Türk yazar İlham Əliyevi “topa tutdu”

Cahit Kılıç

“Guya xalq tərəfindən seçilmiş prezident, xalqa söykənən bir rejim, amma…”

 “Bir qisim ərəb ölkələrində despotik rejimlər necə parıltı içində yaşayırsa, o da eyni cür yaşayır”

 Türkiyənin tanınmış yazarlarından biri Cahit Kılıç bu ölkənin “haberx.com” xəbər portalında Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfəri kontekstində Azərbaycan rəhbərliyini sərt şəkildə tənqid edib.

Sarkozinin İrəvanda uydurma “erməni soyqırımı”nı Türkiyənin tanımalı olduğu haqda bəyanat verdiyini xatırladaraq, əslində Ankaranın belə “ağcaqanad vızıltılarına” öyrəncəli olduğunu yazan müəllif, bu mənada diqqəti Fransa prezidentinin Bakıdakı görüşünə yönəldir.

“Məni maraqlandıran İrəvandan sonra Bakıya keçən Sarkoziyə İlham Əliyevin nə dediyidir. İqtisadi müqavilələr-filan imzalanmış, onu anladıq, “torpaqlarının yüzdə iyirmisi erməni işğalı altında olan” dövlətin başçısı nə etdi, Sarkozi ilə nə danışdı, bax onu anlamadıq”, – deyə davam edən Cahit Kılıç daha sonra Əliyevlərin siyasətini və Azərbaycandakı durumu bütün çılpaqlığı ilə ortaya qoyur:

 İlham Əliyev öz aləmindədir

 “Əslində, anlayacaq heç bir şey yox ortada. Həzrət (İlham Əliyev nəzərdə tutulur – red.), xanımıyla, qızıyla, oğlu ilə oturduğu mövqenin zövqünü yaşayır, səfasını sürür. İşğal altındakı torpaqlarla əlaqədar da ara-sıra bir neçə kəlmə danışıb xalqı yuxuya verir…

Daha çox öz dünyası ilə məşğuldur o. Məsələn, bir müddət əvvəl ikinci qızını evləndirmiş. Təyyarələr Avropaya uğultuyla getmiş, gəlmiş. Yemək komandaları Çex Respublikasından, salonun işıqlandırma vəsaitlərindən tutmuş fişənglərə qədər hər şey İtaliyadan gətirtilmiş. Gerisini siz anlayın artıq…

İşi-gücü buraxıb göstəri üçün, şəhərdə ən kiçik bir yeraltı və ya yerüstü keçidin açılışını belə, cənab prezident edir. Harada bir açılışa getsə, xalqı əsgər kimi düzdürüb nitq söyləyir.

Bir qisim ərəb ölkələrində “Bahar inqilabları” yaşanarkən, digərlərində necə despotik rejimlər ayaqdadırsa və necə parıltı içində yaşayırsa, burda da bu, eynilə elə yaşayır.

 Padşah kimi prezident

 Guya xalq tərəfindən seçilmiş bir prezident. Guya ölkədə parlement var. Guya xalqa söykənən bir rejim, yəni “respublika”.

Amma nə hikmətdirsə və necə bir demokratiyadırsa, hər şey prezidentin iki dodağının arasındadır. Qanun da, nizam da, hüquq da, haqq da onun dodaqlarından tökülən sözlərlə məhdudlaşır…

Padşah kimi fərman-nəşr bir prezident hansı demokratik ölkədə var?

Qanunverici məclisi desəniz, kiçik qanunlarla, düzəlişlərlə-filan məşğul olur. Məsləhət şurası kimi bir şey yəni…

 Yaltaq və hoqqabaz ətraf

 Müxalifətin səsi çoxdan boğulmuş. Xalqın səsi onsuz da çıxa bilməz. Pıçıltıyla deyilən etirazlar belə qorxu içində deyilir. Çünki heç kim həyatının məhv olmasını istəmir…

Hər ölkədə, hər avtoritar liderin ətrafında olduğu kimi bunun da ətrafını yaltaq-yalaqlar, hoqqabazlar, mənfəəti üçün qırx cildə girənlər sarmış. Dövlətin gəlirlərini elit bir qrup qamarlayıb udarkən, xalqın böyük əksəriyyəti yoxsulluqla çarpışır.

Heydər Əliyev Fondu deyə qurduqları bir fondla təşkil edilən parıltılı yığıncaqlar, ziyafətlər, səfərlər, mənasız dəvətlər, mikrofonlardan süzülən First Lady çıxışları, bəlağətli sözlər və gurultulu alqışlar… Bunların hamısı yaxşı, gözəl, xoş, amma bəs işğal altındakı torpaqlar nə olacaq? Belə bir “vur patlasın, çal oynasın” bataqlığına batmış zövqü-səfa xanədanımı o torpaqları geri qaytaracaq? Cənab prezident İlham Əliyev nə gözləyir, ya da nəyi gözləyir?..

 Millətin qırılan şərəfi

 Mövcud xanədanın o torpaqları qurtarmaq kimi bir dərdi yoxdur. Açıq soruşaq: daha nə qədər gözləniləcək? Bir millət, əlindən alınan torpağının, qırılan şərəfinin acısını daha nə qədər yaşayacaq? Yüz ilmi?

Məsələ pul-para məsələsimi? Bəlkə pul olmadığından silah alına bilmir?! Bu qədər neftin, qazın pulları hara gedir ki, Avropadakı, Amerikadakı ac ermənilərin qurduğu lobbinin yarısı qədər belə, bir lobbi fəaliyyəti qurulmur?

Daha çox sual var soruşulacaq, amma düşmən qarşısında bu qədərini soruşa, bu qədər tənqid edə bilirəm. Düşmən belimi qırır, düşmən dilimin önünə sədd çəkir…

Amma dost-düşmən hər kəs bilsin ki, o torpaqlar bir gün mütləq geri alınacaq. Buna heç kimin şübhəsi olmasın!

Əliyev xanədanı istədiyi qədər parıltılı həyatı içində üzsün və əsir torpaqları unutsun. Elimin, obamın ozanlarının dilində hər gün əsir torpaqlarımız var. Bəli, heç kim bacarmasa belə, ozanların şeirləri, fəryadları, bayatıları bu yaranı canlı tutmağa davam edəcək və bir gün mütləq hünər sahibi birinin liderliyində əsir olan o vətən torpaqları qurtarılacaq.

Mən inanıram. Siz də inanın!..”.

 Qeyd:

Cahit Kılıç 1954-cü ildə Qarsda doğulub. Uzun illər idarəçilik təcrübəsi var. Hazırda təqaüddədir. Siyasi məqalələrlə yanaşı, ədəbi araşdırmalar və şeirlər də yazır.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button