TÜRK DÜNYASININ ƏFSANƏVİ LİDERİ RAUF DENKTAŞ VƏFAT ETDİ

2012-01-15

İsa Qəmbər: “Bütün ömrünü millətin mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı”
Sabir Rüstəmxanlı: “Cavan yaşlarından dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi müdafiə etməyi bacardı”

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu, türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaş yanvarın 13-də gecə yarısı 87 yaşında dünyasını dəyişib. Son illər daxili orqanlarındakı problemlərdən əziyyət çəkən Denktaş yanvarın 9-da Yaxındoğu Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, srağagün səhər saatlarında komaya düşüb və bir neçə saat sonra gözlərini əbədi yumub.

Rauf Denktaş 1924-cü il oktyabrın 24-də Kiprdə anadan olub. Hələ uşaq ikən anasını itirən Denktaşı nənələri böyüdüb. 1930-cu ildən İstanbulun Fevzi Ati liseyində təhsil almağa başlayıb, lakin təhsilini Kiprdə başa vurub. İkinci Dünya Müharibəsindən sonra İngiltərəyə gedərək hüquq təhsili alıb. Məzun olduqdan sonra Kiprdə vəkil işləməyə başlayıb. 1948-ci ilə noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. O vaxtdan Kipr türklərinin hüquqları uğrunda mübarizədə fəal iştirak edib. 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisinin rəhbəri seçilib. 1973-cü ilə kimi Kipr prezidentinin müavini və Kipr Türk İdarəetməsinin rəhbəri vəzifələrini icra edib. 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövləti elan olunduqdan sonra dövlət və parlament rəhbəri vəzifələrini icra edən Rauf Denktaş 1976-cı ildə keçirilən ilk seçkilərdə dövlət başçısı seçilib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib. Həmin seçkilərdə Mehmet Əli Tələt qalib gəlib.

Rauf Denktaş siyasətçi olmaqla yanaşı həm də yazıçı və fotoqraf idi. Bir neçə kitabı işıq üzü görən ŞKTC-nin ilk prezidenti “Yeniçağ” qəzetində köşə yazıları yazır və “Avrasiya” telekanalında (ART) “Denktaşın gündəmi” adlı veriliş aparırdı.
Böyük liderin Azərbaycana sevgi və sayğısı böyük idi. O, ölkəmizdən Şimali Kiprə gedən nümayəndə heyətlərini böyük hörmətlə qəbul edər, onlarla maraqlı söhbətlər aparardı. Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın on sözləri “müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin” olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, son anlarında qızına bu sözləri deyən Rauf Denktaş Bakı vaxtı ilə 00.07 radələrində dünyasını dəyişib. Denktaşın ölüm xəbəri açıqlanan kimi ŞKTC prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Küçük, Türkiyənin Lefkoşadakı səfiri Halil İbrahim Akça, Türkiyə sülhməramlı qüvvələrinin komandanı general Adəm Huduti xəstəxanaya gediblər. Bundan başqa xəstəxananın qarşısına minlərlə insan toplaşıb.
Mətbuat konfransı keçirən ŞKTC prezidenti Dərviş Eroğlu çıxışına “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik” sözləri ilə başlayıb. Eroğlu Kipr qəhrəmanının ölümü səbəbi ilə türk dünyasına başsağlığı verib. “Kipr türklərinin və türklük dünyasının başı sağ olsun. Denktaşın apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”.
Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Rauf Denktaşın ailəsinə başsağlığı verib. Rauf Denktaşla vidalaşma mərasimi Şimali Kipr Cümhuriyyət Məclisinin binasında keçiriləcək.
Bu böyük insanın ölümü bütün türk dünyasında olduğu kimi Azərbaycanda da hüznlə qarşılanıb. Rauf Denktaşın vəfatı ilə əlaqədar ŞKTC-nin Azərbaycan Nümayəndəliyində xatirə dəftəri qoyulacaq. ŞKTC-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Zəki Qazıoğlu APA-ya açıqlamasında deyib ki, hüzn dəftəri mərhum Rauf Denktaş dəfn edildikdən sonra qoyulacaq: “Yəqin ki, ŞKTC-nin bütün nümayəndələrinə bununla bağlı təlimat veriləcək. Biz də təlimat alan kimi bu barədə Azərbaycan ictimaiyyətinə mətbuat vasitəsilə məlumat verəcəyik”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər R.Denktaşa Allahdan rəhmət diləyərək bildirdi ki, o, türk dünyasının ən önəmli dövlət və siyasət adamlarından biri idi. Bütün ömrünü millətin, xalqın mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı: “Eyni zamanda Rauf Denktaş təkcə Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və onun on illər ərzində cümhurbaşqanı deyil, türk dünyasının digər dövlətləri, toplumları, xalqları ilə hər zaman maraqlanan, bu prosesə hər zaman öz fikirlərini, məsləhətlərini təqdim edən çox dəyərli bir fikir adamı idi. Mən onunla dəfələrlə görüşmüşəm, fikir mübadiləmiz, söhbətimiz olub və onun dəyərli fikirlərindən daim yararlanmışam. Təbii ki, onun ölümü türk dünyasının çox önəmli insanları Alparslan Türkeş, Əbülfəz Elçibəy səviyyəsində itkilərdən biridir. Amma bu yol davam edir. Hesab edirəm ki, Türkiyə dövləti də, Şimali Kipr Türk Cümhuriyyəti də, digər türk dövlətləri və toplumları da bu ideallara sadiq qalaraq yollarına davam edəcəklər, bu yolda həyatlarını fəda edən dövlət, siyasət, fikir adamlarını hər zaman sayğı ilə anacaqlar”.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da R.Denktaşın itkisini bütün türk dünyasının çox ağır itkisi kimi dəyərləndirdi: “O, türk dünyasının ən böyük fikir adamlarından biri idi. Türkiyədə həmişə zarafata deyirdilər ki, Rauf bəy təkcə Kiprin yox, həm də Türkiyənin lideridir. Çünki onun hadisələrə münasibətində tək Kipr məsələsi yox, həm də türk dünyasının problemlərinə çox aydın bir baxış var idi. Cavan yaşlarından Avropanın, dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi, çox böyük qəhrəmanlıqla müdafiə etməyi bacarırdı, təkbaşına bir ordunun qabağında dayanırdı. O, həm Kiprin, həm Avropanın tarixini gözəl bilirdi, bir müddət İngiltərədə yaşamışdı. Böyük diplomat idi. Kiprin azadlığı, müstəqilliyi uğrunda gedən mübarizənin ilk illərindən o hadisələrin iştirakçısı və liderlərindən biri olmuşdu. Ömrünün böyük bir hissəsində də Şimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşqanı kimi ağır bir yükü daşımışdı”. S.Rüstəmxanlı R.Denktaşla şəxsi əlaqələrindən də bəhs etdi: “Tale elə gətirmişdi ki, 1992-ci ildən başlayaraq demək olar ki, hər il Kiprdə, Türkiyədə müxtəlif konfranslarda görüşürdük. Azərbaycana rəsmi gəlişi mümkün olmayan dövrlərdə mən onu bura şəxsən dəvət etmişdim. Amma elə oldu ki, başqa təşkilatlar dəvət etdilər və Azərbaycana gəldi, burda da görüşdük”. Xalq şairi R.Denktaşa Allahdan rəhmət diləyərək bildirdi ki, Türkiyədən elə bir neçə saat öncə dönüb və bu bəd xəbəri elə bizdən eşidib. Üstəlik də İslam Konfransı Ölkələrinin Parlament İttifaqının növbəti tədbirində iştirak edəcəyi səbəbindən Kiprə, dəfn mərasiminə qatıla bilməyəcək: “Amma şübhəsiz ki, xalq onu böyük sayğı ilə son mənzilə yola salacaq. Rauf Denktaşın xatirəsi hər zaman ürəklərdə yaşayacaq. Bütün Kipr türklərinə və bütün türk dünyasına başsağlığı verirəm”.
İnanırıq ki, dünyanın ədalətsizliklərinə baxmayaraq, günün birində Denktaşın arzuladığı kimi “Yaşı ada”dakı Şimali Kipr Türk Cümhuriyyətini beynəlxalq aləmin tamhüquqlu subyektinə çevriləcək və müstəqil dövlət olaraq BMT-də öz yerini tutacaq.
Dünən dövlət başçısı İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinə başsağlığı göndərib.
“Yeni Müsavat” qəzeti də bu böyük itki ilə əlaqədar bütün türk dünyasına başsağlığı verir. Allah rəhmət eləsin!

Elşad PAŞASOY

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button