Transparency İnternational: Azərbaycan Qafqazın ”korrupsiya çempionu”dur

Vətəndaş cəmiyyəti və azad media nəinki məhdudlaşdırılıb, hətta boğulma dərəcəsinə çatdırılıb

beynelxalq

Transparency İnternational təşkilatı ənənəvi illik “Korrupsiyanı Qavrama İndeksi 2015” (Corruption Perceptions Index 2015) hesabatını açıqlayıb.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Hesabatda Azərbaycanın adı xüsusi qeyd olunur. Azərbaycan sənədin Avropa və Mərkəzi Asiya bölümündə “yaxşı” və “pis” fəsillərindən “pis”ə düşüb.

Bu hissədə Macarıstan, Polşa və Türkiyədəki vəziyyətin pis olduğu bildirilir, lakin vəziyyətin Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda daha bərbad olduğu deyilir.

Hesabatda bildirilir ki, bu ölkələrdə korrupsiyanın qarşısını alan iki silah – vətəndaş cəmiyyəti və azad media nəinki məhdudlaşdırılıb, bəlkə hətta boğulma dərəcəsinə çatdırılıb.

Azərbaycan 2014-cü ilin indeksində 126-cı yeri tutmuşdusa, 2015-in nəticələrinə görə 119-cu pillədə qərar tutub. Lakin nəzərə alınmalıdır ki, ötən ilin indeksinə 175 ölkə daxil edilmişdisə, builki reytinq cədvəlində 168 ölkə var.

Azərbaycan Qafqazda “korrupsiya çempionu” olaraq qalır.

Ermənistan 2015-ci ilin göstəricilərinə görə 95-ci yerdədir. Gürcüstan 48-ci pillədədir. Bu da qeyd olunmalıdır ki, Gürcüstan İtaliya, Macarıstan, Yunanıstan, Rumıniya kimi Avropa ölkələrini geridə buraxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button