Tomrid Hatəmi “Azadlıq salnaməsi”ndə (II hissə): ““Çənlibel” bu cür yarandı…”-VİDEO

“Meydan” hərəkatında olan döyüşkən ruh, qeydsiz-şərtsiz Məhəmməd Hatəminin ruhu idi…

Milli Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri Məhəmməd Hatəmi Tantəkinin qardaşıdır. Adını da Məhəmməd Hatəmi qoyub. Maraqlı əsaslandırması olub Tantəkinin. Bizim tarixdən “Tomris Ana” kimi tanıdığımız adın kişiləşdirilmiş forması Məhəmməd Hatəminin düşüncələrinə görə, Tomrid olub. Yəni Tomris Ananı qarşılığı Tomrid Ata olub. Bu düşüncələrlə də qardaşının adını qoyub. Həmin o qardaşı – Tomridi, biz sonra Milli Azadlıq Hərəkatının hər mərhələsində onun və millətin yanında görürük. Son nəfəsində də Tomridi onun yanında gördük – cənazəsinə də Tomrid çiyin verdi.

Məhəmməd Hatəmi Tantəkinlə mənim münasibətim o qədər də yaxın, sıx və rəvan olmayıb. Hər zaman məsafəli olmuşuq, amma zaman-zaman ondan müsahibə götürmək istəmişəm. Bu haqda dəfələrlə yazmışam, Hatəmi ilə müsahibə götürmək imkanları alınmayıb. Zaman-zaman onu razı salanda mənim imkanlarım olmayıb (həbsxana illəri başlayıb), mən onu tapıb razı salanda, mənim imkanlarım olanda isə onunla müsahibə götürə bilmədim – haqqın rəhmətinə qovuşdu. Mən son zamanlarına kimi heç Tomridi də tanımadım.

Tomridlə Hatəminin son günlərində tanış olduq. Hər sözünün başı o idi. Nemət Pənahlı tez-tez ondan hansısa arxivlər haqqında soruşar, “nə olsa Tomriddədir” cavabını alardı. Onda bildim ki, Tomrid həyatında olduğu kimi, sirrlərində də vacib adamıdır Məhəmməd Hatəmi Tantəkinin. Elə bizim dostluğumuz da o çətin və ağır günlərdən – Hatəminin son günlərindən başladı. Boşuna deyilməyib: “Hər son bir ilkin başlanğıcıdır.”

Tomridlə Məhəmməd Hatəmi haqqında danışmaq istədim. Məhəmməd Hatəmini onun kimi kim tanıya bilərdi ki. Tərəddüdlə razılaşdı. Əslində, onu yaxından tanıyanlar Tomridin müsahibəyə gəlməyəcəyini dedilər, amma deyəndə etiraz etmədi. Sadəcə, buna zaman lazım oldu və təxminən 6 aylıq zaman zərfindən sonra Tomridlə “Azadlıq salnaməsi”ndə söhbətləşə bildik.

Maraqlı və məlumatlı bir müsahibdir Tomrid bəy. Onunla söhbətimizin təkcə Məhəmməd Hatəmidən ibarət olacağını zənn etsəm də, elə olmadı. Nəsillərinin, ümumən, cənubda yaşayan soydaşlarımızın, inqilabların tarixindən danışdıq həm də. Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin həyatından, onların rəhbərlik etdiyi inqilabların tarixindən ibrətamiz məqamları bölüşdük. Babalarının bu inqilablarla əlaqəsi var, nəsillərinin kişiləri bu inqilablarda iştirak edib. Məhəmməd Hatəmi Tantəkinin barışmazlığının və mübarizliyinin səbəbləri Tomrid bəylə danışınca, anlaşılır. Genetikdir həm də – qandır mübarizə. Bu kökün, bu əsalətin üzərində elə Məhəmməd Hatəmi rişələnər, boya-başa çatar…

Ondan son arxivlərini istəyəndə “hər şeyim – bütün arxivim Tomriddədir” demişdi. Elə də oldu. Tomdir bəy onda olan nə varsa, təqdim etdi. Böyük dissident şair İsfəndiyar Coşğunun yazdığı şeirlərin əldə olunanlarının hamısını Tomrid bəy bizə təqdim edib. Onların ilk nümunəsini dərc etmişəm, digər nümunələrini də dərc edib, bütün əlimizdə olan şeirləri bir kitab halında nəşr etməyə çalışacağam. Bundan başqa, Tomrid bəy Məhəmməd Hatəmi Tantəkinin “Lefortovo gündəlikləri”ni də bu sətirlərin müəllifinə təqdim edib. O gündəliklər də yaxın günlərdə işıq üzü görəcək. Və təbii ki, imkanlarımızı səfərbər edə bilsək, Məhəmməd Hatəminin bütün yaradıcılığını bir neçə cild şəklində təkrar edəcəyik. Beləcə, millətimizin və onun şanlı tarixinin qarşısında Məhəmməd Hatəmiyə aid olan qismini yerinə yetirməyə çalışacağıq.

“Azadlıq salnaməsi”nin 23-cü qonağı Məhəmməd Hatəmi Tantəkinin qardaşı Tomrid Hatəmidir. Onunla millətin və Məhəmməd Hatəminin taleyindən danışırıq…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”  

 

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/tomrid-hat%C9%99mi-azadliq-salnam%C9%99sind%C9%99-i-hiss%C9%99-n%C9%99sillikc%C9%99-inqilabci-olmusuq-video/ (Tomrid Hatəmi “Azadlıq salnaməsi”ndə (I hissə): “Nəsillikcə inqilabçı olmuşuq”-VİDEO) 

 

II hissə

Tomrid Hatəmi “Azadlıq Salnaməsi”nin II hissəsində nə dedi:

– Mərkəzi hökumətin əmri ilə qoşunlar guya 3 gün müddətinə keçməli idi Şurəviyə, 3 gün müddətində yerli silahlarla təchiz edilməli idilər və geri qayıdıb bütün İranı demokratikləşdirməli idilər.

– Atam və əmim gəliblər evə ki, biz gedirik 3 günlüyə Azərbaycana, amma qayıdacağıq. Anam səbəbini soruşanda atam hər şeyi danışıb. …Anam o biri otağa keçib və atamın tüfəngini götürüb geri qayıdıb ki, məni və burada qoyduğun uşaqlarının hamısını güllələməlisən və elə getməlisən. Atam, “bu nə söhbətdir?” deyəndə, anam “ona görə ki, siz bir də bura qayıtmayacaqsınız” cavabını verib. Savadsız qadın olsa da, bilib ki, bu gedişin bir daha dönüşü yoxdur. Bundan sonra atam və əmim bütün ailəni yığışdırıb gəliblər.

–  Mənim adımı qoyanda Məhəmmədin 17 yaşı olub

– 1945-ci ildən götürmüş olsaq, Məhəmməd Hatəmi uzun illər idi ki, siyasətin içində idi, 10 yaşından Təbrizdə gənclər hərəkatına qoşulmuşdu. Təbrizin küçələrində mühafizə ilə məşğul idi.

– Müstəqillik əsas amaldır, nə olursan ol, müstəqil ol

– Məhəmməd Hatəminin siyasi fəaliyyəti elə o dövrlərdən – 1945-ci ildən başlayıb

– Seyid Cəfər Pişəvərini terror edib öldürdülər

– Seyid Cəfər Pişəvərinin necə öldürülməsi və bunun planlaşdırılması Mir Cəfər Bağırovun məhkəməsində açılıb ortalığa qoyuldu

– Əmimi və atamı xalq düşməni elan edib, bizi Xudat tərəfə – bir ləzgi kəndinə sürgün elədilər. Əmimgili də Zaqatalada bir ləzgi kəndinə sürgünə göndərdilər – iki qardaşı bir yerdə saxlamadılar.

– Bizi türk olmayan kəndlərə göndərməkdə də məqsəd var idi – danışmağa adam tapmasınlar

– Və… Məhəmməd Hatəmi də bunların hamısını görür, iclaslarda iştirak edirdi

– Xəyanət… Xəyanət… Xəyanət… Seyid Cəfər Pişəvəri rəhmətə gedəndə onun ağzından çıxan yeganə söz “Xəyanət” olub. Bu söz sənədlərdə də var.

– Mir Cəfər Bağırov da, Stalin də, Beriya da kriminal insanlar olublar. Bolşeviklər bu kriminallardan qəşəng istifadə ediblər – bunlar kriminal dünyanın adamları idilər, gəlib birdən-birə inqilabın rəhbərlərindən biri oldular…

– Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda daim mübarizə gedib

– Dəniz kənarındakı çayxanaları ona görə məhv etdilər ki, onlar inqilab ocaqları idi

– Fuad Ağayev və Bəxtiyar Tuncay adlı iki gənc bir elmi birlik yaratmaq arzusunu bildirdilər, deyəsən, adı “Qızıl Qoç” idi.

– Təşkilatın ilkin adını müəyyənləşdirəndə Məmməd Elli dedi ki, gəlin təşkilatın adını “Çənlibel” qoyaq. “Çənlibel” axı Azərbaycan xalqının azadlıq simvolu idi, bir məkan idi. Bu ad hamının xoşuna gəldi, hamı qəbul etdi və “Çənlibel” bu cür yarandı. Məhəmməd Hatəmi isə təşkilatın adının “Koroğlu” olmasını istəyirdi. Məqsəd bir-birindən uzaq düşmüş elmi ictimaiyyətlə xalqı bir araya gətirmək idi.

– Məhəmməd Biriyanı – Azərbaycan Milli Hökumətinin Maarif nazirini zəlil gününə qoydular. Gecələr onun qapısına gətirib yemək qoyurdular.

– Məhəmməd Hatəmi istər Cənubi Azərbaycanda, istərsə Sovet hökumətində arzuolunmaz bir şəxs olduğu üçün, “KQB”-nin “qara siyahısı”nda olduğu üçün istəmirdi də – məsləhət də belə idi ki, irəlidə olmasın

– Azərbaycan ziyalıları “Çənlibel”də gedən söhbətləri görüb qorxuya düşdülər və çoxusu qaçıb aradan çıxdı, bir daha görsənmədi

– “Çənlibel”dəki insanların əksəriyyəti, demək olar ki, hamısı mövqelərini dəyişirlər və “Çənlibel” ideyasından uzaqlaşmağa başlayırlar

– “Çənlibel” təşkilatı siyasiləşmiş bir hərəkat idi, proqramla işləyən bir qurum idi

– Universitetdən cavan uşaqlar göndərirdilər, onlar gəlib Məhəmməd Hatəminin üzünə dururdular, qayıdırdılar – onlardan biri də Fazil Qəzənfəroğlu idi. Məqsəd Hatəmini “Çənlibel”in İdarə Heyətindən uzaqlaşdırmaq və bu yolla “Çənlibel”in istiqamətini dəyişdirmək idi.

– Hatəmi “Çənlibel”lə maraqlanan insanlara Cənubi Azərbaycanın inqilabi ruhunu gətirirdi, xalq ayaqlanmağa başlamışdı

– “Meydan” hərəkatında olan inqilabi və döyüşkən ruh, qeydsiz-şərtsiz Məhəmməd Hatəminin ruhu idi…

II hissənin sonu

Tomrid Hatəmi ilə “Azadlıq Salnaməsi” fotolarda:

 

        

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button