Türk şeirinin “Prometey”i

Nazim Hikmət

Unudulmayanlar!

 Böyük türk şairi Nazim Hikmət Sovet İttifaqına gəldikdən bir neçə il sonra – 1957-ci ildə Bakını ziyarət etmişdi. O, burada böyük təntənə ilə qarşılanmış, Bakı Dövlət Universitetində tələbələrlə görüşmüşdü. Görüşü giriş sözü ilə açan rektor Yusif Məmmədəliyev şairin Bakıya gəlməsini “böyük və əhəmiyyətli hadisə” kimi qiymətləndirmişdi .

Filologiya fakültəsinin dekanı Əli Sultanlı çıxışında “Bu günə deyin ki, biz Nazim Hikmət kimi bir qonaq qəbul etməmişdik. Biz onu öz şairimiz kimi sevirik. Qəlbi yalnız mübarizə eşqi ilə atan Nazim Hikmət türk şeirinin Promteyidir” – deyə bildirmişdi.

 Nazim Hikmət Bakıda ağlamışdı

 Türk əsilli iki qız onun “Yeriyən adam” və “Dəvət” şeirlərini oxumuş, əsərlərini ana dilində eşidən şair isə göz yaşlarını saxlaya bilməyərək qızları bağrına basmışdı.

Daha sonra şair çıxışında Bakıya 30 ildir gəlmədiyini, şəhərin çox dəyişdiyini demişdi. “Bu gün ömrümün ən gözəl günlərindən biridir. Bakıya gəlməyəli düz 30 il olur. Bakını tanıya bilmirəm. Yoldaşlar, siz çox xoşbəxtsiniz. Mən Türkiyəmi də belə görmək istəyirəm”.

 Gəncdir, yazacaq

1958-ci ildə yenidən Bakıya gələn şairə bəstəkar Arif Məlikovun onun pyesi əsasında balet yazmaq istədiyi deyilmiş, Nazim Hikmət isə “Gəncdir, yazacaq” deyə cavab vermişdi. Bundan sonra “Məhəbbət əfsanəsi” yaranmışdı.

Ümumiyyətlə, onun Azərbaycanla bağlı yaradıcılıq işləri bununla yekunlaşmırdı. Nazim Hikmət bir çox şair və yazıçılarla dostluq əlaqəsi saxlamaqla yanaşı, onlara şeirlər də ithaf etmişdi. Onun sözlərinə bir çox mahnılar bəstələnmişdir. R.Babayev şairin “Kəllə” pyesinə illisturasiyalar çəkmiş , M.Rzayeva isə büstünü hazırlamışdı.

Cavabsız qalan sual…

 Nazim Hikmətin Bakıya səfərləri zamanı KQB daim onu nəzarətdə saxlayırdı. Hətta Bakı Dövlət Universitetində çıxışı zamanı bir tələbənin ona ünvanladığı “Azərbaycan dilini bilməyən və ya bilib bu dildə danışmayan ziyalılara münasibətiniz necədir” sualını da cavabsız qoymuşdu. Şairin türk olması və azərbaycanlılar arasındakı nüfuzu, həmin vaxt dövlət orqanlarını da narahat edirmiş.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button