TÜRKİYƏ İSVEÇ VƏ FİNLANDİYANIN NİYƏ NATO-ya BURAXMIR? – Ərdoğanın 5 şərti açıqlandı

Xəbər verildiyi kimi, Rusiyanın Ukraynaya işğalçı müdaxiləsindən sonra iki skandinaviya ölkəsi-İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət ediblər.

Lakin NATO-nun ən böyük ordusuna sahib olan Türkiyə şimal ölkələri ilə hərbi ittifaqa girməyə tələsmir. Bunun üçün rəsmi Ankaranın əlində kifayət qədər ciddi səbəbləri var.

Türkiyə Cümhuriyyəti İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Qərb qarşısında şərtlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyi Türkiyə Xarici işlər nazirliyindəki qaynaqlarına istinadən həmin şərtlərin nədən ibarət olduğunu bildirib:

-İsveç və Finlandiya NATO-ya qəbul olunmazdan əvvəl PKK və buna bənzər təşkilatları terror təşkilatı elan edəcək və onlara rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparacaqlar.

-Türkiyəyə qarşı fasilələrlə tətbiq edilən müdafiə sənayesi sanksiyaları və silah embarqoları qaldırılacaq.

-Türkiyə yenidən F-35 proqramına daxil ediləcək.

-Türkiyənin 40 “F-16” Blok 70 “F-16” döyüş təyyarəsi və modernizasiya paketi tələbi qəbul ediləcək.

– Türkiyə Rusiyadan S-400 aldıqdan sonra tətbiq edilən CAATSA sanksiyaları qaldırılacaq.

Göründüyü üzrə əslində tələblərin bir çoxu birbaşa İsveç və Finlandiyaya deyil, ABŞ-a yönəlikdir. Rəsmi Vaşinqtonun bunlara nə cavab verəcəyi indidən maraq doğurur.

Onu da qeyd edək ki, Türkiyə həm İsveçin, həm də Finlandiyanın PKK terror təşkilatının fəaliyyət yuvasına çevrildiyini və terrorçular üçün əhəmiyyətli dərəcədə maliyyə qaynaqlarının təmin olunduğu bölgələr olduğunu bildirir. Lakin həm rəsmi Stokholm, həm də Helsinki NATO üzvlüyü istəklərindən vaz keçməməklə bərabər Türkiyənin tələblərini yerinə yetirməkdən boyun qaçırır.

Türkiyə mətbuatının yazdığına görə, NATO üzvü olmaq üçün ilk addımları atan İsveç və Finlandiya Türkiyənin ekstradisiyasını tələb etdiyi 33 FETÖ və PKK üzvündən heç birini təhvil vermir. Finlandiyadan 6-sı FETÖ, 6-sı PKK olmaqla 12, İsveçdən 10-u FETÖ, 11-i PKK olmaqla ümumilikdə 21 nəfərin ekstradisiya prosesi tələb olunur.

Türkiyə tərəfinin məhkəmə qərarları və sübutlar əsasında ekstradisiya ilə bağlı edilən 33 müraciətin heç birinə müsbət cavab verilməyib. İsveç nümayəndə heyəti ilə görüşdə Türkiyə tərəfinin terror təşkilatı PKK/PYD-yə verilən dəstəklə bağlı sənədləri müzakirəyə çıxaracağı gözlənilir.

“Yeni Şafak” qəzetinin məlumatına görə, 1980-ci illərdən sonra PKK İsveçdə xüsusilə kürd əsilli əhaliyə təsir etmək imkanı əldə edib və burada güclü baza formalaşdırmağa başlayıb. Təşkilatın infrastrukturunu təşkil edən 30 terrorçu Demokratik Milli Kürdüstan Birliyi və İsveç-Kürd Mədəniyyət Dərnəyi ətrafında toplaşıb. Onlar 1983-cü ildən İsveç hökuməti tərəfindən dəstəklənir.

İsveç PKK-nın media orqanlarına da ev sahibliyi edir. “Nevruz TV”, “Ronahi TV” və “Aryen TV” bu ölkədə təşkilatın yayım orqanlarından bəziləridir. Bu media qurumlarının da müxtəlif adlar altında İsveç dövlətindən maliyyə yardımı aldığı bildirilir. Məsələn, təkcə Nevruz TV-yə 2009-cu ildə 1 milyon 467 min 866 avro verildiyi məlumdur.

PKK-ya dəstək verən İsveç Demokratik Kürd Cəmiyyəti Mərkəzi də şura ilə eyni hədəflər istiqamətində fəaliyyət göstərir. Bina hazırda İsveç Araşdırma və Təhsil Nazirliyindən 80.000 avro maliyyə alır.

Təşkilat İsveçdə çoxlu uşaqları aldadıb dağ heyətinə qatıb. Beynəlxalq “Radda Barnen Vəqfi” tərəfindən hazırlanan hesabatda İsveçdə məktəbləri zəbt edən PKK-nın ‘yay düşərgəsi’ adı altında 18 yaşından kiçik uşaqlara terror təhsili verdiyi yazılıb. Təkcə 90-cı illərdə təşkilat tərəfindən 50-dən çox uşağın İraq və Türkiyədəki dağ heyətinə göndərildiyi müəyyən edilib.

Suriyadakı PKK/YPG sıralarında əcnəbi terrorçular arasında çoxlu isveçli var. Hətta qurumun çətiri altında İsveç vətəndaşlarından ibarət “Skandinaviya batalyonu” da yaradılıb.

“Hürriyet” qəzetinin yazdığına əsasən, İsveçin “AT-4” tipli tank əleyhinə raketlərindən ən çox istifadə edən terror təşkilatlarından biri də PKK/PYD-dir. 2021-ci ilin sentyabr ayında Hakkaridə 10 fərqli əməliyyatda ələ keçirilən yük maşınlarında çoxlu İsveç istehsalı AT-4 tank əleyhinə raketlər ələ keçirilib. Dünyaca məşhur İsveç şirkəti SAAB tərəfindən istehsal edilən 84 mm çaplı tək atışlı tank əleyhinə silah olan AT-4, xüsusilə piyada birləşmələrinin zirehli texnikasını və istehkamlarını məhv etmək və ya sıradan çıxarmaq üçün istifadə olunur. Türk ordusu tərəfindən həyata keçirilən “Pəncə” əməliyyatları zamanı ələ keçirilən mağara və bunkerlərdə tapılan “AT-4” tank əleyhinə raketlər də Türkiyə tərəfinin dəlillərindən sayılır.

Bundan başqa ilə PKK/PYD-nin Suriyada İŞİD-i izləmək bəhanəsi İsveçdən böyük miqdarda pilotsuz təyyarə dəstəyi aldığı da müəyyən olunub. İsveç hökumətinin gələn il PYD-yə 376 milyon dollar dəstək verməsi qərarı da Türkiyə tərəfindən təsbit edilib. Bütün bunlara əlavə olaraq, İsveç müdafiə naziri Peter Hultqvistin “YPG” komandirlərindən Ferhat Abdi Şahinlə görüşü və İsveçin terror təşkilatı ilə sıx əməkdaşlıq edəcəyinə dair açıqlaması da Türkiyənin İsveçin diqqətinə çatdırdığı xüsuslardan biridir.

“Anadolu” agentliyinin bildirdiyinə görə, YPG/PKK-ya yaxın internet saytlarında təşkilatın qondarma siyasi birləşmələrindən biri olan “SDC” bu ilin may ayının 14-də İsveç Xarici işlər nazirliyinin himayəsi ilə Stokholmda “Üçüncü Məsləhət Forumu” təşkil edib.

İsveç hökuməti YPG/PKK terrorçuları ilə əlaqələrini inkar da etmirlər. “Sabah” qəzetinin yazdığına görə, terrorçularla görüşlər keçirən İsveç xarici işlər naziri Ann Linde “İsveç fəal tərəfdaş olmağa davam edir” deyərək, 2023-cü ildə təşkilata maliyyə yardımının 376 milyon dollara çatdırılacağını bildirib. Suriya Demokratik Şurasının qondarma həmsədri İlham Əhməd və PKK/YPG terrorçusu Nesrin Abdullahla görüşlərini sosial media hesabında dərc etməkdən çəkinməyən Linde onlar üçün pul topladığını da açıqlayıb.

Terror təşkilatı PKK-nın Avropa sözcüsü Zübeyir Aydarın 27 aprel 2022-ci ildə İsveç parlamentində iki gün ərzində konfrans verdiyi bilinən məlumatlar arasındadır. Burada PKK-nın terrorçular siyahısından çıxarılması istənilərkən Türkiyəyə qarşı çirkin təbliğat da aparılıb.

Finlandiyaya gəlincə, burada vəziyyət İsveçdən heç də fərqli deyil. “Ulusal” kanalın təsbitlərinə görə, Finlandiya rəhbərliyi PKK-nın ölkədə müntəzəm olaraq təşkil etdiyi yürüş və nümayişlərinə qarşı heç bir məhdudlaşdırıcı tədbir görmür. Ölkədə FETÖ-yə bağlı 3 məktəb də var.

Finlansyada “Fin-Kürd Dostluq Dərnəyi”, “Kürd İnformasiya Mərkəzi” kimi təşkilatlar və PKK-ya bağlı dərnəklər var. PKK tərəfdarlarının ub təşkilatlar vasitəsilə ‘ianə’ adı altında dağdakı silahlılar üçün pul yığdığı qeyd olunur.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button