TT- Təbəssümdən Toza

Əvəz Zeynallı

 Hə, ola bilər, bir az duyğusal olsun, amma bu şəhərin bütün sakinlərinin üz-gözündən zəhrimar yağır elə bil. Küçə-bacada tanımadığın bir adama salam verərsən, dünyanı başına yıxar. Maşallah, narkomaniya da o qədər inkişaf edib ki, hamının əl-qolu kəsik-kəsik. Adamı doğrayar. Yolda qalan birisini avtomobilinə götürmək heç olmaz. Kim bilir kimdir? Hələ mümkün qədər avtomobili yavaş sürmək və qapıları da möhkəm-möhkəm bağlamaq lazımdır. Birdən biri birisindən 100 manat alıb özünü atar qarşına – sonra Adil Qeybulla kimi get, 5 il yat.

Çox ehtiyatlı olmaq lazımdır bu şəhərdə. Məsələn, gördün ki, yolda 2-3 nəfər dalaşır, 10 mert də o tərəfdən get, axı kim qarantiya verir ki, sən onları aralayarkən onlar səni şərləməsin. Ya da 2-3 şələ-şülə adam gördünsə, başının çarəsini qıl. Tez aradan çıxmasan, ya da tərpənib bir şeylər etməsən, Seymur Həzi kimi əzişdirilə bilərsən.

Bu şəhərin yol-izində də ehtiyatlı olmalısan. Hər tərəfi çəpərləyiblər. İnsanların əsəbi bir tikə olub. Tıxacda hamı himə bənddir ki, düşüb bir-birini təpikləsin. Milləti o qədər hirsləndirirlər ki, millət bir-birindən heyf almaqda qərarlıdır. O gün məlumat gəlmişdi. Bir tanıdığım gənci bir başqa gənc tıxacda niyə belə baxdın deyə təqib edib, iş yerinə qədər gəlib, dostlarını da köməyə çağırıb, iş yerində olan 8 nəfərə söyüş qoyub, bu fağır cavanı komalıq edib gediblər. Mən xəstəxanaya çatdım. Sən demə, zəngin cavanlarımız sadəcə azarlarını öldürmək üçün həmyaşıdları və öz millətinin övladlarını komalıq edənə qədər döyməkdən zövq alırlar.

Hə, indi elə bir dövr gəlib ki, insanları qul bazarından aparıb evlərində hürdürürlər. Milyonlarla insan bir tikə çörəyə möhtackən, adamlar var ki, həyəti 2 hektar olan villalarında bəslədikləri itlər üçün hər səhər çırpına-çırpına 10 maşın baqajı təzə heyvan ciyəri aparılır. Milyonlar qəpik ehtiyacında çabalayarkən, bizim oliqarxiyamızın övladları hikkələrini və çılğınlıqlarını qarşılamaq üçün pul dəstələrini havaya solvurmaqla, cırmaqla, yerə töküb ayaqlamaqla, yandırmaqla məşğul olurlar.

Bəli, bu, mənim məmləkətimdir. Bakıdır. Hamımızın canımızı verməyə hazır olduğumuz əziz şəhərdir. Zaman vardı ki, bu şəhərin insanlarının üz-gözündən təbəssüm əskik olmazdı. Zaman vardı ki, Bakıya «təbəssümlər şəhəri» deyirdilər. Burada insanlar qarşılaşanda təbəssümlə bir-birinə salam verir, yolda qalana hamı yardımçı olur, küçə-bacada didişən, dalaşan, boğuşan uşaqları hər hansı bir yaşlı adam yaxınlaşıb ayırar, onları hələ bir azarlayardı. Təkcə Bakı belə deyildi ki… Bu əziz və şərəfli ölkənin hər yerində belə idi. Bu əziz və şərəfli millətin hər fərdi elə idi.

…Heç unutmuram, gecənin qaranlığında Bakıdan Gəncəyə gedərkən yolda avtomobilimizin 2 təkəri birdən partlamışdı. Atam 10 dəqiqə gözləmədi. Gecənin qaranlığında bir gənc bizə 2 təkər verdi, sonra da adresini verdi və «gətirsəniz də sağ olun, gətirməsəniz də» deyə çıxıb getdi. Atam o gənclə dost oldu sonralar və təbii ki, elə günü sabah təkərləri geri qaytardıq…

Nooldu indi bizə? Bir tayfa nə qədər güclü çıxdı belə? Elə bil hamımız bir-birimizin potensial düşmənləriyik. Qanımızı içməyə hazırıq. Bizi bir-birimizin qatilinə çevriləcək qədər qəzəbləndiriblər. Bu hakimiyyət edib. Hamısını bunlar edib. Bunlar təbəssümlə yatan, təbəssümlə qalxan şərəfli bir milləti toz-duman içində batırıblar. Görün biz nə gündəyik? Görün bizi haradan haraya gətiriblər?

Təbəssümdən Toza…

Sevincdən ələmə…

Gülüşdən kədərə…

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

3 şərh

  1. Edaletsizlikdir, Evez muellim, bu milleti bu qeder qezeblendiren, edaletsizlik! Her kes layiq oldugu yerde oturmur.Her kes layiq oldugunu ala bilmir,Leyaqetsizler her seye layiq gorulur.Bax bele-bele islerdi insanlari kobudlasdiran ,laqeyidlesdiren,qeddarlasdiran,vehsilesdiren.Burda deyerler elvida insanliq, elvida mehebbet!!!!

  2. Bir ölkədə ki, mədəniyyət adına ayağı sürüşkən qadın olmaq təbliğ olunur, bir ölkədə ki, cinayətkar ünsürlər mükafatlandırılır, əvəzində isə məsumiyyət cəzalandırılır, bir ölkədə ki, bütün yaxşılıqlar məhv olunaraq yerində mənfiliklər inşa olunur, vəziyyətin bundan fərqli olacağını gözləməyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button