Türkiyə Suriya sərhədini bağlayıb

Yayımlandı: 3 İyul 2024 14:19

Səbəb Türkiyədə Suriya qaçqınlarına qarşı etiraz, Suriyada Türkiyəyə yönəlmiş etirazlardır

Türk əsgərləri Türkiyədəki soydaşlarına qarşı zorakılıqdan qəzəblənən suriyalıların atəşinə məruz qalıb. Toqquşmalarda azı 4 nəfərin həlak olduğu bildirilir. Bundan sonra Türkiyə iyulun 2-də Suriyanın şimal-qərbindəki əsas sərhəd keçidlərini bağlayıb.

“Reuters” suriyalı müxalif mənbə və sakinlərin sözlərinə istinadən yazıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü gecə saatlarından başlayan iğtişaşlarda Suriya icmasına qarşı hücumlarda iştirak edən 474 nəfərin saxlanıldığını bildirib.

Ötən həftə Kayseri vilayətinin mərkəzi Melikqazi bölgəsində iğtişaşlar başlayıb. Səbəb suriyalı qaçqının 7 yaşlı suriyalı qıza cinsi təcavüz etdiyi ilə bağlı yayılan xəbərlərdir.

Bundan qəzəblənən yerli sakinlər suriyalıları ölkəni tərk etməyə səsləyərək, avtomobillərini aşırıb, mağazalarını yandırıblar.

Yerlikaya hadisənin araşdırıldığını bildirib.

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) bəyanatında deyilir ki, zorakılıq Hatay, Qaziantep, Konya, Bursa əyalətləri və bir İstanbul rayonuna yayılıb. Sosial şəbəkələrdə suriyalılar arasında xəsarət alanlar olduğu barədə xəbərlər yayılıb.

Bunun ardınca yüzlərlə qəzəbli suriyalı üsyançıların nəzarətində olan Suriyanın şimal-qərbindəki bir neçə şəhərdə küçələrə çıxıb. Onlar Türkiyədə baş verənlərə etiraz edib, Türkiyədən gələn avtomobilləri daşlayıblar.

Türkiyə iğtişaşlara cavab olaraq 3 milyondan çox sakin üçün əsas ticarət və sərnişin kanalı olan Bab əl-Həva sərhəd keçidini, Bab əl Salam və digər kiçik keçidləri növbəti xəbərdarlığa qədər bağlayıb.

Sərhəd rəsmisi “Reuters”-ə bildirib.

Suriyanın sərhəd şəhəri Afrin ən şiddətli toqquşmalara səhnə olub, silahlı etirazçılarla türk hərbçiləri arasında atışma nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir.

Başqa yerlərdə də atışmalar və silahlı toqquşmaların olduğu, mülki vətəndaşların bir neçə şəhərdə türk konvoylarına daş atıb, bəzi ofislərdə Türkiyə bayrağını endirdiyi deyilir.

Bir neçə türk rəsmisi Suriyadakı iğtişaşları “təxribat” adlandırıb. Ölkənin Xarici İşlər Nazirliyi isə deyib ki, Kayseridə baş verən kədərli hadisələrdən, sərhəddən kənarda bəzi təxribatlar üçün əsas kimi istifadə etmək düzgün deyil.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı çıxışında “xaos planı”nda günahı terror təşkilatları ilə əlaqəli qrupların üzərinə atıb və son hadisələrin arxasında duran “çirkli əlləri” üzə çıxaracağına söz verib.

“Terror təşkilatının qalıqları ilə keçirilən bu oyunlarda kimlərin olduğunu bilirik. Nə biz, nə də suriyalı qardaşlarımız bu hiyləgər tələyə düşəcək, irqçi vandalizmə boyun əyəcəyik”, – Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, 670 mindən çox insan Türkiyənin son on ildə təhlükəsiz zonalar yaratmaq üçün əməliyyat apardığı Suriyanın şimalındakı bölgələrə qayıdıb.

2011-ci ildə qonşu Suriyada vətəndaş müharibəsi başlayandan, Türkiyə yüz minlərlə suriyalı qaçqını qəbul edib. Bununla dünya miqyasında ən böyük qaçqın əhalisinə ev sahibliyi edən ölkəyə çevrilib. Lakin əhali artdıqca, Türkiyə artan iqtisadi çətinliklərlə üzləşib, nəticədə insanlarda anti-miqrant əhval-ruhiyyəsi yaranıb.

Hökumət rəqəmlərinə görə, Türkiyə hazırda 3,6 milyon qaçqına ev sahibliyi edir, baxmayaraq ki, bəziləri real əhalinin daha çox ola biləcəyini iddia edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button