Tramp Prezident seçilərsə iqtisadiyyatda nə yaşanacaq?

Yayımlandı: 1 İyul 2024 13:13

Debat Donald Trampın yenidən seçilmə ehtimalını gücləndirib

“Morgan Stanley” komandası Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə, iqtisadi artımın yavaşlayacağını, inflyasiyanın sürətlənəcəyini proqnozlaşdıran açıqlama yayıb.

“Morgan Stanley” Nyu Yorkda mənzillənən Amerika investisiya bankıdır.

Bank ekspertləri qeyd edirlər ki, ABŞ-da prezidentlik debatı Donald Trampın yenidən seçilmə ehtimalını gücləndirib. Səbəb keçmiş Prezidentin immiqrasiya və tarif siyasətlərinə diqqət çəkməsidir.

Debatdan sonra Trampın Prezident Co Bayden üzərində qalib gəlməsi ehtimalı yüksəlib. Bu da iqtisadiyyatda eniş-çıxışlara səbəb verib.

Tramp sənədi olmayan miqrantları ölkədən çıxarma sözü verib. Həmçinin Çinə qarşı gömrük vergilərinin artıracağını bildirib. Ona görə də ticarətçilər daha yavaş böyümə və daha sürətli inflyasiya riski gözləyir.

Ötən həftə Amerikada prezidentliyə namizəd Co Bayden və eks Prezident, hazırki namizəd Donald Tramp arasında ilk debat olub.

Debatda hər iki namizəd bir-birlərinə qarşı sərt mövqe nümayiş etdirib.

Tramp çıxışı zamanı Baydenin qəbul edilən zəif tərəflərinə toxunub. Bildirib ki, immiqrasiya, inflyasiya qorxu yaradacaq həddədir.

Bayden isə bildirib ki, ölkəsi onun rəhbərliyi zamanı “COVID 19” pandemiyasının gətirdiyi tənəzzüldən üzüağ çıxıb. İnflyasiya azalıb, yaşlı amerikalılar üçün dərman qiymətləri ucuzlaşdırılıb. Yenidən Prezident olarsa, sosial proqramların maliyyələşdirilməsini dəstəkləmək üçün yüksək gəlirli amerikalıların vergilərini artıracağını bildirib.

Tramp isə deyib ki, iqtisadi yüksəlmə vergilərin azaldılması ilə onun rəhbərliyi dövründə olub. O, Baydeni qeyri-qanuni miqrasiyaya göz yummaqda, buna təşviq etməkdə günahlandırıb. Bildirib ki, bu, aşağı gəlirli amerikalılara zərər verir.

Bayden isə cavabında “araşdırmalar göstərir ki, immiqrantlar orta hesabla ABŞ-da doğulmuş vətəndaşlara nisbətən daha az cinayət törədir”, – deyib.

Debatda daha çox son illərin inflyasiyası, qadınların abort hüququ, miqrasiya, Ukraynaya yardım, çoxuşaqlı ailələrə dəstək, iqlim dəyişikliyi ilə mübarizənin müzakirəsi təklif edilb.

Lakin hər iki namizədin bu sualların üzərindən keçdiyi bildirilib. Onların hər ikisi 90 dəqiqəlik debat ərzində öncədən hazırladıqları çıxışları səsləndiriblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button