Tural Abbaslı: “Qarabağ Komitəsi hansısa şəxslərin yarış poliqonu deyil”

QAT-ın Qarabağ Komitəsindən gedişinə reaksiya gəldi

Qarabağ Azadlıq Təşkilatı Qarabağ Komitəsini (QK) tərk edib. Bu barədə qurumun şənbə günü keçirilən Ali Məclis iclasında qərar qəbul edilib. Qərara əsas səbəb kimi ötən həftə QAT sədri Akif Nağının QK-nın idarə heyətindən çıxarılması göstərilib.

QAT hesab edir ki, A.Nağıya hörmətsizlik edilib, komitədə bəzi üzvlər tərəfindən yol verilən siyasi möhtəkirlik meyilləri güclənib və bu səbəbdən orada qalmaq məqsədəuyğun deyil.

Məsələ ilə bağlı QK-nın mövqeyini aldıq. Komitənin təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı QAT-ın gedişinə bu cür şərh verdi: “Ümumiyyətlə, Qarabağ Komitəsi ətrafında belə diskussiyaların getməsinin qəti əleyhdarıyam. Çünki Qarabağ adı olan yerdə bütün növ siyasi gedişlər, intriqalar və müxtəlif çəkişmələr kənara qoyulmalıdır. Ancaq, təəssüflər olsun ki, biz hələlik bunun əksini görürük. QAT-ın belə bir qərar çıxarması təbii ki, çox təəssüfləndirici bir haldır. Əgər QAT da Qarabağın azadlığı istiqamətində real iş görmək istəyirsə, Qarabağ Komitəsində fəaliyyətini davam etdirməlidir. Belə ki, bu gün bu istiqamətdə fəaliyyət göstərən əsas qüvvə Qarabağ Komitəsidir, birmənalı şəkildə belədir. Qarabağ Komitəsinə üzvlük təşkilatlar formatında deyil, fərdi qaydadadır. Bu da o deməkdir ki, QAT bir təşkilat olaraq Qarabağ Komitəsinin üzvü deyildi. QAT-ın üzvləri fərdi şəkildə QK-nin üzvlüyünə müraciət etmişdilər və o formada da üzv qəbul edilmişdilər. Yəni ”QAT QK-dən çıxdı” ifadəsi qəti doğru ifadə deyil.

Ola bilsin ki, qurumun komitədə olan hansısa üzvləri çıxmaq barədə müraciət edərlər və komitədə fəaliyyətlərini dayandırarlar. Ancaq QAT hansısa qərar verib deyə, komitədə olan bütün QAT üzvləri buradan ayrılacaq kimi bir şey yoxdur. Komitədə QAT-ın 10-a yaxın üzvü var, onlardan isə hələlik rəsmi şəkildə kimsə çıxmaqla bağlı müraciət etməyib. Əgər belə bir hal olacaqsa, bu məsələ komitənin 3-cü gün olacaq ənənəvi toplantısında müzakirə ediləcək və müvafiq qərar veriləcək. QAT-ın qərarına əsas kimi göstərilən guya Akif Nağıya hörmətsizlik məsələsinin də heç bir əsası yoxdur. Belə ki, Akif bəy özü dəfələrlə qeyd etmişdi ki, əgər komitənin iclasları QAT ofisindən başqa digər yerlərdə keçiriləcəksə, o toplantılara qatılmayacaq. Və həqiqətən də Akif bəy nə komitənin İdarə Heyətinin, nə də komitənin son ümumi toplantılarına qatılmadı. Biz də məsələni ümumi iclasda müzakirə edərək komitənin işinin optimallaşdırılmasına və çevikliyin itməməsinə görə Akif Nağının Qarabağ Komitəsinin İdarə Heyəti üzvlüyünə xitam verdik.

Bir daha qeyd edirəm ki, söhbət idarə heyəti üzvlüyündən gedir, ümumi üzvlükdən yox. Əgər Akif bəy və QAT bunu özlərinə qarşı hörmətsizliklik kimi qiymətləndirirlərsə və Qarabağ davasına şəxsi eqo pəncərələrindən baxırlarsa, buna bir şey deyə bilmərəm. “Ötən həftə komitəyə qoşulan Vətəndaş Həmrəyliyi Partiyasının QAT-ı əvəzləyə biləcəkmi” sualına gəlincə, hesab edirəm ki, bu cür yanaşmanın özü doğru deyil. Çünki mən əvvəldə də qeyd etdim ki, komitə hansısa şəxslərin və ya təşkilatların yarış poliqonu deyil. Buraya qoşulan hər kəsin ancaq və ancaq bir amalı olmalıdır, o da azad Qarabağ. İstənilən digər bütün yanaşmalar yanlış və qüsurludur. Biz çalışacağıq ki, komitəyə yeni-yeni nüfuzlu üzvlər cəlb edək, komitənin fəaliyyətini artıraq və yaxşılaşdıraq, eyni zamanda da sıralarımızı durmadan genişləndirək. Ancaq, bu hərəkətlər qətiyyən kimlərəsə qarşı atılan addımlar deyil və olmayacaq da. Bizim komitə olaraq, sadəcə, bir məqsədimiz var, Qarabağımızın azadlığına nail olmaq. Bu istiqamətdə də lazımi bütün işləri görməyə hazırıq və bunu edəcəyik də”.

 

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button