Tərtər hadisələrində öldürülən Elçin Quliyevə bəraət verildi

2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində ölən Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.

Dövlətə xəyanət ittihamı ilə onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqındakı qərarı ləğv edib.

Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.

Xatırladaq ki, bu il fevral ayının 7-də Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə həmin vaxt cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.

Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində bununla bağlı qərarı ləğv edib. Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.

Bundan bir müddət əvvəl isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması ilə üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb.

“Tərtər işi” adı ilə tanınan bu cinayət işində əli olduğu ehtimal edilən, bütün şübhələrə baxmayaraq, hələ də vəzifədə olan Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun bir çox rəhbərləri də xalq tərəfindən ittiham olunur.

Qeyd edək ki, 28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Bildirilir ki, 2017-ci il may ayının 6-da 10 nəfər hərbçinin keçirdiyi sorğuda MAXE Quliyev ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.

Xural.com

mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button