Türkün Qələbəsi!

Nurəddin Xoca

Bu, doğrudan da böyük qələbə idi. Bütün türklərin qələbəsi. Bu qələbəyə hərənin öz baxış bucağı ola bilər. Lakin qardaş Türkiyə yarışı tərk etdikdən sonra Eldar və Nigarın – birinin Türkiyənin bayrağını qaldırması, o birinin isə bütün Türk millətinə işarə edərək “Boz Qurd” işarəsi göstərməsi, qələbənin Türk millətinə ithafının bir əlaməti idi.

Baxın, Nigar Türk müxbirlərinin türk bayrağını səhnəyə niyə çıxardığını sorarkən nə cavab verdi: “Mən Türkiyənin finala keçməməsindən üzüldüm və ona görə də o bayraqla qalib kimi səhnəyə çıxdım, axı biz bir millət, iki dövlətik.”

Daha nə kimi sübut lazımdır? Bu iki cavanlar etdikləri möhtəşəm hərəkətlə Türk millətinin düşmənlərinə sübut etdilər ki, ayrı-ayrı dövlətlərdə yaşasaq da, biz bir millətik, bizim ağrılarımız da, sevincimiz də birdir. Onlar Düsseldorfda, “Avrovizion” səhnəsində iki möhtəşəm qələbəyə imza atdılar. Onlar bütün dünyanın gözü qarşısında Türk millətinin birliyinin qarşısını heç nə ilə kəsməyin mümkün olmadığını sübut etdilər.

Ola bilər sabah Eldarı efirə çıxarsınlar və o desin ki, bu işarə bəzilərinin dediyi kimi “roker”lərindir və yaxud lal-karların sevgi işarəsidir. Hətta mən inanıram ki, o desin, Afrika cəngəlliklərində olan Yumba-Mumba tayfasının qələbə işarəsidir. Fantaziyası böyük olanlar bu işarəni 60-cı illərin “Fri layf”, yəni azad sevgi işarəsinə də oxşada bilərlər. Çünki bu işarəyə görə rəhmətlik Barış Mançonun başı çox ağrıdı və o, axırda çıxıb dedi ki, bu işarə ayrı məna daşıyır. Sərdar Ortacın millətçi hərəkətini bu günə qədər solçu və anti-türk media ona bağışlamır. Axtarsaq Türk tarixində belə hadisələrə çox rast gələrik. Ona görə də mən heç kimi təəccüblənməməyə çağırıram və əks açıqlamaları anlamlı qarşılamağı məsləhət görürəm. Kimə nə lazım idisə, o da onu götürdü. Biz onların Türk millətinə, onlara  dəstəyə görə bu cür təşəkkür etmələrinə əminik.

Tanrı Türkü qorusun!

İ.S. Vaxt var idi ermənilərlə hansısa məhəlli anlaşmaya görə, Azərbaycan bayrağını stadiona buraxmayan, onları yığıb zibilliyə atan Türk düşmənlərinə bu iki gənc tarixi bir dərs verdilər. Dünya Türkləri bir olanda qələbə onlarındır. Çünki Tanrı bizi bir olub qalib gəlmək üçün yaradıb. Bu yarışma bir daha sübut etdi ki, qələbəyə həsrət qalmış millət üçün bu, çox yaxşı başlanğıcdır. Mən Eldar və Nigara millətimin birliyinə xidmət edən bu möhtəşəm qələbəyə görə təşəkkür edirəm və gələcəkdə daha möhtəşəm qələbələr əldə etmək arzusunu onlara çatdırmaq istəyirəm.

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button