Tufan Kərimə rekviyem

Nurəddin Xoca

“Boz Qurd”lar Azərbaycan siyasətindən müəyyən vaxta qədər çəkildilər!..

Bu yaxınlarda AMDeP guya qurultay kecirib. Əgər anamın yasının üç mərasimi 26-na düşməsəydi, özüm gedib bu qurultay adlanan məzhəkəyə baxıb doyunca gülmək istəyirdim. Həm də orada iştirak edən 6-7 nəfər əsl dava yolu keçən “Boz Qurd” ların gözlərinin icinə baxmaq istəyirdim. Hər şeyi qoyuram qırağa, qırx-əlli nəfərlə özünə hörmət edən və yaxud başqa cür desək, o boyda parlaq kecmişə malik bir partiyanı ələ keçirmək istəyən kəslər “Kral” çay evində qurultaymı keçirər? Onlar bir ətraflarına baxmadılarmı kimlərlə otururlar? Yəni onlar orada 5-6 nəfərdən başqa bir partiya üzvü gördülərmi? Hətta qəzetdəki şəkillərdə belə görmədim.

Mənə zəng edib deyəndə ki, Bəy, bu qurultay adlanan komediyada cəmi qırx nəfər adam iştirak edib və onların da otuzunu Emin Fərhad adında bir ADP fəalı on manatdan kiralayıb gətirib, təəccüblənmədim. Axı hamının yadında olan böyük məclis şousunda da eyni adlı adam eyni fəaliyyətdə idi və mən onlardan heç bir təzəlik gözləmirdim. Çünki onlar əqidəyə deyil, mənafeyə xidmət edirlər. ADP isə…

Sadəcə oyuna daha bir fiqur əlavə olundu (mənim təəssüf etdiyim və gözləmədiyim adam) Mübariz Hümbətov. İyirmi illik fəxr ediləcək mübarizə yolu kecən Mübariz. Görəsən, səni nə vadar etdi ki, bu saxta təbəssümlər ölkəsinə vətəndaşlığa namizəd oldun və özünü bu natəmizliyə buladın. Axı bu adamların söydükləri hədəf göstərdikləri müxalifətlə sən bir yerdə səngərlərdə, mitinqlərdə, piketlərdə olmusan. Sən dostumuzun meyiti morqdan çıxmamış, onun adı (Şahin Ağabəylinin) ilə alver edən Şabanın (Şaban Nəsirov) tayı deyildin axı. Sən bizim millətçilikdə əqidə dostumuz idin.

İştirakclılardan biri mənə dedi ki, Bəy, iş yerimdə bilirlər ki, bu partiya hökumətin pulu ilə işləyir, yəni hökumətə loyaldır, ona görə mən onlarlayam. Acı təbəssüm… Əgər nəzərə alsaq ki, o, Cavid Qurbanova məxsus restoranda ofisiant işləyir, onda bu təbəssüm qəhqəhəyə dönər.

Qaldı Tufan Kərimin “siyasi məruzəsinə”, o, çox maraqlı məqamlara toxunub. Ən azından “a” hərfini deyən bu cənab dalını nədənsə gətirmir. Onun TV-dəki məşhur çıxışı kimlər tərəfindən və necə yazılıb, özü yaxşı bilir. O cıxışın bədəli idi ki, seçkidə cəmi 139 səs yığdı. Bəli, cənab şoumenlər, sizin “liderinizin” cəmi bu qədər səsi var idi. Özü də oz yaşadığı ərazidə. Müqayisə ücün deyə bilərəm ki, Oqtay Xəlilli 3.200 (üc min iki yüz ) səs yığmışdı.

Hər halda Tufan bəy görəsən, bütün müxalifəti satılmaqda günahlandırarkən özünün partiyaya xərclədiyi pulların mənbəyinə aydınlıq gətirə bilərmi? Mən bura qəzet və ofis xərclərini daxil etmirəm. Mən onun hər ay 800 manatlıq kredit borcundan da danışmıram. Mən onun şəxsi və ailə xərclərinə toxunmuram. Həm də nəzərə alsaq ki, keçən il seckilərdə DSK-ya verdiyi arayışda illik gəlirinin 175 (yüz yetmiş beş) manat olduğunu göstərmişdi və bunu iş yerindən arayışla təsdiq etmişdi. Hər halda Tufan bəy bu suallara cavab vermək iqtidarındadır. Hər halda bu pulları kimlərsə millətçi bir partiyanı dağıdıb onun hibridini yaratmaq üçün verir.

O, əslində dövlətçilik deyəndə elə bunu nəzərdə tutur. Elə buna görə də AMDeP sədri ilə YAP namizədlərinin TV-də çıxışlarında hec bir fərq olmadı və olmamalıydı da. Əslində, ən maraqlısı o idi ki, niyə heç bir siyasi partiya bu məzhəkədə iştirak etmədi? Müxalifət başa düşülür, bəs onların təriflədikləri iqtidar və bu yönlü partiyalar? Qaldı millətçilik və başqa demaqogiya, bu saxtakarların marjinal maraqlarının gizlənməsi üçün qalxandan başqa şey deyil. Hər halda, heç bir qanuna sığmayan bu komediyaya Ədliyyə Nazirliyi qiymət verəcək.

İ.S. Mən Azərbaycan siyasətində artıq AMDeP adlanan bir qurumu müqəddəs “Boz Qurd”la bir görmürəm. Azərbaycan siyasətindən “Boz Qurd”lar müəyyən vaxta qədər çəkildilər. Qaldı Tufan Kərimin qurultay şousuna, deyəsən, o, mayanı batırıb. Bu qurultay heç bir səlahiyyətə malik deyil. Bu, sadəcə kimlərinsə pul qazanmağına xidmət edən bir şoudur. Atalar deyib ki, “çox kişilər atalarının gözünü çıxardı ki, onlara Koroğlu desinlər. Amma millət onları kor kişinin oğlu kimi tanıdı”.

Deyəsən, maşın üzünə həsrət olan bir nəfərin 4–cü qurultaydan sonra alğı “CİP” köhnəlib, onu təzələmək lazımdır! Orada olanlar, elə edin ki, sizə də bir şey qalsın!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button