‘Toplum’ internet televiziyasının əməkdaşı Elmir Abbasov polisdə  ifadə verib

“Toplum” internet televiziyasının əməkdaşı Elmir Abbasovun mayın 7-də Bakı Şəhər Baş Polis İdarəsində “Abzas Media” işi üzrə ifadə verdiyi bildirilir.

Bu barədə onun özü məlumat verib.

Abbasovun sözlərinə görə, ona verilən müəyyən sualları cavablandırıb. O, iltizam sənədinə imza atdığına görə, sualların nə ilə bağlı verildiyini açıqlaya bilməyəcəyini qeyd edib. Dindirmə onun dediyinə görə, təxminən saat yarım çəkib.

O, hər hansı təzyiqlə üzləşmədiyini bildirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.

Elmir Abbasov “Toplum TV işi” üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onun barəsndə polis nəzarəti qətimkan tədbiri seçilib

Son aylar Azərbaycanda aralarında “Toplum” internet televiziyası, habelə “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla müəyyən qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda ümumilikdə 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə, mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button