Türkiyədən ailəsinə baş çəkməyə gələn AXCP üzvü saxlanılıb

Yayımlandı: 21 May 2024 22:53

AXCP: “İnsanlar öz ölkəsinə, doğmalarının yanına da gələ bilmirlər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Türkiyədə yaşayan və orada işləyən İmran Qurbanlı mayın 21-də səhər saatlarında saxlanılıb.

AXCP-dən Meydan TV-yə verilən məlumatda bildirilir ki, səhər saat 10 radələrində 6-7 nəfər polis əməkdaşı İmran Qurbanlının yaşadığı evə gələrək, onu Şərur rayon Polis Şöbəsinə aparıb. Lakin onun ailəsinə hansı səbəbdən polis şöbəsinə aparılması barədə heç bir məlumat verilməyib.

“AXCP-nin Şərur rayon şöbəsinin məclis sədri olan İmran Qurbanlı Türkiyədə işləyir, orada yaşayır. Bir gün əvvəl Naxçıvanda yaxınlarına baş çəkmək üçün gəlmişdi, tutub aparıblar. Ailəsinə də yeri, saxlanma səbəbi barədə heç bir məlumat vermirlər. Ölkəni yaşanmaz hala gətiriblər”, – AXCP-dən belə deyilib.

Partiya rəhbərliyi hesab edir ki, İmran Qurbanlının saxlanma səbəbi onun siyasi baxışları, tənqidi fikirləridir. AXCP Moskvada yaşayan ictimai fəal, bugünlərdə Yevlaxda atasının dəfnində iştirak üçün ölkəyə gələn ictimai fəal Elşən Kərimovun aprelin 17-də hüzr mərasimindən tutulub aparılmasını yada salıb:
İnsanlar öz ölkəsinə, doğmalarının yanına da gələ bilmirlər. Ölkədə repressiya bu həddə çatıb”.

İmran Qurbanlının saxlandığını Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də təsdiqləyib. Lakin onun saxlanma səbəbləri barədə məlumat verilməyib.

Hazırda AXCP-nin 10 nəfərə yaxın fəalı həbsdədir. Onlar şərlənərək həbs olunduqlarını deyirlər. Lakin hüquq-mühafizə orqanları həbs olunanların konkret faktlar əsasında saxlandığını iddia edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button