Türkiyədən müstəqil mətbuatımıza öldürücü zərbə!

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç

Rəsmi Ankaranın Əliyevlər qarşısında götürdüyü daha bir öhdəliyin üstü açıldı…

 Türkiyə hökumətinin Əliyevlər rejimi qarşısında götürdüyü qeyri-rəsmi öhdəliklərdən daha birinin üstü açıldı. Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanda Əliyevlər rejimini tənqid edən media qurumlarının qardaş ölkədə müxbir postlarının akkreditasiya edilməsinin qarşısını alan təlimat imzalayıb.

“Xural” qəzetinin Türkiyədə yaşayan əməkdaşlarından biri qəzet rəhbərliyinin razılığını alandan sonra Türkiyədə müxbir postunun yaradılması üçün Türkiyənin Bakıdakı səfirliyinə müraciət edib. Səfirliyin mətbuat xidmətinin Habil adlı əməkdaşı qəzetimizin Türkiyədə müxbir postunun yaradılmasının mümkünsüz olduğunu bildirib. Səfirliyin Habil adlı əməkdaşı bildirib ki, “Xural” qəzeti Mətbuat Şurasının “qara siyahı”sında olduğu üçün Türkiyədə nümayəndəlik aça bilməz. Bundan sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı səfirliyə telefon açaraq Mətbuat Şurasının dövlət qurumu olmadığını Habil bəyin nəzərinə çatdırıb və bildirib ki, Mətbuat Şurası davamlı olaraq hakimiyyəti tənqid edən media qurumlarını “qara siyahı”ya salır. Səfirliyin yetkinlisi öz növbəsində Ə.Zeynalını anladığını söyləyib: “Biz durumu bilirik. Sizin basqılar altında olduğunuzdan da xəbərdarıq. Həssasiyyətinizi anlayırıq və bu məsələni hazırda səfirliyin səlahiyyət sahibləri ilə müzakirə etməyə çalışırıq.” Lakin Habil bəy Azərbaycanın mətbu orqanlarının Türkiyədə müxbir postu yaratmaları ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin təlimatının olduğunu söyləyib. Habil bəyin bildirdiyinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin təlimatına görə, Mətbuat Şurası tərəfindən verilən müsbət rəy və arayış olmayan mətbu orqanlar Türkiyədə müxbir postu yarada bilməzlər. Habil bəy eyni zamanda məsələnin müsbət istiqamətdə həllinə səy göstərməyə çalışacaqlarını da sözlərinə əlavə edib. Dünən əldə etdiyimiz məlumata görə, səfirlik Türkiyənin Xarici İşlər Nazirliyi ilə məsələni müzakirə edir.

 Türkiyənin Xarici İşlər Nazirliyini Ankarada məhkəməyə verə bilərik!

 Bu faktın özü bir daha sübut edir ki, Türkiyə hökuməti üzərinə Əliyevlər rejimi qarşısında qeyri-rəsmi, beynəlxalq konvensiyalara zidd, azad mətbuatın və demokratiyanın boğulmasına yönələn qeyri-insanı öhdəliklər götürüb. Hesab edirik ki, Əliyevlər hakimiyyəti də öz növbəsində Ərdoğan hökumətini tənqid edən Türkiyə mediasına Azərbaycanda müxbir postlarının yaradılmasının qarşısını almaq öhdəliyi götürüb. Türkiyə Xarici İşlər Nazirliyinin Türkiyə qanunlarını pozaraq Azərbaycan mediası ilə bağlı xüsusi təlimat qəbul etməsi söz və mətbuat azadlığına qarşı qəsd kimi dəyərləndirmək olar. “Xural” qəzeti olaraq bu məsələni hüquqi müstəvidə həllinə nail olmaq qərarına gəlmişik. Qəzetimizin baş redaktoru Ə.Zeynallı Türkiyə Xarici İşlər Nazirliyinin Türkiyə qanunlarına zidd təlimatından Ankara məhkəməsinə, Türkiyə səfirliyindən isə Azərbaycan məhkəmələrinə şikayət edə biləcəklərini bildirdi: “Rəsmi cavablarını gözləyirəm”.

 Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın azad mediasına çox böyük zərbələr vurur

 Dünən Türkiyə Xarici İşlər Nazirliyinin təlimatına Azərbaycanın tanınmış media nümayəndələrinin rəyini öyrəndik. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Türkiyə Xarici İşlər Nazirliyinin təlimatını cəfəngiyyat adlandırdı: “Bu məsələdən Türkiyə mətbuatı və cəmiyyəti xəbər tutsa, onlar üçün heç də yaxşı nəticələr olmayacaq. Heç bir dövlətdə müxbir postunun akkreditasiyadan keçirilməsi üçün hansısa Mətbuat Şurasının sənədi tələb edilmir. Mətbuat Şurası heç ictimai qurum olmasın, dövlət qurumu olsun. Onun hansısa bir arayış vermək səlahiyyəti yoxdur. Əgər belə sənəd daxildə tələb olunmursa, Türkiyə səfirliyi niyə belə səndən tələb etməlidir? Azərbaycan qanunvericiliyində belə bir müddəa yoxdur ki, başqa ölkədə akkreditasiyadan keçmək istəyən qəzetlər üçün mütləq Mətbuat Şurasından sənəd almalıdır.  Təəssüflər olsun ki, Türkiyə bu hakimiyyətlə daha çox mehriban olmaq üçün bu cür güzəştlərə gedir. Bu mənada Azərbaycanın azad mediasına çox böyük zərbələr vururlar”.

 Türkiyə səfirliyi bilməlidir ki, Mətbuat Şurası müstəqil qəzetləri qaralamaq üçün siyahıya salır…

 “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Cobanoğlu Türkiyə tərəfinin qərarının qəbuledilməz olduğunu söylədi: “Türkiyə səfirliyindən Azərbaycan mətbuatının belə bir həssas dönəmində bu tipli münasibət gözləmirdim. Bunlar araşdırmalıdırlar. Bilməlidirlər ki, Mətbuat Şurasının qəbul etdiyi qərarlar ayrı-seçkilik üçün əsas olmamalıdır. Bilməlidirlər ki, Mətbuat Şurası qərarlarında təkcə “reket” qəzetləri axtarmır, həm də müstəqil qəzetləri qaralamaq üçün siyahıya salır. Türkiyə səfirliyi bu məsələni öyrənib sonra qərar verməli idi”.

 Türkiyə səfirliyi Azərbaycanın sıradan bir qurumu kimi fəaliyyət göstərir…

 “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Türkiyə səfirliyinin müstəqil qərarlar qəbul etmədiyini bildirdi: “Çox təəssüf edirəm ki, son illər Türkiyə səfirliyi Azərbaycan dövlətinin sıradan bir qurumu kimi fəaliyyət göstərir. İstənilən məsələlərlə bağlı Türkiyə səfirliyinin mövqeyini eşidirik.  Azərbaycanda baş verən qanunsuzluqlara Türkiyə səfirliyinin münasibətini eşitmirik. Ona görə səfirliyin akkreditasiya ilə bağlı bugünkü mövqeyi mənim üçün gözlənilməz deyil. Yenə bildirirəm ki, Türkiyə səfirliyi özünü Azərbaycan dövlətinin qurumu kimi aparır. Bildiyiniz kimi, Azərbaycan dövlət qurumlarının hamısına göstəriş verilib ki, mətbuatla bağlı Mətbuat Şurasının qərarları əsas götürülsün. Səfirlik də bu qərara əməl edir”.

 Türkiənin bu münasibəti Redaktorlar Birliyinə qarşı münasibət kimi dəyərləndirilə bilər…

 Türkiyə səfirliyi doğma səfirlikdir. Biz ona öz səfirliyimiz kimi yanaşırıq. Amma Türkiyə səfirliyi nəzərə almalıdır ki, Mətbuat Şurasının bu qərarı tövsiyə xarakterlidir və hüquqi qüvvəsi yoxdur. Həm də nəzərə alınmalıdır ki, biz – yəni «Azadlıq» qəzeti, «Yeni Müsavat», «Turan» agentliyi və digər ən nüfuzlu mətbuat qurumları və agentlikləri «Xural» qəzeti ilə bərabər, böyük bir kampaniyada iştirak edirik. Bu kampaniya Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin genişlənməsi və inkişaf etdirilməsi kampaniyasıdır. Türkiyə səfirliyi nəzərə almalıdır ki, «Xural» qəzetinə göstərilən bu münasibət həm də bizə – Redaktorlar Birliyində təmsil olunan nüfuzlu media qurumlarına münasibət kimi dəyərləndirilə bilər. Ümid edirik ki, hamımıza doğma olan bu səfirlik münasibətində azad mətbuatdan yana qərar verəcək.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button