“Turan” İnformasiya Agentliyinin bəyanatı-10 əməkdaş istintaqda

“Turan”İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin qanunsuz həbsindən sonra 28 avqust 2017-ci ildə agentliyin 10-a yaxın işçisi və onunla əməkdaşlıq edən şəxs Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılmışdır. Agentlik əməkdaşlarının eyni gündə çox qısa zaman fasiləsi ilə şahid qismində dindirilmək üçün istintaq orqanına dəvət edilməsi bir sıra kobud qanun pozuntularıyla həyata keçirilmişdir. Belə ki, onlardan iki nəfər əvvəlcədən vəkillə təmin olunmasına və vəkilə etibarnamə verilməsinə baxmayaraq, istintaq orqanı tərəfindən dindirmədə nümayəndənin iştirakından qanunsuz olaraq məhrum edilmişdir.

Mehman Əliyevə açılmış saxta cinayət işinin istintaq qrupunun rəhbəri Vüsal İbadov bu qanunsuzluğa hər hansı ağlabatan izah verməmişdir. Nəticədə şahidlər hüquqi xidmətdən məhrum edilməklə, faktiki olaraq onlardan mənəvi-psixoloji təzyiq mühitində ifadə alınmışdır.

Eyni zamanda, agentliyin sabiq və hazırki dörd əməkdaşı iş saatı başa çatmasına baxmayaraq, təxminən axşam saat 9-10-na qədər dindirilmişdir. Agentliyin əməkdaşlarının şahid qismində dindirilməsi avqustun 29-da da eyni intevsivlikdə davam etdirilmişdir.

Hesab edirik ki, agentlik əməkdaşlarının prosessual qanun pozuntuları şəraitində, vəkil xidmətindən məhrum edilməklə, görünməmiş xüsusi bir intensivliklə dindirilməyə cəlb edilməsi Mehman Əliyevə verilmiş qurama ittihamın nəyin bahasına olursa olsun “möhkəmləndirilməsi” məqsədinə xidmət edir.

Turan İnformasiya Agentliyi istintaq orqanının bu kobud qanun pozuntularını qətiyyətlə pisləyir, istintaq orqanını qanunçuluğa riayət etməyə, istintaq hərəkətlərini cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button