Torpaq, anam əmanəti!

Ceyhun Nağı

Yox, elə hamısı var idi. Atası, anası, 3 bacısı, 3 qardaşı. İndi 35 yaşı olan həmin gəncin bəxtəvər olan bu dünyası cəmi-cümlətanı 10 il çəkdi. 1982-ci ilin mayında atası qəflətən xəstələndi, elə həmin ilin 27 iyulunda dünyasını dəyişdi. O gün atası dünyasını dəyişən uşağın uşaqlıq dünyası da dəyişdi.

Ucqar rayonun kəndində yaşayan bu ailənin dolanışıq problemləri başlandı. Gəncin isə qara günləri…

Qoyun-quzu, inək saxlayırdılar. Uşaqlıqdan oxumağa meylli olan gənc kitab-dəftərini yığıb hər gün heyvan otarmağa gedirdi. Ancaq yalnız heyvandarlıqla ailə dolandırmaq mümkün deyildi.

… Bir gün məhlə uşaqları ilə birlikdə çöllükdən köhnə butulka yığmağa getdi. Bu hadisə atasını itirdiyi ilin soyuq dekabrına təsadüf edirdi. Bütün ailə uşağı axtarırdı. Uşaq isə özünə görə deyildi. 100 ədəd butulkanı gətirib hovuzun soyuq suyunda yudu və satmaq üçün kənd dükanına apardı. Lakin butulkaları yuyanda əlləri donmuşdu. O gün anasının illərlə söylədiyi və heç vaxt unutmadığı bir tarixdir. Çünki qaz peçinin yanında ana-bala ağlaya-ağlaya övladın donmuş əllərini qızdıra bilmirdilər. Sabahısı günü butulkaları təhvil verib, əlində 13 manat evə gələn uşağın əllərinin donu yadından çıxmışdı. Çünki anası bu pula evə bazarlıq edəcəkdi və ən azı bir həftə evdə çay-çörək olacaqdı.

Bu minvalla xeyli yaşadılar. Dünyanın gərdişindən başı çıxmayan 10 yaşlı oğul böyüməyə çox tələsirdi. Nədən? Elə düşünürdü ki, böyüyəndə yaşadığı problemləri həll etmək üçün gücü olacaq və ailəsini bu ağır günlərdən çıxara biləcək. Hardan biləydi ki, övlad böyüyəndə onun probemləri də böyüyür.

Nəhayət, 1989-cu ildə orta məktəbi bitirdi. Ancaq yenə heç nə dəyişmədi. Ondan daha zəif oxuyan sinif yoldaşları institutlara «qəbul» oldular, o isə ilk qəbuldan daha da sınmış qayıtdı. Vaxt gəldi, sinif yoldaşları ard-arda ailə qurmağa başladı. Onda anladı ki, uşaq böyüyəndə problem də böyüyür. Çünki sıralanıb «bəyliyə» gedən dostlarından geridə qaldı. Axı toya xərcəməyə pul lazım idi…

Bu dərd onun ürəyini didirdi. Elə anasının da. Saatlarla ana-bala üz-üzə oturub danışmırdılar. Amma hər ikisi ürəyində bir-birinə nə dediyini və nə cavab aldığını çox yaxşı anlayırdı. Bu sükunət «söhbət»dən sonra ana ağlamaq üçün bağçaya gedərdi. Oğlu görməsin axı, böyük kişidir. Oğul isə yatağa uzanıb, Nüsrət Kəsəmənlinin «Hamııs sevgidəndir» kitabını oxuyardı.

Yoox. Onun sevmək üçün halı yox idi. Axı sevdiyin qızın üzünə çıxmağa da ən azı bərli-bəzəkli, dəbə uyğun geyinmək lazım idi. Ehhh, hardan?

Oxuyurdu: Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə bir vardı, biri yox.
Bu şeri sona qədər oxuya bilmirdi. «Şalvar-pencək geyinərdi tay-tuşum, Məndə isə biri vardı, biri yox» hissəsinə çatan zaman qəhər onu boğardı və kitabı qucaqlayıb üzüqoyulu yatardı.

Taleyin üzünə gülən vaxtları da oldu. İnstituta qəbul olundu. Uğurlu qurtardı və nəhayət, işə başladı, ailə qurdu.

2007-ci ilin avqustuda anasını da itirdi. 35 yaşlı oğlunun hələ də problemlər içərisində boğulduğunu görən ananın ürəyi dözmədi. Gecə saat 4-ün yarısında eşitdiyi bu xəbər onu çox üzdü və çox da üzəcək. Amma tale ilə barışmağa məcburdur. Beləcə, çox ağır bir ömür yaşadı anası. Deyirlər ki, yaman günün ömrü az olar. Ancaq az olmadı. 35 ildir və hələ də davam edir…

…O gənc mən idim, dəyərli Oxucular. Ürəyimdən keçən bu hissləri qələmə almağa çalışdım. Bu kiçicik yazıya sonluq qoya bilmirəm. Yenə də analı xatirələr.

1990-cı iln 20 yanvarından sonra bütün Azərbaycan 40 gün yas tutdu. Və nəhayət, enerji bloku partladılan AzTV efirə çıxdı. Hamının sevimlisi, diktor Rafiq Hüseynov qalstuksuz idi. Şəhidlərə uzun bir yas nitqi söylədi və sonda anamın çox sevdiyi bu bayatını tamaşaçılarla bölüşdü:

Analar anar ağlar,
Saçların yolar ağlar
Dönər ağ göyərçinə,
Yollara qonar ağlar.

İndi əlim çatmayan o ananı torpağa tapşırdıq. Torpaq, anam əmanəti!

“Bizim yol” qəzeti

09 noyabr 2007-ci il

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button