Türkiyənin yanındayıq və… ANS niyə bağlandı?

Əli Əliyev
Vətəndaş və İnkişaf Partiyasının sədri
Türkiyəni dəstəkləməliyik
Türkiyədə baş verənlərdə Qərb iştirakının izləri duyulmaqdadır. İlk əlamət çevriliş gecəsi Kerrinin bəyanatı ilə gəldi. Vəziyyətin inkişafını proqnozlaşdırmaq asan olmadığı bir zamanda, Dövlət katibi üsyançıları bəyanatında tərəf kimi tanımışdı. Gülənin Türkiyəyə təslim edilməsinə də Administrasiya hüquqi problemlər səsləndirir. WikiLeaks-in də Türkiyəyə dair qəflətən sənədləri dövriyyəyə buraxması təsadüfi hadisə sayılmamalıdır. Aparılan araşdırma işləri İncirlik Hava bazasına, Brüsseldə fəaliyyət göstərən NATO mənzil qərargahına bağlı hərbi elita yetkililərinin işə bulaşması, baş vermiş olayda Qərb izini ortaya qoyur. Türkiyənin daxili siyasi dəngəsinə baş vurmadan Türkiyə-Dünya münasibətlərinə bir müstəvidə qiymət vermək istərdim. Bu seqmenti digər amillərlə ağırlaşdırmadan sadə baxış daha çox görüntü yarada bilər. Dünyanın güc qütbləri güclü Müsəlman və prezentabelli Türk dövləti görmək istəmirlər. Belə cəlbedici qurum milyardyarımlıq İslam və 400 milyonluq Türk dünyasının lokomotivi ola bilər. Türkiyəyə qarşı törədilən işlər bu potensialdan qaynaqlanır. Paralel dövləti və Orduya nəzarəti itirdikdən, maliyyə boyunduruğunu Türkiyənin boğazına sala bilmədikdən, etnik savaşı uduzduqdan sonra, Qərb qardaş Cümhuriyyətə qarşı dərbədən başqa vasitə ayarlaya bilmədi. Çünki Türkiyə durdurulmasa İslam dirçələcək, vəhdətə qovuşacaq, Türk dünyası renessans edəcək – bunu isə bütün dünya qütbləri istəmirlər. Əziz və dəyərli həmvətənlər! Sekulyar və ya dini baxışlara malik olmağımızdan, Ərdoğana şəxsi münasibətimizdən asılı olmayaraq Türkiyə ətrafında baş verənlərə daha yüksək nöqtədən, fərqli baxış acısından qiymət verməliyik. Ərdoğan daimi deyil. Lakin onun etmək istədiklərinin maraqlarımıza uyğunluğu ölçüldükdə, faydalı işlərin daha çox olduğu üzə çıxır. Heç bir lider ideal, hərəkətləri qüsursuz deyil. Siyasi addımlar yaxşının ziyana nisbəti ilə ölçülməlidir. Biz azərbaycanlılar Türkiyənin ayaqda olmasına hər vəhclə çalışmalı, xalqının siyasi iradəsinə sayğı nümayiş etdirməliyik.
ANS niyə bağlandı?
ANS-in bağlanmasına müxtəlif münasibətlər ifadə olunur. Fikrimcə, ANS-in fəaliyyətinin müvəqqəti dayandırılması Referendumla daha çox əlaqəlidir. Plebisitə hazırlanan paketin avtoritorizmi gücləndirəcəyi şəksizdir. Belə siyasi reallığı sərhədlərində görmək istəməyən Qərb ANS-in illərcə “çevik” mövqeyindən yararlana bilərdi. 2005-ci ildə bu media qrupu müxalifətə keçməyə hazırlaşan Fərhad Əliyevlə əməkdaşlıq etmişdi, təbii ki, həm də biznes maraqları qorunmaqla. Belə biznes təklifinin yenidən gəlməyəcəyinə iqtidar arxayın olmadığından, ANS-in susdurulmasına üstünlük verərək risk faizini azaldır. Gülən müsahibəsi və Türkiyəyə dostluq jesti yalnız anturaj, dərbə gecəsi buraxılan yanlışın pərdələnməsi cəhdidir. İqtidar o gecəni susmaqla, Mütəllibovun 91-ci ildə QKÇP-ni dəstəkləmək bəyanatını mahiyyət etibarı ilə təkrarlamış oldu. Yeri gəlmişkən, o yanlışdan sonra stilyaqa-prezident 6 ay hakimiyyətdə qala bildi.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button