Toyuqlar üçün nəğmə

Qənimət Zahid

III yazı

Rasim arıq uzun oğlan idi. 27 yaşındaydı. Amma zahirən xeyli qoca görünürdü. Hər halda 30-dan yuxarı, həm də 30-un axırıncı illərinin yaşını vermək olardı. Zahiri bu qədər yaşlı olsa da, yaşadığı illərin sayını özü bildiyindən qarşısındakı adamların da fizioloji mövcudluq tarixini daha dəqiq müəyyən edə bilir və ona uyğun da davranış göstərirdi. Məsələn, o, dərhal müəyyən edə bilmişdi ki, mən ondan 10-15 yaş böyüyəm və özünü təntənəli şəkildə “balaca qardaş” elan etməkdən də çəkinməmişdi. Hərçənd, həbsxanada kiminsə “böyük qardaşı” olacaq qədər bir təcrübəm, iddiam və cinayətkar aləm qarşısında hansısa xidmətlərim olmadığından, Rasimin “kiçik qardaş”lıq iddiasını da cavabsız qoymağa məcbur idim. Həbsxanada “böyük qardaş” adı və iddiası “qanuni oğru”lara aiddir. Mən isə həbsxana həyatını siyasi məhbus olaraq yaşayan birisiyəm. Burada siyasi məhbusun hətta “böyük qardaş” olmadan çoxlu “kiçik qardaş”larının olması möhtəşəm bir uğur sayıla bilər. Əlbəttə, siyasi məhbuslar həbsxana iyerarxiyasının özəl bir yerini tutmur, amma siyasi məhbuslarla cinayətkar aləmin münasibətlərinin necə tənzimləndiyini, bu iki kateqoriyadan olan həbsxana sakinlərinin birgə tarixi mövcudluq formaları barədə də bəzi bilgilərimiz və hekayətlərimiz olacaq. Bütün bunların Rasimin hekayətinə birbaşa bağlılığı olmadığını düşünürəm. Rasimin hekayətinə dırnaqarası baxmamağa çalışın. Adidən adi olay kimi dəyərləndirməyin. Bu adidən adi olay sıradan bir adamı həyatın dibinə doğru sürükləyə bilibsə, deməli, artıq adi deyil, fövqəladədir. Sizi dəhşətə gətirməmək üçün Rasimin hekayətini öz dilindən təqdim edəcəyəm. Çünki o, öz həyat hekayətində həm də təbəssümləri təqdim edir. Sürətli çöküş yaşayan bir gənc öz faciəsini bu qədər dolğun təbəssümlə anladırsa, amma bununla yanaşı, öz faciəsini göynəyə-göynəyə yaşayırsa, bu, anlaşılmazlıq deyil. Bu təzadı anlamamaq üçün özünüzü Rasimdən daha qafasız, daha savadsız kökə salmayın:
“Atam öləndə 21 yaşım vardı. Əsgərlikdən gəldim, məni evləndirdi, sonra da qəflətən öldü. Varlı-hallı bir adam deyildi, amma orta ölçülü bir dükanımız vardı və atam bu dükanı saat kimi işlədirdi. O zamanlar ailəmizin yaxşı dolandığını düşünürəm. Atam öləndən sonra dükan mənə çatdı. Dükanı mən işlətməli idim. Evin tək uşağı mən idim. Bir anam, bir də həyat yoldaşım. Balaca ailə idi və bu dükanla bu ailəni saxlamaq böyük bir hünər istəmirdi. Dükanımızda məişət təsərrüfatı malları satırdıq. Əsasən də İran malları. Lənkəran-Astara zonası İranla ticarətdən babat dolanır. Bizim bu balaca dükanımızda hərdən, hətta satlıq televizor, soyuducu-filan da olurdu. Deyirəm axı, atam bu dükanın damarını tutmuşdu. Amma məndə alınmadı. Alınmadı deyəndə ki… Niyə də alınaydı ki? Yox, elə bilməyin ki, mən fərasətsiz adamam, bir dükanı işlədə biləcək karım yox idi. Var idi. Atamın sağlığında da dükanın təchizat işlərini mən yoluna qoyurdum. Atam bizim obyektin xarici işlər naziri kimi bir vəzifəni icra edirdi (Rasimin mərhum atasının vəzifəsini mən belə adlandırdım, o da etiraz eləmədi). Kimə nə qədər haqq ödəmək lazım idisə, özü yoluna qoyurdu. Mən cavan bir uşaq idim, mənimlə söhbətləri alınmamağa başladı. Onlar çox istəməyə başladılar. İcra hakimiyyətindən üzü aşağı hamı haqq yığmaqla məşğuldu axı. Hələ biz tərəflərin bir ağır bəlası da var: Regionallar bəlası. Bunlar da əlavə idarələrdir, onlar da öz haqlarını yığırlar. Mənimlə yola getmədilər. Gördüm ki, açıqdan-açığa məni soymaq fikrindədirlər. Elə bir karlı qohumum da yoxdu ki, bunların bir-ikisi ilə danışıb mənim yükümü yüngülləşdirəydi. Axırı bezdim, dükanı kirayə verdim. Dükanı kirayə vermək o qədər də pis fikir deyil, amma mənim kimi yetimin biri üçün yox. Gərək bir işin olsun ki, dükanı kirayə verib işləyəsən. Yoxsa, ayda bir dəfə kirayə pulu alıb avara-avara gəzməklə olmaz. İş də ki tapa bilmirdim. Günlərimi çayxanalarda keçirirdim. Bir ara çayxanalara da hücumlar başladı. Mənim belə şeylərdən başım çıxmaz, amma deyirdilər ki, çayxanalara toplaşanlar hökumətin düşmənləridir, ona görə adamlar çayxanalara da qorxa-qorxa baxmağa başladılar. Mən çayxanalardan hökumətə hansı pisliklərin gələ biləcəyini az anlayıram. Orada bütün günü ya domino oynayırlar, ya da nərd. Çayxanaya belə diqqətdən sonra cavanların çoxu xəlvət yer tapıb qumara başladılar. Axı, onlar da işsiz olurdular. Hamı Rusiyaya getmir. Getməyənlərin biri mən. Mənim kimi də ha çoxları…

Bizim zonada 234.-ə “milli statya” deyirlər. Niyə? Ona görə ki, İranın qapısının ağzında oturmuşuq, oradan qazan gətirən də var, vedrə-ləyən gətirən də, aftafa gətirən də, amma tiryək-geroin işinə baxan da var. Aftafa-ləyən gətirənlərin zəhləsini tökürlər, gündə bir qanun çıxarıb “limit var” deyirlər. Amma tiryəkə bir köpəyoğlu limit qoymur. Bunun limiti budur ki, kim gətirə bilər, kim yox. Mən hələ də başa düşmürəm ki, aftafaya nə limit ola bilər?.. Aftafa-filan cəhənnəm olsun. Bu qarmaqarışıqlıqda bir də onu gördüm ki, gönü vermişəm suya. Elə siftəsini də tiryəkdən başladım. Yavaş-yavaş dərinə düşməyə başladım. Amma mənim bir mərd hərəkətim də var ha! Mən o dükanın pulundan bir qəpik də götürüb tiryəkə verməmişəm. Bilmirəm, nə möcüzədirsə pul tapılırdı. Oğurluq-filan da eləmirdim. Düşürdü də… Məsələn, biri istəyirdi velosipedini satsın, onu götürüb üstünə bir-iki manat qoyurdum, elə küçənin o biri başında da kiməsə sırıyırdım gedirdi. Belə-belə işlər olurdu. Sonra belə yarımdəllallıq da əziyyətli iş sayılır, keçirsən dələduzluğa. Yaxın çevrəmi də beləcə daradım. Dostlardan-tanışlardan, yaxın-uzaq qohumlardan, dostların dostlarından… 178 çox maraqlı maddədir, Hacı (Mənim ibadət etdiyimi və üstəlik Həcc ziyarətinə getdiyimi biləndən sonra həbsxana əhli “müəllim” sözünü bir qırağa tullayıb bu müraciət formasını seçdi). Bu maddənin altında həbsxanaya düşən adamlar xüsusi qabiliyyət və istedad sahibləri olur, onlar əməlli-başlı psixoloqlardır. Mən 178-lə tutulmamışam. Yəni dələduzluq üstündə. Oğurluğa görə tutulmuşam, amma rahatca 178-lə də tutula bilərdim. 177 oğurluqdur. Amma mən bu 177-yə 178-dən dönənlərdənəm. Yadımdadır, ilk dəfə üç-dörd il qabaq birinci dələduzluq əməliyyatını sınaqdan çıxarmışam. Qonşu paltaryuyan maşınını satırdı. Onu alıb qonşunun istədiyi qiymətdən bir az artığına satdım. Bu “makler pulu” mənim yarama məlhəm deyildi. Ona görə də pulun yarısını verdim, yarısını isə “bir həftəyə-zada verəcəyəm”, dedim. Amma özüm bilirdim ki, verməyəcəm. Beləcə, bu proses işə düşdü. Əvvəllər işlər yaxşı gedir. Sakit, başıaşağı adamdım və hamı məni fağır və dürüst adam kimi tanıyırdı deyin, problem olmurdu. Həm də çoxları elə bilirdi ki, dükan sahibi olmaq əməlli-başlı kapitalist olmaq deməkdir. Ona görə də rədd cavabı yox idi. Sonra ikinci dalğa başladı. Köhnə borc sahiblərinin iddiaları və yeni borc yeri tapmağın çətinləşməsi. Amma elə böyük borclarım olmazdı. 50 manatdan üzü aşağı. Hərdən hətta fikirləşirdim ki, bunlar nə qəribə adamlardır, beş-on manatın məhəbbətini ürəklərindən silə bilmirlər. Bu arada işim də ikiqat çətinləşmişdi. Mənim dükanımı kirayələyən adamı da mənim kimi bezdirib biznesdən qovdular. Bir neçə ay səmimi şəkildə pul “atmağa” girişdim. Evdəkiləri də dolandırmaq lazım idi, axı. Allah üzümə baxdı. Bütün ətraf mühit daralıb məni tamam sıxmağa başlayanda, bir Rusiya adamı dükanımı yenidən kirayələdi. Bir az işim yüngülləşsə də, gələcəyim daha da ağırlaşırdı. Mənim bir-iki il əvvəlki məsumluğumdan heç nə qalmamışdı. Bu məsumluğun gərəkliliyini də saxlayacaq heç nə yox idi. Mən dəyərimi tamam-kamal itirdiyimin fərqindəydim. Amma bununla da barışdım. Barışmayıb neyləyəydim ki? Özümü öldürməyim gəlmirdi. Belə fikirlərim olub hərdən. Özümü bitirmək istəmişəm. Amma son anda məni hətta mənasız görünə biləcək şeylər fikrimdən döndərib. Amma ciddi fikirlərim də olub. Anamı və yeganə oğlumu düşünmüşəm. Anam mənim çox dəyərli adam olaraq qaldığımı düşünürdü. Oğlum isə hələ lap balacaydı.
Aldatmağa-fırlatmağa adam qalmadığını qərarlaşdırandan sonra xırda-mırda oğurluqlara başladım. Həm də, artıq bu həyatda da tək deyildim. Bir-birinə heç bir müqəddəs hisslərlə bağlı olmayan, amma taleyin hansısa məcburi ipiylə baş-başa bağladığı bir dəstə adamdan biriydim. Bizim öz həyat tərzimiz vardı. Biz bölüşməzdik, amma qəti olaraq bilirdik ki, bir-birimizi aldada bilmərik. Məsləhət deyil. Biz bir-birimizə güvənmirik, amma bir yerdəyik, çünki başqa yerlərdə olmaq haqqımız yoxdur. Biz bu haqqı ya itirmişik, ya da onu bizim əlimizdən alıblar. Ona görə də bu yeni icmadakı adamların yeni mövcudluq haqqları naminə yığışdıqlarını düşünmək olar. Biz qanuni haqqımızdan məhrum olandan sonra qanunsuz haqların əldə olunmasını məqsəd olaraq seçənlərdənik. Qanun bizi bitirdi və biz belə hesab edirik ki, qanunsuzluq bizi yaşada bilər. Mən bu məsələləri bu qədər dərindən bilən adam deyiləm, Hacı, səninlə söhbətdən belə başa düşürəm ki, biz kimik. Yox, biz o adamlar deyildik ki, qanun bizi bitirdiyinə görə bizim də qanunu bitirmək kimi cəsarətli fikrimiz olaydı. Yox, biz öz diriliyimizi qanunsuzluqda təsəvvür edən adamlarıq, vəssalam. Başqa heç bir fikrimiz yoxdur. Heç, bunun belə olduğunu da bilmirdik. Belə sözləri danışmaq üçün də savad lazımdır axı.
Hə, mən ilk dəfə nə oğurladığımı xatırlamıram. Hər halda 10-15 şirvanlıq bir şey ola bilərdi. Mənim bütün oğurluq təcrübəmdə bundan daha iri məbləğ olmayıb. Amma çox məzəli oğurluq əməliyyatlarım olub. Məsələn, bir dəfə gecə səhərə qədər toyuq hinində qalmışam. Səhər üzü saat 4-ə yaxın birtəhər canımı qurtarıb qaçmışam. Gecə saat 12-filan olardı, özümü verdim əvvəlcədən bələdlədiyim həyətə. Bu vaxtlar ev sahibləri çoxdan yatırdılar. Qış vaxtı, kənd adamı bu zamanlara qədər oyaq qalmır. Həm də bu evdə bir qoca kişi ilə qoca arvad yaşayırdı. Onlar lap ertədən yatıb yox olurdular. Hinin qapısını aralayan kimi toyuq xoruza qarışdı, xoruz toyuğa, çığırtı qopdu. Tez içəri dürtülüb qapını bərk-bərk örtdüm. Hin evə bitişik idi. Toyuqların şaqqıltısına ev yiyəsi çıxdı. Ancaq qoca kişi səsi ilə bərabər cavan bir oğlan səsi də gəldi. Hinin ağzında dayandılar. Mən özümü lap küncə dürtdüm. Elə bil toyuqlar mənim burada olmağıma öyrəşib səslərini kəsdilər. Cavan oğlan alışqanın arxasındakı balaca fənərin işığını hinin içinə soxdu. Amma özü boylanıb içəri baxmadı: ya qorxdu, ya da arxayınlaşdı ki, burada heç nə ola bilməz. Toyuqlar mənim tərəfimə keçdikləri üçün asayiş tamamilə bərpa olunmuşdu. Qoca kişi qarısının adresinə bir-iki yağlı söyüş söydü ki, hinin qapısını örtüb, amma cəftələməyib. Oğlan da bu söyüşlərdən ləzzət alırmış kimi şaqqanaq çəkib güldü. Kişi çox məzəli söyüşlər söyürdü, hətta mən də özümü gülməkdən zorla saxladım. Qocanın fırlatdığı söyüşlərdən biri qarının sənədlərinə aid idi: “Sənin pasportunu…” deyirdi. Qapını cəftələyib getdilər. Onlar gedəndən xeyli sonra yavaş-yavaş qurdalanmağa başladım. Bir balaca tərpənən kimi toyuqlar da dingildəyirdi. Əlimi yerə sürtüb bir-iki çəngə saman qamarladım. Bu samanı didib bir qırağa topaladım. Sonra yavaşdan, yalnız toyuqların və mənim eşidə biləcəyim pıçıltı ilə “cip-cip-cip…” deyə bu saman ovuntusunu toyuqların qabağına səpə-səpə yerimi qapıya tərəf dəyişməyə başladım. Hin alçaq idi və təbii ki, mən oturaq vəziyyətdə idim. Qərəz, toyuqları aldada-aldada qapıya çatdım. Bundan sonrası da məsuliyyətli iş idi. Əlavə səs-küy salmadan və toyuqları cırnatmadan qapının cəftəsini birtəhər açmaq lazım idi. O gecəyə qədər mən dünyada toyuqdan axmaq canlı olduğunu bimirdim. Amma bu yaramazlar da çox həssas heyvan imişlər. Nəsə, bütün bacarığımı və əlimə keçirə bildiyim çör-çöpü, məftil qırıntılarını işə salıb qapını bir-iki saata aça bildim. Hinin divarını uçurub qaçmaq bundan rahat olardı, amma səs-küyü çox olardı. Qapını açan kimi əlimə keçən iki toyuğun boğazından tutub dabanıma tüpürdüm. Mən hasardan aşanda toyuqların çığırtısını eşitdim, amma daha iş mənlik deyildi.
Mənim adımı toyuq oğrusu qoymağınızı istəmirəm, haaa. O da bir cəhd idi.

Amma sonuncu əməliyyatımız lap məzəli oldu. Orada bir köhnə çay zavodu var. On ildir işləmir, üzünə baxan yoxdur. On il əvvəl kimsə o zavodun yerini, hasarlarını-filanını özəlləşdirib, amma zavodun içində zavod adında heç nə yoxdur. Uşaqlardan biri dedi ki, o binanın içində bir “rubilnik” var. “Rubilnik”ə müştəri də tapmışdı: 50 manata sata bilərdik. Üç nəfər getdik. Zavodun gözətçisi-zadı da yox idi. Deyəsən, gecələr orada kimsə hərlənib elə-belə baxır ki, daşını-divarını söküb aparmasınlar. Getdik. Sən demə, bizim üçümüzdən birimiz polisə “işləyirmiz”. Biz ikimiz arxa divardakı balaca bir oyuqdan içəri keçdik, bir nəfər isə oyuğun yanında qarovula durdu ki, gələn olsa xəbər eləsin. Başım “rubilniki” sökməyə qarışmışdı, bir də baxdım ki, yanımdakı yoxdu. “Rubilnik”i söküb qucağıma aldım. Oyuğun ağzına qədər gətirib o tərəfə ötürdüm. Astadan “çək, götür” dedim, çəkib götürdü. “Rubilnik”in dalınca özümü də oyuğun bu tərəfinə atdım və özümü düz polislərin əhatəsində gördüm. Hə, doğrusu, üçümüzdən birinin, ya ikisinin polisə işlədiyini hələ də dəqiqləşdirə bilmirəm. Biri yüz faizdir, çünki buralarda polis fırlanmazdı. Tutdular, tutuldum. Şöbədə məni buraxmaq üçün 1000 manat istədilər. Elə-belə, havaya deyilmiş söz kimi qəbul etdim. Məndən ya min manat istədin, ya bir milyon manat, fərqi yoxdur, onsuz da verə bilmirəm. Elə bu cür də dedim ki, “rəis, adını bir az ağır qoy, onsuz da bir qəpik də vermək imkanım yoxdur”. “Bəlkə bir az aşağı?”, dedi, “beş-altı yüzə də əmələ gələr. Nəyinə lazımdır, gedib 3 il zonda oturmaq”. Ağlıma güc verdim, dedim: “onda buraxın, gedim gətirim”. Rəisin bəbəklərində ehtiras göründü, sifəti boşaldı: “bax ha! Aradan çıxmaq fikrinə düşmə! Səni faktla tutmuşuq”. Buraxdılar. Şöbədən çıxdım və özüm üçün qətiləşdirdim ki, məni hərləyib tutana qədər azadlığın dadını çıxarmaq lazımdır. Tam 14 gün ələ keçmədim. Arxa küçələrdə hərlənirdim, özüm üçün. Amma 14-cü gün post-patrul maşını ilə alın-alına dirəndim, qaçmağa macal tapmadım. Tutdular, şöbəyə gətirdilər, oradan məhkəməyə sürüyüb iki aylıq həbs qərarı verdilər, sonra da qatdılar bura. İndi o zavodun yiyəsi özünü öldürür ki, a balam, bu yetimi buraxın getsin, mənim o “rubilnik” zibili avadanlıq hesab eləmək fikrim yoxdur, götürüb, yaxşı eləyib. Polislər də dirəniblər ki, yox, qələt eləyib, bu cinayətdir, qapalı yerə daxil olub özgənin əmlakını tamah məqsədilə mənimsəyib. 177-nin ən azı 1-i düşür, qoy getsin yatsın, ağlı başına gəlsin. Mənim tutulmağıma etirazım-filanım yoxdur, amma bir narazılığım var: axı mənə imkan versəydilər ki, o balaca dükanımı adam kimi işlədim, mən gedib başqasının hinində toyuqlara nəqərat oxutdurardım?

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button