Tramp qəzəbləndi, ticarət müharibəsi başlatdı

ABŞ prezidenti Donald Trampın polad və aliminium idxalına gömrük rüsumları tətbiq etməsi dünyada çaxnaşmaya səbəb olub. Virtualaz.org xəbər verir ki, ABŞ prezidentinin bu qərarı Ağ Evdə getdikcə sıxışdırılması ilə bağlı hiddətlənərək verdiyi üzə çıxıb.

“NBC News” telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirir ki, prezident Ağ evin keçmiş kommunikasiyalar direktoru Houp Hiksin xüsusi prokuror Robert Müllerə Rusiya işi üzrə onun əleyhinə ifadə verməsindən, kürəkəni Jared Kuşnerin dövlət sirrinə çıxış imkanlarının dayandırılmasından və prokuror Ceff Seşnsin son davranışlarından bərk qəzəblənib.

Mənbənin bildirdiyinə görə Ağ evdə Trampı hələ belə görən olmamışdı. “O, açıq-aşkar davaya köklənmişdi və maliyyə naziri Stiven Mnuçinin, habelə iqtisadi siyasət üzrə müşaviri Gari Konun məsləhətlərinə məhəl qoymayaraq qlobal ticarət müharibəsin başlamağı qərara aldı”-mənbə deyib.

Trampın martın 1-də verdiyi bəyanata əsasən ABŞ-a xaricdən idxal edilən polad və alimiminuma gömrük rüsumu tətbiq ediləcək. Polada 25 faiz, alimimiuma 10 faiz rüsum tətbiq ediləcəyi açıqlanıb. Bu qərar bir həftə sonra qüvvəyə minəcək və ABŞ-a polad, alimimium ixrac edən ölkələri, xüsusən də Çinə və Avropa ölkələrinə, Hindistana və digərlərinə ciddi zərbə vuracaq.

“Biz polad və aliminium idxalına gömrük rsumu tətbiq edirik. Uzun müddətdən bəri ilk dəfə bizim müdafiəmiz olacaq”-Tramp bildirib. ABŞ prezidenti bunu ölkəsinin ticarət tərəfdaşlarının “haqsız qazanc” əldə etməsi və Birləşmiş Ştatlarda yüz minlərlə iş yerini təhlükə altında qoyması ilə əsaslandırıb.

Trampın qərarı dünya birjalarında neqativ təsirlərə səbəb olub. Qiymətli kağızların ucuzlaşması nəticəsində dünya zənginləri cəmi iki günə yüz milyardlarla dollar itirib. Aparıcı polad və aliminium istehsalçılarının səhmləri ucuzlaşıb.

Artıq ABŞ-a polad və aliminium ixrac edən ölkələrin əksəriyyəti cavab tədbirləri görəcəklərini bildiriblər. Avropa Komissiyasının prezidenti Jan klod Yunker ABŞ-a qarşı cavab tədbirləri hazırladıqlarını açıqlayıb. Çin Birləşmiş Ştatları dünya iqtisadiyyatına və qlobal ticarətə zərbə vuran qərarlardan çəkinməyə çağırıb. Rəsmi Pekin bildirir ki, digər ölkələr də ABŞ-ın addımını təkrarlasa dünya ticarətinə ciddi zərbə dəyəcək. Kanada xarici işlər naziri Xrist Friland da ölkəsinin cavab tədbirləri görəcəyini bildirib. Kanada hər il ABŞ-a 2.5 milyon tona yaxın metal ixrac edir.

Analitiklərə görə Trampın qərarı əsasən ABŞ-la Çin arasında ticarət müharibəsinə gətirib çıxaracaq. Çünki Çin ABŞ-a ən çox polad ixrac edən ölkədir və təbii ki, Trampın qərarından ciddi ziyan çəkəcək. Digər tərəfdən Trampın qərarına görə ABŞ iqtisadiyyatına da ciddi zərər dəyəcək, bu qərarın xeyrindən çox ziyanı olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button