Türk Dünyası jurnalistləri birləşir

Yeddi Dövlət-Bir Millət Konseyindən jurnalist şəbəkəsi…

Yeddi Dövlət-Bir Millət Konseyi yaxın həftələr ərzində Azərbaycanda virtual jurnalist şəbəkəsi qurmağa başlayacaq. Bu xəbəri yalquzaq.com saytına qurumun başqanı Azər Həsrət verib. Onun bildirdiyinə görə, belə bir şəbəkənin qurulması artıq çoxdan ciddi zərurətə çevrilib.

Konsey başqanı jurnalist şəbəkəsinin nə işlə məşğul olacağına da aydınlıq gətirib: “Bəlli olduğu kimi türk dünyası istər coğrafi genişlik, istərsə də tarixi keçmiş baxımından olduqca zəngindir. Bu genişlik və zənginlik çox zaman ölkələrimizin toplumları tərəfindən yetərincə tanınmır. Bu isə ondan irəli gəlir ki, biz qardaş toplumlarda olub bitənlər haqqında insanlarımızı gərəkli qədər bilgiləndirmirik. Ona görə də Konseyimiz belə qərara gəldi ki, Azərbaycandan başlamaqla hər bir türk dövlətində ayrı-ayrı virtual jurnalist şəbəkələri qurulsun. Bu şəbəkələr qurulduqdan sonra onlar bir-birilə əlaqələndiriləcək və qarşılıqlı şəkildə bilgi mübadiləsi edəcəklər”.

Söhbətin hansı bilgilərdən getdiyini də izah edən Azər Həsrət deyib ki, ortaq türk tarixi, tarixi şəxsiyyətlərimiz, xalqlarımız arasında olan xoş münasibətlər və başqa bu cür məsələlərin qarşılıqlı şəkildə işıqlandırılması əsas məqsəddir. “Misal üçün, Osman Batur, Rəbiyyə Qadir, Fəuziyə Bəyrəm, Babur Şah, Məmməd Əmin Rəsulzadə, Yusuf Akçura və bu kimi şəxsiyyətlər çox zaman doğulduqları və yaşadıqları bölgələrdə yetərincə tanınsa da digər türk toplumlarında geniş şəkildə tanınmalarında problemlər var. Halbuki bu və başqa belə şəxsiyyətlərimiz ümumtürk dəyərlərimizdir və onların tanıdılması olduqca vacibdir. Bundan başqa, türk dövlətlərində baş verən cari olaylarla bağlı da qarşılıqlı bilgiləndirməyə gərək var. Yenə də misal üçün, qarşıdan Doğu Türküstandakı 5 iyul faciəsinin ildönümü gəlir. Azərbaycanda çətin ki, çoxlarının bundan xəbəri olsun. Yaxud da elə bu gün qeyd etdiyimiz 18 may 1944-cü il Qırım sürgünü haqqında ölkəmizdə çoxlarının bilgisi yoxdur. Eləcə də bu günün Laçının işğal günü olduğunu digər türk toplumlarında bilmirlər. Bizim jurnalist şəbəkəmiz qurulduqdan sonra artıq bu cür olaylar haqqında toplumumuzu yetərincə bilgiləndirmə imkanımız olacaq. Eyni şəkildə digər türk toplumlarında Azərbaycanın dərdləri – Ermənistanın işğalı altındakı torpaqlarımız, İranın işğalı altındakı Güney Azərbaycan məsələsi, Xocalı, 31 mart, 20 Yanvar kimi faciələrimiz haqqında bilgiləndirmə işi aparılacaq”, – deyən Konsey başqanı bu işləri könüllülərin hesabına gerçəkləşdirməyi planladıqlarını sözlərinə əlavə edib.

Hansı jurnalistlərin bu şəbəkələrə qoşula biləcəyinə gəlincə, Azər Həsrət deyib ki, türk dünyası ilə işləmək istəyən, bu yöndə marağı və ürəkdən gələn istəyi olan hər kəs şəbəkəyə qoşula bilər: “Bu elə bir məsələdir ki, burada siyasi yönündən asılı olmayaraq iqtidarlı-müxalifətli hər kəs əlindən gələni etməlidir. Ona görə də biz şəbəkəni hər kəs üçün açıq elan etmişik. Artıq bu xəbər yayıldıqdan sonra şəbəkəmizə qoşulmaq istəyənlər bizə müraciət edə bilərlər”.

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button