Tramp üçün çətin günlər başladı-İMPİÇMENT

Ağ ev bu gün ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenskinin ilk telefon söhbətinin stenoqramını yayıb. Bu söhbət 21 aprel 2019-cu ildə – Trampla bağlı impiçment prosedurunun başlamasına səbəb olan iyul söhbətindən üç ay əvvəl baş tutub. Aprel danışıqlarını yayacağına söz verən ABŞ lideri onu ikincidən (impiçment qalmaqalına gətirib çıxaran telefon söhbətindən) daha əhəmiyyətli sayır.

Stenoqram Trampın impiçment proseduru ilə bağlı ABŞ Nümayəndələr Palatasının xüsusi komitəsi tərəfindən keçirilən ictimai dinləmələr çərçivəsində dərc olunub. ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviç bugünkü dinləmələrdə iştirak edib.

Yayılan mətn telefon söhbətinin sözbəsöz tərcüməsi deyil. Bu mətn ABŞ Əməliyyat Qərargahının və Milli Təhlükəsizlik Şurasının növbətçi işçilərinin qeydlərinə əsaslanır.

Strateq.az xarici mətbuata istinadən Trampla Zelenskinin ilk telefon söhbətinin stenoqramını təqdim edir.

Tramp: Mükəmməl nəticə və əla seçkilər münasibətilə sizi təbrik etmək istəyirəm.

Zelenski: Zənginizə görə şadam. Təşəkkür edirəm. Sizinlə söhbətimizə çox şadam. Təbrikə görə çox sağ olun.

Tramp: Seçkilər inanılmaz idi.

Zelenski: Bir daha sağ olun. Gördüyünüz kimi, çox çalışdıq. Siz bizim üçün əla nümunə oldunuz.

Tramp: Əminəm, sizdə hər şey əla alınacaq. Ukraynada sizi tanıyan və sevən çox dostum var. Onlar sizin qələbə qazanacağınıza əmin idilər. Nail olduğunuz şey inanılmazdır.

Bəli, müəyyən mənada mən də oxşar bir şeyə nail oldum. ABŞ-da inanılmaz irəliləyiş əldə etdik. İndi iqtisadiyyat tarixdəki ən yaxşı vəziyyətindədir. Sizi təbrik etmək istəyirəm. Heç şübhəsiz ki, gözəl bir prezident olacaqsınız.

Zelenski: Hər şeydən əvvəl, təbriklər üçün bir daha təşəkkür edirəm. Ukrayna müstəqil bir ölkədir və biz xalqımız üçün hər şeyi edəcəyik. Dediyim kimi, siz bizim üçün əla bir nümunəsiz. Sizin əldə etdiyizin nəticələrə nail olmağı ümid edirik.

Hər zaman çoxları üçün gözəl bir nümunə olaraq qalacaqsınız. Siz bizim idarəçilər üçün gözəl bir nümunəsiniz. Mümkünsə, sizi də andiçmə mərasiminə dəvət etmək istəyirəm. Çox məşğul olduğunuzu başa düşürəm, amma andiçmə mərasiminə gələ bilsəniz, o gün bizimlə birgə olsanız, əla olar.

Tramp: Çox gözəl. Nə vaxt baş tutacağını mənə deyərsiz, ən azından əla bir nümayəndə göndərəcəyik. Bu böyük gündə orada olmaq üçün ABŞ-dan birdən artıq nümayəndə də gələ bilər. Ən azından, sizinlə birlikdə olacaq çox yüksək səviyyəli bir məmuru göndərəcəyik. Həqiqətən inanılmaz bir gün və inanılmaz bir uğurdur.

Zelenski: Bir daha təşəkkür edirəm, sizin səfərinizi və ya yüksək səviyyəli nümayəndə heyətinin ziyarətini gözləyəcəyik. Bizim gözəl ölkəmizi sadəcə sözlə izah etmək mümkün deyil. Burada gözəl, mehriban insanlar və çox dadlı mətbəx var. Ukrayna sadəcə heyrətamizdir. Sözlər ölkəmizi təsvir edə bilməz, ona görə də öz gözlərinizlə görsəz, daha yaxşı olar. Gələ bilsəniz, əla olar. Bir daha sizi dəvət edirəm.

Tramp: Ölkənizlə bağlı dediklərinizlə razıyam, səbirsizliklə gözləyirəm. Gözəllik yarışmasını keçirdiyim zaman həmişə əla insanlar olurdu. Ukrayna həmişə yaxşı təmsil olunurdu. Orada yerləşəndən sonra sizi Ağ evə dəvət etmək istərdim. Müzakirə edəcəyimiz çox şey var. Sizə hər şeydə dəstək olacağıq.

Zelenski: Dəvət üçün təşəkkür edirəm. Qəbul edirik və səbirsizliklə səfəri gözləyirik. Bir daha təşəkkür edirəm. Bütün komanda və şəxsən mən bu səfəri gözləyirik. Təbriklər üçün bir daha təşəkkür edirəm.
Lakin yenə də düşünürəm ki, bizim üçün vacib gündə – andiçmə günündə gəlsəniz, yaxşı olardı. Nəticələr (seçkinin) sadəcə inanılmazdır, çox təsirləndik. O gün bizimlə olsaydınız, möhtəşəm olardı.

Tramp: Əla. Tezliklə cavab verəcəyik və hər bir halda tezliklə görüşəcəyik. Təbrik edirəm! Xahiş edirəm, Ukrayna xalqına və ailənizə salamlarımı çatdırın. Çatdırın ki, onlara hər şeyin ən yaxşısını arzulayıram.

Zelenski: Bir daha təşəkkür edirəm. Uğurlu uçuş arzulayıram.

Tramp: Sizə ən xoş arzularımı yetirirəm. Bu gün sizə uğurlu bir çıxış arzulayıram. Tezliklə görüşəcəyk.

Zelenski: Çox sağ olun. Bu mənim üçün asan olmayacaq, amma ingilis dilini öyrənəcəm və ingilis dilində danışacağıq. Çox sağ olun.

Tramp: (gülür) Bunu eşitmək çox xoşdur! Çox yaxşı. Mən sizin dilinizdə danışa bilməzdim. Çox mütəəssir oldum. Çox sağ olun.

Zelenski: Çox sağ olun. Tezliklə görüşərik.

Tramp: Gününüz yaxşı keçsin. Uğurlar.

Zelenski: Sağ olun!

Bu, Trampla Zelenski arasında keçən birinci söhbətdir. İkinci söhbətin stenoqramının nə vaxt yayılacağı, ümumiyyətlə, yayılıb-yayılmayacağı hələlik bəlli deyil. İddialara görə, həmin söhbət zamanı Tramp Zelenskidən Kiyevə maliyyə və hərbi yardım qarşılığında Co Baydenin (ABŞ-ın keçmiş vitse-prezidenti, prezidentliyə hazırkı namizəd) oğlunun Ukraynadakı fəaliyyətinə (direktorlar şurasında təmsil olunduğu qaz şirkəti ilə bağlı) dair təhqiqata başlamağı xahiş edib.

Tramp iddia edir ki, Co Bayden oğlu Hanter Baydenin işini araşdıran baş prokuror Viktor Şokini işdən azad etmək üçün Ukrayna rəhbərliyinə təzyiq göstərib. Bu telefon söhbəti mətbuata sızan kimi Konqres ABŞ prezidentinə qarşı impiçment prosedurunun başladılmasına qərar verdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button