“Turan”la vergilərin məhkəmə çəkişməsi davam edir

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, noyabrın 27-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” agentliyinin vergilər nazirliyindən şikayətinə baxış davam edib. Vergilər nazirliyinin nümayəndəsindən bu il avqustun 7-də “Turan” agentliyinə irəli sürülən iri məbləğli vergi borcunun və cərimənin ləğv edilməsinin səbəbi soruşulub.

Agentliyin direktoru Mehman Əliyev borcun silinməsini təqdir edərək vergilər nazirliyinin bununla bağlı rəsmi qərarını məhkəməyə təqdim etməsini istəyib.

“Turan” agentliyinin xəbərinə görə, nazirliyin nümayəndəsi ləğv olunmanı borcun “tədricən” azalması ilə izah edib.

Hakim Şərafət Məmmədovanın “əgər ləğvetmə baş veribsə, qərarın olması nə dərəcədə vacibdir?” sualının cavabında M.Əliyev deyib ki, vergilər nazirliyinin hərəkəti inam doğurmur.

“Mayda bizə qarşı 2016-cı ilə görə 3 min manat vergidən yayınma barədə ittiham irəli sürdülər. Ancaq araşdırma olmadan 2 min manat cərimə etdilər və agentliyin bank hesabından 5 min manat götürdülər. Biz vergilər nazirinə müraciət etdik və o da cavab olaraq yoxlama təyin etdi. Yoxlama zamanı əvvəlki qərar yeni qərarla ləğv edildi və yeni qərarla hər hansı borcun olmadığı müəyyən edildi. Bir ay sonra 2016-cı ilə görə 9 min manat, 2014-2017-ci illər üçün 27 min manat və 10 min manat da cərimə müəyyən etdilər. Sentyabrın 11-də borc və cərimənin olması barədə qərarı ləğv etdilər. Sentyabrın 15-də borc və cəriməni bərpa etdilər. Sonra bəyan etdilər ki, ləğv olunub”, – M.Əliyev bildirib.

“Oktyabrın 5-də bu barədə bəyanatımızdan sonra Vergilər Nazirliyi baş verənləri texniki səbəblə izah etdi. Hesab açıldı. Belə olan halda, kim zəmanət verə bilər ki, sabah vergilər nazirliyi borcu və cəriməni bərpa etməyəcək və “ləğvetmə”ni sistemin səhvi ilə izah etməyəcək?”, – M.Əliyev hakimə sual edib.

Hakim Vergilər Nazirliyinin nümayəndəsindən xahiş edib ki, agentliyin borcunun “ləğv edilməsi” barədə açıqlamanı təqdim etsin. O, növbəti iclası noyabrın 30-na təyin edib.

Məhkəmənin gedişi və “Turan” agentliyinin vergilər nazirliyinə yönəlik açıqlamalarına, hələlik, bu nazirlikdən münasibət almaq mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button