Türkiyədə iqtidar əleyhinə böyük konsey quruldu

Azərbaycan iqtidarının sıxışdırdığı iş adamları İstanbulda bir araya gəldilər

 İqtidara qarşı böyük hüquqi və media savaşı başlayır

 Dünən Türkiyədəki mənbələrdən qəzetimizə daxil olan məlumatlara əsasən, qardaş ölkədə Azərbaycan iqtidarından narazı olan xeyli sayda iş adamı bir araya gəlib. Məlumata əsasən, narazı iş adamları Türkiyənin İstanbul şəhərində toplaşıblar. Dünən günorta saatlarında baş tutan toplantının məkanı «Doubletree by Hilton İstanbul» oteli olub. Bildirilir ki, keçirilən görüşə əslən Cənubi Azərbaycandan olan, ABŞ vətəndaşı Paolo Pərviz, rusiyalı iş adamı Sakit Allahverdiyev, zavodları əlindən alınan və Azərbaycandan didərgin salınan iş adamı Nurəddin Zülfüqarlı, hətta Telman İsmayılov da qatılıb. Görüş əvvəlcədən planlaşdırımadığından, oteldə nəzərə çarpacaq dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirilməyib. Dünən sosial şəbəkələrdə yayılan informasiyalarda da bu görüşün baş tutduğu bildirilirdi. Görüş müddətində adıçəkilən otelin üst qatı və alt qatlarındakı bütün otaqlar boşaldılıb. Boşaldılan otaqların isə pulu iki gün əvvəldən müxtəlif adamlar tərəfindən «bron» edilibmiş.

Öyrəndik ki, iş adamlarının bu konseyində Azərbaycandan olan məşhur jurnalistlərdən biri də qatılıb. Lakin jurnalistin görüşə qatılması toplantının sonunda baş verib. Həmin həmkarımızdan aldığımız məlumata görə, qısaca olaraq bir qərar verilib ki, yaxın zamanlarda İstanbulda Azərbaycan iqtidarının iş adamlarına qarşı təzyiqləri ilə bağlı genişləndirilmiş bir toplantı təşkil edilsin. «Mətbuata bundan əlavə heç bir informasiya verilməməsi qərara alındı. Qərara gəlinib ki, növbəti görüşə ABU-nun rektoru Elşad Abdullayev də qatılsın. Həmçinin mümkün olsa hazırda Fransada mühacirətdə yaşayan MTN-nin sabiq müstəntiqi Ramin Nağıyev də görüşə dəvət ediləcək. Bundan başqa, Heydər Babayevin də növbəti toplantıya qatılmaq istədiyini dedilər» deyə həmsöhbətimiz bildirdi.

Qeyd edək ki, bu görüşün baş tutmasında əsas təşəbbüskar kimi ABŞ-ın Türkiyədəki səfiri Frensis Cozefin Rekorfonunun adı çəkilir.

Maraqlıdır ki, srağagün ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəmizdəki iqtisadi vəziyyəti şərh edərkən, kifayət qədər sərt açıqlamalar verib. Səfir deyib ki, hələ də amerikanlar Azərbaycanda iqtisadiyyatın azad olmadığına əmindirlər. Səfirin bu sərt açıqlamasına isə hələlik dövlət rəsmilərindən heç bir reaksiya yoxdur. Bütün hallarda ABŞ-ın Azərbaycanda siyasi olaraq aktivləşməsi xəbərləri ardıcıl olaraq təsdiqlənməkdədir.

İş adamlarının Türkiyədə bir araya gəlməsi və bu toplantının sonunda tanınmış media mənsubunun görüşə dəvət alması da rəsmi Bakıya ünvanlanmış bir ismarıc olaraq qəbul edilir. Məlumatlara əsasən, Azərbaycan iqtidarından narazı olan iş adamları əsasən, hüquqi və media müstəvisində mübarizə aparmağa hazırlaşırlar. Artıq Azərbaycan mətbuatında bu kampaniyanın ilkin simptomları görünməkdədir.

 Elvin

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button