Trampın NATO qalmaqalı: Gürcüstan hədəfə çevrilə bilər

NATO ölkələri liderlərinin növbəti sammitində baş verən bəzi maraqlı olaylar beynəlxalq qalmaqallara yol açıb. Belə ki, hələ sammitdən əvvəl ABŞ prezidenti Donald Tramp bəzi NATO dövlətlərinə qarşı sərt ittihamlarla diqqəti çəkimişdi.

D.Tramp xüsusilə də Kanada və Avropa Birliyinin aparıcı ölkələrini hədəf almışdı. O, hesab edir ki, həmin ölkələr NATO-ya yetərincə üzvlük haqqı ödəmirlər. Bu səbəbdən də həmin hərbi-siyasi alyansın əsas xərcləri məhz ABŞ-ın çiyinlərinə düşür. Ona görə də Ağ Ev sahibi NATO-ya üzvlük haqqının məbləğinin artırılmasını tələb etmişdi.

Təbii ki, ABŞ prezidentinin sammitöncəsi açıqlamaları və tələbləri hədəfə alınmış ölkələr tərəfindən etirazla qaşılanmışdı. Və həmin ölkələrin narazılığı qarşılıqlı “söz dueli”nə yol açmışdı.

Halbuki narazı NATO ölkələri Ağ Ev sahibi ilə mübahisəyə girişməkdə bir qədər tələmişdilər;  onları gözləyən əsl sürprizlər isə hələ qabaqdaymış. Çünki ABŞ-ın davranışlarının əvvəlcədən proqlaşdırılması mümkün olmayan prezidenti əsas “hücum planı”nı sammitə saxlamışdı.

Məsələ ondadır ki, D.Tramp sammitdəki müzakirələrdə çıxış edərkən NATO ölkələrinə qarşı ittihamlarını daha sərt şəkildə dilə gətirməkdən özünü saxlaya bilmədi. Ardıncasa, ittiham etdiyi NATO ölkələri liderlərinin cavab arqumentlərini dinləmədən nümayişkaranə şəkildə toplantı salonunu tərk etdi.

Картинки по запросу NATO zirvə toplantısı

D.Trampın qeyri-adi davranışlara meylli olduğu hər kəsə məlumdur. Amma onun bəzi hallarda bütün “qırmızı cizgiləri” belə, asanlıqla tapdalamaqdan çəkinməməsi ABŞ-ın müttəfiqlərində həm narahatlıq, həm də qıcıq doğurur.

Bəzi məlumatlara görə, prezident D.Tramp NATO toplantısını yarımçıq tərk edərkən, ABŞ-ın alyansdakı müttəfiqlərinin ünvanına hədələyici ifadələr də söyləyib. Hətta onun iclas salonunu tərk edərkən, “ABŞ-a dönüb, NATO-dan çıxmaq barədə qərar qəbul edəcəyəm” deyə bağırdığı da bildirilir.

Ancaq sonradan məlum oldu ki, D.Tramp nə qədər “ipə-sapa yatmaz adam” olsa da, hər halda, sahibsiz və ya özbaşına da deyil. Belə ki, NATO toplantısından dərhal sonra D.Tramp öz davranışları ilə bağlı açıqlama verməli oldu: “Mən Konqresin razılığı olmadan da ABŞ-ın NATO-dan çıxması ilə bağlı qərar qəbul etmək səlahiyyətinə sahibəm. Ancaq hələlik buna ehtiyac duymuram”.

Похожее изображение

Ola bilsin ki, NATO toplantısını yarımçıq tərk etdikdən sonra Ağ Ev sahibinin müşavirləri ona atdığı addımın yolverilməz olduğunu, bunun ABŞ-ın maraqlarına zərbə vura biləcəyini anlada biliblər. Üstəlik, ABŞ-ın dünya hegemonluğunda NATO-nun ən önəmli rol oynayan alət olduğunu da xatırladıblar. Əks halda, Ağ Ev sahibi belə asanlıqla NATO-ya lütf edib, hədələrindən geri çəkilməzdi.

Göründüyü kimi, NATO liderlərinin zirvə toplantısında müəyyən gərgin anların yaşanmasından yayınmaq mümkün olmayıb. Ancaq bu hərbi-siyasi alyansın zirvə toplantısında yaşanan maraqlı məqamlar yalnız D.Trampın “NATO qalmaqalı” ilə məhdudlaşmayıb.

Похожее изображение

Üstəlik, orada baş verən bəzi olaylar hətta beynəlxalq siyasət məkanında gərginlik yarada biləcək səviyyədə ciddi əhəmiyyət daşıyır. Belə ki, NATO rəhbərliyi Gürcüstanın bu hərbi-siyasi alyansa tamhüquqlu üzv qəbul edilməsinin mümkünlüyü qənatinə gəlib. Və hətta “Gürcüstan NATO-ya üzvlüklə bağlı daha bir mərhələni uğurla adlayıb. Tezliklə bu məsələ öz müsbət həllini tapa bilər” açıqlamasıyla belə bir planın mövcudluğunu rəsmən təsdiqləyib.

Təbii ki, NATO-ya tamhüquqlu üzvlük rəsmi Tiflisin çoxdankı arzusudur. Ancaq bütün arzuların uğur gətirəcəyinə ümid bəsləmək də bəzən ziyanlı nəticələr doğura bilir. Xüsuilə də Gürcüstan bu reallığı öz üzərində bir dəfə sınaqdan çıxarıb və necə nəticələnə biləcəyini də çox gözəl bilir.

Məsələ ondadır ki, illər öncə – Saakaşvili hakimiyyəti dönəmində də Gürcüstanın NATO-ya üzvlüyü gündəmdəydi. Hətta rəsmi Tiflis bununla bağlı qərarın qəbul ediləcəyi günü saymağa da başlamışdı. Ancaq o zaman hesab tutmadı. Əksinə Gürcüstan olduqca sarsıdıcı zərbə aldı.

Похожее изображение

Gürcüstanın NATO-ya üzvlüyünə sərt şəkildə müqavimət göstərən Rusiya əldə etdiyi ilk bəhanəyə dayanaraq, bu balaca ölkəni bir neçə saat ərzində işğal etdi. Rusiya qoşunları Gürcüstan Silahlı Qüvvələrini qısa müddətdə darmadağın edərək, paytaxt Tiflisin 40 kilometrliyinə qədər irəlilədi. Daha sonrasa, Rusiya Gürcüstan ərazilərini parçaladı, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyaraq, öz nəzarəti altına aldı.

Nəzərə almaq lazımdır ki, Rusiya hələ də güclüdür və NATO-ya üzvlük niyyətləri Gürcüstanı növbəti dəfə Kremlin hərbi hədəfinə çevirə bilər. Üstəlik, ilk işğal prosesində NATO Gürcüstanı Rusiyanın hərbi müdaxiləsindən qoruya bilməmişdi. Gürcüstan növbəti dəfə hədəfə çevrilə biləcəyi təqdirdə, Cənubi Qafqazda NATO-nun nəfəsini duymaq belə, istəməyən Rusiyanın “hərbi qapaz”ından bu ölkəni kim xilas edəcək? NATO gələcək üzvünü – Gürcüstanı qorumaq üçün özünü qabağa verəcəkmi?

Bu suallar hələlik cavabsızdır. Ancaq Rusiyanın hələ kifayət qədər güclü olduğunu nəzərə aldıqda, müsbət cavablara ümid bəsləmək də sadəlövhlük kimi görünür. Çünki NATO-nun indiki beynəlxalq situasiyada və Rusiyanın yetərincə zəiflədilmədiyi halda, Gürcüstan ucbatından ruslarla hərbi münaqişəyə həvəs göstərəcəyi inandırıcı ehtimal deyil. Bu baxımdan, rəsmi Tiflisin yeni “NATO avantürası”nın Gürcüstana hansı itkilər hesabına başa gələcəyini müəyyənləşdirmək üçün hadisələrin inkişaf istiqamətlərini izləmək lazım gələcək.

Elcin XALİDBƏYLİ,
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button