasında iş adamı İlham Rəhimov dayanırdı və ilk toplantılarda o da Musa Süleymanovun klubu götürməsinə maraqlı idi. «Xural»da bu haqda yazılar gedib və o yazılardan da görünür ki, Musa Süleymanovun kluba prezident kimi başçılıq etməsi əvvəl-əvvəl bütün tovuzlu iş adamlarının ortaq qərarı olub. Cəmiyyətdə Rusiya prezidenti «Vladimir Putinin dostu» kimi tanınan İlham Rəhimovun başçılıq etdiyi və xeyir-dua verdiyi bu siyahıda kimlər yox idi ki? İşin ilginc yanı odur ki, Musa Süleymanova dəstək verməli olan iş adamlarının siyahısında Tofiq Zeynalovun qardaşları – Ramiz Zeynalovun və Fikrət Zeynalovun da adları olub. Qeyd edək ki, general Ramiz Zeynalov Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, Fikrət Zeynalov isə «Kəndçilər» adı ilə tanınan 4 saylı şəhər xəstəxanasının baş həkimidir.

Amma işlər planlaşdırıldığı kimi getmədi. Musa Süleymanov Tovuz şəhər stadionunun onun adına özəlləşdirilməsini tələb edən kimi iplər qopdu. Məsələ burasındadır ki, Musa Süleymanovun tələb etdiyi zamana qədər də stadion «Turan» futbol klubunun adına yox, rayon rabitə idarəsinin müdiri Yaşar İbrahimovun adına idi. Yaşar İbrahimov da birbaşa icra başçısı Tofiq Zeynalovun adamı kimi fəaliyyət göstərirdi. İşin qəlizləşdiyini və Tofiq Zeynalovun stadionu vermədiyini görən İlham Rəhimov dərhal dəstəyini çəkdi və prosesdən uzaqlaşdı. Bununla da iş qapandı. Digər iş adamları da çəkildi və Musa Süleymanov istefa verdi. İş adamının bu istefasının bir şərti oldu – mən kluba stadionun verilməsindən sonra qayıda bilərəm. Bununla da iş müəyyən müddətə təxirə salındı.

Bütün bunlardan sonra da Tofiq Zeynalov dinc dayanmadı və Musa Süleymanovu şəhərdən qovdu. Süleymanov bir müddət Tovuza üzükmədi və ona aid olan «Simurq TV»də başlanan yoxlama hadisələrin üzünü başqa səmtə yönəltdi. Kanalda müxtəlif yeyintilər aşkarlayan vergi orqanları qapıları bağladı və bundan sonra SMTV-nin əsl sahibi – Musa Süleymanovla masa ətrafına oturuldu (SM-in açılışını Musa Süleymanovun yaxınları onun soyad və adının başlığı ilə də izah edirlər – SM). Bu dəfə danışıqlar ortaq qərarla yekunlaşdı. Stadion Musa Süleymanovun olacaqdı, SMTV isə bütün hüquqları ilə birlikdə Tofiq Zeynalovun ixtiyarına veriləcəkdi. Belə də oldu. Tovuz şəhər stadionu SMTV-nin qarşılığında Musa Süleymanova verildi və iş adamı yenidən «Turan» futbol klubunun prezidenti oldu.

Budur, aldığımız son informasiyalarda deyilir ki, Tofiq Zeynalov artıq SMTV-ni bağlayıb və onun yerində «TürkEl» telekanalını efirə buraxıb. Tovuzdakı mənbələrimizin sözlərinə görə, yeni yaradılan «TürkEl»TV bütünlüklə Simurq TV-nin avadanlıqları ilə fəaliyyət göstərir və bu kanal da əvvəlki kimi Qazax rayonundan Mingəçevir şəhərinə qədər ərazidə yayınlanır.

Mənbə kanalın adının dəyişdirilməsi ilə bağlı bir versiya da dedi. Onun dediyinə görə, Tofiq Zeynalovun SMTV-nin adını «TürkEl» olaraq dəyişdirməsinin kökündə yuxarıda qeyd etdiyimiz məqam dayanır. Yəni SM – Süleymanov Musa mənası daşıdığı üçün icra başçısı ümumiyyətlə, kanalın adının dəyişdirilməsini məqbul hesab edib.

Xatırladaq ki, Musa Süleymanov SMTV-ni Tovuzda bağlasa da, onun Bakı ofisi hələ də fəaliyyət göstərməkdədir. Görünür, Nərimanov rayon ərazisində yerləşən SMTV-nin Bakı ofisi iş adamı üçün xüsusi əhəmiyyət daşıyır. Mümkündür ki, Musa Süleymanov yenidən SMTV ilə bağlı şərait gözləyir və nə zamansa yenə öz kanalına qovuşacağı günün həsrəti ilə yaşayır.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button