“TROYA ATI”

Bu məqalə 15 il əvvəl, Mətbuat Şurasının yaradılması ərəfəsində yazılmışdı. Həmin vaxt bu qurumun yaradılması məsələsi kəskin mübahisələrə səbəb oldu , çoxları bu ideyanın junalistlərin xeyrinə olacağına inanırdılar, amma həyat bunun əksini göstərdi.

Birinci sırada oturan nümayəndələrin üzlərinə baxmaq kifayətdir, hər şey aydın olacaq.

(Jurnalistlərin qurultayının açılışına həsr olunur)

Bu, kimə lazımdır? Ölkə jurnalistlərinin II qurultayı ərəfəsində yayımlanmış Mətbuat Şurasının layihəsi, habelə martın 15-də keçiriləcək forumda qüvvələrin və iştirakçıların bölgüsü ilə tanış olduqda belə bir sual yaranır.

Məsələ ondadır ki, qurultay nümayəndələrinin əksəriyyəti hökumətyönlü KİV-ləri və hökumət KİV-lərini təmsil edəcək (ən azından ona görə ki, bu gün onlar əksəriyyəti təşkil edir). Mətbuat Şurasının tərkibi məsələsi həll edilərkən onlar həlledici səs sahibi olacaqlar. Bunu təxmin etmək çətindir?

Çetın deyilsə, niyə müstəqil KİV-lərin rəhbərləri bu ışde iştirak etməyə hazırlaşırlar? Könüllü olaraq günü sabah hakimiyyətin tərəfini tutacaq və dünyanı Azərbaycanın jurnalist ictimaiyyəti adından danışdığına inandıracaq “legitim” qurum yaratmaq üçün?

Hökumətyönlü KİV-lərin belə bir forumda iştirak etmək və bu cür Mətbuat Şurası formalaşdırmaq cəhdini izah etmək mümkündürsə, boynunu könüllü olaraq kötüyün üstünə qoymağa hazır olan müstəqil KİV rəhbərlərinin və ilk növbədə Mətbuat Klubunun üzvlərinin mövqeyi qətiyyən anlaşılmır.

Hakimiyyət özünü “pis” apararsa, Mətbuat Şurasından çıxmağın mümkün olduğunu hesab edən həmkarımın (Mətbuat Şurasının yaradılması ideyasının müəllifi) fikri ilə razılaşa bilmirəm.

Oraya getmək ümumiyyətlə nəyə lazımdır? Əksəriyyətin hakimiyyətin maraqlarını ifadə edəcəyi belə bir qurumda iştirak nə qazandırır?

Faktiki olaraq, belə bir qurumun yaradılması Azərbaycanın müstəqil KİV-lərinə qarşı ən böyük “diversiya” olacaq və mütləq jurnalistlər arasında parçalanma salacaq.

Bir dəqiqəlik məhkəmələrin jurnalist və ya KİV-in işi üzrə növbəti ədalətsiz və ya sifarişli qərarı çıxardığını, Mətbuat Şurasının isə susduğunu və ya Azərbaycanda məhkəmələrin azad olduğunu və onlara etibar etməmək üçün heç bir əsas olmadığını bəyan etdiyini təsəvvür edın (!).

Yaxud da, Mətbuat Şurasının Azərbaycanda söz azadlığının pozulmasına etiraz edən Avropa Şurası və digər beynəlxalq təşkilatların bəyanatlarını təkzib edəcəyi komik vəziyyəti təsəvvür edək…

Təcrübəli həmkarlarımın hakimiyyətin Mətbuat Şurasının şəxsində jurnalistləri birləşdirəcək və hakimiyyətin KİV-ləri “almaq” və ya nəzarəti altına götürmək cəhdinə qarşı duran bir qurum yaradılmasına imkan verəcəyinə inanması təəccüblüdür. Hakimiyyət elə məhz buna imkan verməyəcək!

Buna görə, bu vəziyyətdə edə biləcəyimiz ən yaxşı şey qurultayın keçirilməsindən imtina etmək və Mətbuat Şurasının yaradılmasını təcrid etməkdir. Hakimiyyət qurultayı keçirib özü Mətbuat Şurasını yaratsa, onda o, yalnız hökumətyönlü KİV-ləri təmsil edəcək.

Aparıcı KİV və jurnalist təşkilatları tərəfindən boykot hakimiyyətin bu qurumun bütün ölkə jurnalistlərini təmsil etdiyini iddia etmək istəyini dəfn edəcək.

Ən pis halda Mətbuat Klubu, Redaktorlar Şurası və RUH komitəsinin bazasında alternativ Mətbuat Şurası yaratmaq olar.

Şahin Hacıyev,

Turan Agentliyinin redaktoru

Təşkilatın nizamnaməsindən:

Mətbuat Şurası mətbuatın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü il tarixində ölkə jurnalistlərinin I qurultayında 180-dən çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə yaradılıb. Elə həmin il aprelin 24-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin peşə fəaliyyətini qanunvericiliyin tələblərinə və peşə prinsiplərinə uyğun həyata keçirməsi, ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyət, mətbuat arasında münasibətlərin möhkəmləndirilməsi, söz, fikir və informasiya azadlığı üçün geniş imkanlar yaradılmasından ibarətdir.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button