“Turan”ın şərhi: “İnformasiya cəngəlliyi”

Gəncədə və şəhər ətrafında son hadisələr media sahəsində vəziyyətin pisləşməkdə davam etdiyini göstərdi. Həm də bu, o qədər sürətlə baş verir ki, hazırki templə davam edərsə, çox qısa müddət sonra insanlar məlumatsız qalacaq. Etimada layiq olmayan bir neçə mənbə istisna olmaqla, heç bir KİV Gəncə hadisələrini işıqlandırmayıb. İnternetdə yalnız polisin amansızca öldürülməsi kadrları yayılıb, bu da öz-özlüyündə şübhəlidir: niyə bu dəhşətli kadrlar şəbəkəyə sızıb? İnformasiya mühasirəsi, demək olar ki, orada baş verən hadisələri təhlil etmək imkanından məhrum edib.

Müasir cərəyanlar və texniki tərəqqi ənənəvi mediaya mənfi təsir göstərib. Qəzetləri sosial şəbəkələr, telekanalları müxtəlif multimedia saytları əvəz etdi. Bu proses bütün dünyanı əhatə etdi, amma Azərbaycanda bu təmayül özünü daha açıq şəkildə göstərir. Ölkədə texniki tərəqqi ilə yanaşı, qəzetlərin süqutuna yerli hakimiyyət, daha doğrusu, yerli KİV-ə görə məsul olan məmurlar da şərait yaradıb. Reklam bazarından məhrum edilmiş və cərimə, həbs və təqiblərə məruz qalmış müstəqil və müxalif qəzetlər tədricən mövcudluğuna son qoydu, ölkədə sözün əsl mənasında müstəqil telekanal isə heç vaxt olmayıb, onları yaratmaq cəhdlərinin qarşısı amansızlıqla alınıb. Hazırda alternatif informasiya çatışmır, insanlar hökumətyönlü KİV-lərdən və hökumət KİV-lərindən belə məlumat almağı unudublar. Buna görə az-çox obyektiv məlumat axtarışında, demək olar ki, internetdən istifadə etmək imkanı olan bütün əhali onlayn girdaba düşüb.

Amma hökumət burada da hərəkətsiz qalmadı, əvvəlcə əsasən şou-biznes və kriminal hadisələr haqqında yazan çox sayda kiçik saytlar yaratdı, bu sarı məqalələrə “iştah açan” sərlövhələr qoydu. Məqsəd sadə idi – insanları həqiqətən aktual və mühüm mövzulardan yayındırmaq. Etiraf etmək lazımdır ki, bu taktika müəyyən bəhrəsini verdi və insanlar siyasi hadisələrə, demək olar ki, reaksiya vermədən, qətlləri, insestləri, məşhurların toylarını və boşanmalarını aktiv şəkildə müzakirə etməyə başladı. Tezliklə bu, o qədər geniş yayıldı ki, hakimiyyət özü həyəcan təbili çaldı. Bu yaxınlarda “Qoca” ləqəbli kriminal avtoritetin başına gələn hadisə bu mövzunun Qarabağdan daha çox maraq oyandırdığını göstərdi. Bu barədə Mətbuat Şurasının həyata keçirdiyi monitorinqin nəticələrində deyilirdi. Taktika uğursuzluğa düçar oldu, hakimiyyətin özü üçün təhlükəli olan cəhalətə səbəb oldu.

İtaətsiz internet-resurslara təsirin digər bir istiqaməti respublika ərazisində onların bloklanması oldu. Həm də bəzən bu, məhkəmə qərarı olmadan, bəzən isə hətta Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmədən edilir. Hər şey çox sadədir – bir addım sağa, bir addım sola və qəfil blok. Gəncə aksiyası daha dörd saytın (bastainfo.az, criminalaz.com, topxeber.az, fia.az) bloklanmasına gətirib çıxardı, onların baş redaktorları artıq bir neçə gündür AR CM-in 313-cü maddəsi ilə açılmış cinayət işi ilə bağlı ifadə verirlər.

Demək olar ki, respublika ərazisində bütün müstəqil və müxalif saytlar bloklanıb, bu isə təkcə jurnalistlərin özlərinin deyil, cəmiyyətin də informasiya mühasirəsi deməkdir. Alternativ məlumat almaq imkanına malik olmayan insanlar informasiya aclığı tutması ilə müxtəlif şayiələri udmağa başlayırlar, bu da yanlış məlumatlanmaya və panikaya gətirib çıxarır.

Söz və informasiya azadlığının olmaması hələ heç bir ölkəyə xeyir gətirməyib. Təbii ki, söz azadlığı dedikdə anarxiya və müəyyən çərçivələrin olmamasını başa düşmək olmaz, amma onun həbslər, döyülmələr və qətllərlə məhdudlaşdırılması bərpa olunmayan nəticələrə gətirib çıxarır, cəmiyyəti bir neçə nəsil geriyə atır və yaxşı təhsilin olmaması ilə birlikdə cəngəllik qanununun hökmranlığına və xaosa gətirib çıxarır. Bu, sizə lazımdır, cənablar?

 

Turan.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button