Üç nazirin pulu ilə Qarabağı azad etmək mümkündür

İsgəndər Həmidov: “Qarabağın azad olunması 7-9 milyard arasından keçir”

Vicdan haqqı, Əbülfəz bəyin cəmi iki kostyumu vardı

“Qaynaq Qazan”ın budəfəki qonağı sabiq Daxili İşlər naziri İsgəndər Həmidovdur. Onunla danışacaq, söhbətləşəcək o qədər mövzular var ki, 92 dəqiqə yetmədi. Biz müsahibəni bitirəndə əlimizdəki “sual dəftəri”ndə xeyli sual qalmışdı. Yönəldə bilmədik. Müsahibə bitəndən sonra Kəlbəcərə gedən Şahbazla Dilqəmdən də sual olduğunu eşidəndə çox mütəəssir oldu. Yalnız onda bildik ki, Şahbazla Dilqəm onun yaxından tanıdığı adamlar olub və hətta onlarla birlikdə İsgəndər Həmidovun Kəlbəcərə səfəri də planlaşdırılıbmış.

İsgəndər Həmidov kimin ona necə baxmasından asılı olmayaraq Azərbaycanın özündə zəngin informasiya gəzdirən ən nadir adamlarından biridir. O, elə hadisələrə şahidlik edib, Azərbaycan dövlətinin elə günlərində ciddi vəzifələrdə çalışıb ki, bildiyi çox şeylər var təbii ki. Biz onu bacardığımız, çatdırdığımız ölçüdə danışdırmağa çalışdıq. Və… qalır bu müsahibəni izləmək və oxumaq.

O zaman söz “Qaynar Qazan”ın 4-cü buraxılışının qonağı sabiq Daxili İşlər naziri, general İsgəndər Həmidovundur…

Əvəz Zeynallı

(Birinci hissə ilə bi linkdə tanış ola bilərsiniz: https://www.xural.com/?p=26705 “Dudayev Şevardnadzenin üzünə dedi ki, “bu qoca tülkü…””)

II hissə

 

DSC09374

Həmən səriştəsiz hökumət Şaumyankənd rayonunu aldı

– İsgəndər bəy, indi Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirlərinizi dediniz, yeri gəlmişkən, Cavid Bayramov deyir: “Öncə İsgəndər bəyi salamlayıram…”

– Çox sağ olsun. Nəhayət, bir salam yollayan oldu.

– Əksər suallarda var, ancaq mən onları oxumuram. Sual: “Qarabağın azad olunmasının çıxış yolunu nədə görürsünüz?”

– Bilirsinizmi, Əvəz bəy, Qarabağ məsələsi artıq düyünlənib. Biz hakimiyyətdə olmazdan qabaq da demişdim ki, Qarabağ Azərbaycanın bölgəsidir. Qarabağı tərəf müqabili kimi qəbul eləmək olmaz. Bir subyekt kimi olmalıdır bu. Müəyyən proses keçdi və bizim Qarabağ uğrunda savaşlarımız başladı. Əgər xatırlayırsınızsa, haqqımızda deyirlər ki, səriştəsiz hakimiyyət, səriştəsiz hökumət… Həmən səriştəsiz hökumət Şaumyankənd rayonunu aldı, bu gün ora Gülüstan qəsəbəsidir və bunların da hamısı orada evlər, otellər  tikib. Çayın üstündə evlər tikiblər.

– Bizlər ora gedə bilmirik …

– Həmin səriştəsiz hakimiyyət, səriştəsiz insanlar Ağdərəni ermənilərdən aldı, yarısını Tərtərə, yarısını Kəlbəcərə qatdı. Bu gün Ağdərənin 17 kəndi Tərtərin tərkibindədir. Həmin səriştəsiz hakimiyyət rus qoşunlarını Azərbaycandan çıxardı. Həmin səriştəsiz hakimiyyət Azərbaycanda test üsulunu tətbiq elədi və Əvəz Zeynallı da öz biliyi, savadı ilə – bəlkə də o olmasa idi, heç bir yerdə təhsilini davam etdirə bilməyəcəkdi – getdi xaricdə təhsil aldı…

 

DSC09372

Həmin səriştəsiz hakimiyyət…

– O yol açılmasaydı…

– Türkiyədə savad aldın gəldin.

– Allah Əbülfəz bəyə rəhmət eləsin!

– Görürsünüzmü, ən savadsız, səriştəsiz hakimiyyət türmələri, islah-əmək düşərgələrini DİN-in tərkibindən çıxarıb Ədliyyə Nazirliyinə verdi. Niyə? Tutan da biz idik, istintaqını da biz aparırdıq, oralar da bizim səlahiyyətimizdə idi. Adam bizim haqqımızda kimə şikayət eləyəydi? Həmin səriştəsiz hakimiyyət – indi deyirlər səriştəsiz idiniz – artıq Azərbaycanın neft müqavilələrini hazırlamışdı. Qalırdı imza atmaq. “Əsrin müqaviləsi” deyirlər, onların hamısı bizim vaxtımızda bağlanıb. İndi özlərini səriştəli adlandıranlar durub xalqın qarşısında hesabat versinlər ki, neft müqavilələri bağlanmazdan öncə tenderdə iştirak etməkdən ötrü bonus ödənilir, hanı o pullar? Yəni bizim bircə vaxtımız çatmadı ki, neft müqavilələrinə imza ataq və bizim hakimiyyət dedi ki, neft kəməri heç bir zaman İrandan keçməməlidir, Türkiyədən keçməlidir. Ona görə də Şimalla (Rusiyanı nəzərdə tutur – Red.) İran birləşdi və Azərbaycanda hakimiyyəti devirdi.

DSC09370

Qarabağın azadlığı qandan keçir

Qarabağın azadlığı döyüşdən keçir, Qarabağın azadlığı müharibədən keçir, Qarabağın azadlığı qandan keçir. Məni mühakimə edənlərə də deyirəm. Mən dəmirdən deyiləm, daşdan da deyiləm. Mən bilirəm ki, ananın balasını itirməsi nə deməkdir. Oğulun atasını itirməsi nə deməkdir. Ailənin başsız qalması nə deməkdir. Bu fəlakətdir, acıdır. Ancaq bunu içimizdə boğub, müharibəyə başlamalıyıq. Müharibəyə başlamaq üçün də heç nə lazım deyil. İndiki məmurların, üç nazirin pulu Qarabağı azad eləməyə kifayətdir. Napoleona sual edirlər ki, müharibəni udman üçün nə lazımdır. Deyir, üç şey lazımdır: “Birincisi, pul… İkincisi, pul… Üçüncüsü, pul…” Qarabağın azad olunması 7-9 milyard arasından keçir. Azərbaycan əsgərinin birinin burnu qanamamaq şərtilə, dünyanın hər yerində muzdlu qoşun hissələri var – silahını, sursatını versən müharibəni aparar.

DSC09369

Çeçenlərlə əfqanlar 17 kəndi aldı verdi bizə

– Bunu elədiniz axı… Çeçenlər, əfqanlar gəldilər və döyüşdülər…

– Çeçenlərlə əfqanlar və Ukrayna rotası Tərtəri saxladı. 17 kəndi aldı verdi bizə. Bizdən sonra onların hamısının dalından dəydilər. Əvəz bəy, bu, sənin xatirində olmalıdır, dünənki tarixdir. Bəyəm Tərtərdə 7 çeçenin şəhid qəbrini – üstünü götürtdürmüşük, 8 ukraynalının şəhid qəbrini görməyibsiniz? Onlar döyüşüblər də… Tərtər camaatı namuslu, qeyrətli camaatdır, qeyrətlərinə boğulub onlarla bir yerdə qoruyub saxladılar, hətta Ağdərəni də aldılar. Müharibə edilməyənə qədər torpaq alınmayacaq. Ortaya haqlı sual çıxa bilər ki, ömür-billahı müharibə eləmək olmaz. Sözsüz ki, bütün müharibələr stol arxasında qurtarır. Amma bu gün görün, Ermənistan öz şərtlərini bizə diqtə edir. Çünki qələbə çalıb. Amma təsəvvür edin ki, Fizuli, Ağdam, Zəngilan, Qubadlı azad olunub. O zaman bizi məcbur edəcəklər stol arxasında oturmağa… Onda biz şərtlərimizi diqtə edəcəyik. İndi isə erməni deyir ki, 5 rayonu qaytarıram. Çox təhlükəli tendensiyadır. Dağlıq Qarabağın respublika kimi tanınmasını, üstəlik Kəlbəcər və Laçını da üstünə gəlməklə istəyirlər. Amma biz bir neçə rayonda qələbə çalsaq, onlar öz şərtlərini qoya bilməyəcəklər. Bu birincisi… İkincisi odur ki, bu gün Azərbaycan üçün çox-çox təhlükəli planlar var. 2-3 rayonu Azərbaycana qaytarmaqla rus hərbi qüvvələri “sülhməramlı qüvvələr” adı altında Dağlıq Qarabağla təmas xəttinə yerləşdiriləcək.

DSC09379

Qarabağı itirə bilərik!

Bu, artıq o deməkdir ki, Dağlıq Qarabağdan, o cümlədən ermənilərin dəhliz kimi istifadə etdikləri Kəlbəcər, Laçından əlini üz. Bu, Dağlıq Qarabağı faktiki itirmək deməkdir və qətiyyən buna getmək olmaz. Bizim də xalqa onu sırıyacaqlar ki, görürsünüzmü, 3 rayonu aldıq, qalanını da sonra azad edəcəyik. Sonrası da məlumdur. Bəyəm, Yuqoslaviya dağılmadı? Bəyəm, rusların sülhməramlı qoşunları gəlib Gürcüstanla Abxaziya arasında dayanmadı? Osetiyada bunu etmədi?

– Yəni deyirsiniz ki, bu, Azərbaycan üçün çox təhlükəlidir və torpaqlar tam olaraq əldə edilməlidir?

– Bəli, bəli, bəli… Axıra qədər. O vaxta kimi ki erməni deyəcək ki, Stepanakerti Xankəndi kimi tanıyırıq. Biz heç bir vətəndaşın hüquqlarını pozmuruq. Azərbaycan hakimiyyətinə, Azərbaycan xalqına qarşı silah işlətməyən, cinayət etməyən ermənilər yaşasın, kim onlara nə deyir ki? Baxmayaraq ki, onlar bizim hamımızı doğradılar. 47 nəfəri doğraya-doğraya gəldilər. Amma biz də belə xalqıq. Heyf ki, yaddaşımız çox zəifdir. 1918-ci il qırğınından sonra Azərbaycanın ən gözəl, səfalı yerlərində yenə ermənilər yaşadılar. Bu məsələni konservləşmiş şəkildə saxlamaq olmaz. Bu məsələ illərlə qalxacaq. Nə vaxt istəsə cənubdan İran, şimaldan Rusiya bu məsələni qaldıracaq, erməniləri bizim üstümüzə qısqırdacaq. Yenə də itkilərimiz olacaq. Amma biryolluq çox itki verib, bu məsələni həll edib, yoluna qoymaq, Qarabağı düşmənlərdən azad eləmək lazımdır.

DSC09376

Müharibə… Müharibə…  Müharibə…

Mən son 25 ildə fikrimi dəyişməmişəm. Müharibə… Müharibə…  Müharibə… Biz qələbə çalmalıyıq. Mənə pay verilən torpaq lazım deyil. Mənə qan tökərək aldığım torpaq lazımdır. Bozqurdların şüarını sizə xatıradım: “Bayraqları bayraq yapan üstündəki al qandır, Topraq üstündə ölən varsa Vatandır…” Bir məqama da toxunmaq istəyirəm. Göyçə-Kəlbəcər camaatının el yaradıcılığı çox güclü olur. Doğrudan da oranın camaatında şeir, aşıq məclisləri çox yaxşıdır. Gəncədə yeni yaşayış məskəni salıblar, çoxu da kəlbəcərlidir. Bir tərəfdə “Alüminium zavodu” tüstülədir, digər tərəfdə də oranın bir icra başçısı var Elmar Vəliyev – saat 12-dən sonra zibili yandırır…

DSC09372

Elmar Vəliyev kəlbəcərliləri zəhərləyir

– Qırmızı zəhər…

– Bəli… Bəli… Bəli…  Dağın təmiz havasına öyrəşmiş kəlbəcərliləri iki tərəfdən zəhərli tüstülərlə zəhərləyirlər. Kəlbəcərlilər də çox yaxşı da etiraz ediblər ki, biz ikinci Çernobıl istəmirk, buradan köçürük. Kəlbəcərlilərin hansından istəsəniz, soruşun, ora ikinci Çernobıl deyirlər. Hakimiyyət nümayəndələri ora getsinlər, vəziyyətlə tanış olsunlar. Gözəl evlər tikiblər. Doğrudan da təqdirəlayiqdir. Mən o fikrimin üzərində dayanıram ki, insanlar ac qalmalıdır, susuz qalmalıdır, amma torpağının davasını eləməlidir. Aparıb yerləşdirmisən, daha bu camaatı niyə tüstüdən zəhərləyirsən? Özü də zibili hər gün saat 12-də yandırırlar ki, camaat orada əziyyət çəksin.

O ərazini tanıyıram. Oranı da bir qədər yuxarıda, Göygöl tərəfdə tikmək olardı ki, camaata bir az da Kəlbəcərin dağ havasını xatırlatsın.

Hələ Göygölü demirəm, heç olmasa zibili yandırıb camaatı zəhərləməsinlər. Yeraltı zibilyandırma yerləri tiksinlər, orada da yandırsınlar…

 

– Bəlkə də xüsusi siyasətdir…

– Mən sizə inanıram ki, o lap xüsusi siyasətdir.

– Ruslan İzzətli hakimiyyətdə qalmağınızla bağlı bir sual verib ki, “11 ay hakimiyyətdə qaldılar və zamanla bunun bir çox səbəblərini göstərdilər. İsgəndər bəy onu qəbul edirmi ki, bu hakimiyyətin 11 ay qalması Elçibəy komandasının ciddi və məsuliyyətli olmamasıdır.”

– Yox… Mən deməzdim ki, Elçibəyin ciddi və məsuliyyətli komandası yox idi. O dövrdə mən işləmirdim, ona görə də tərəfimdən qiymət vermək asandır.

DSC09371

Əbülfəz bəyin iki böyük günahı vardı

– Niyə işləmirdiniz?

– O sualın da üzərinə gələcəm. Əbülfəz bəyin komandasında Əbülfəz bəy kimi prezident var idi. Əgər rəhmətlik Əbülfəz bəy Amerikanın prezidenti olsaydı, bəlkə də qızıldan heykəlini qoyardılar. Əbülfəz bəyin iki böyük günahı vardı: bir Vətənini, bir də millətini sevirdi. Əbülfəz bəy rüşvət almırdı, korrupsiyaya qurşanmamışdı, qohumbazlığı, tayfabazlığı yox idi. İsgəndər Həmidovun, Əvəz Zeynallının qohumu deyildi ki… Bunu Azərbaycan hakimiyyəti bir günah kimi bilir, çünki özləri bu işlərin içindədirlər. İsa Qəmbər kimi Milli Məclisin ağıllı spikeri vardı, Əli Kərimli kimi köməkçisi vardı ki, sonradan dövlət katibi oldu. Pənah bəy kimi baş naziri vardı. O komanda kifayət qədər səriştəli, kifayət qədər ağıllı, kifayət qədər də oxumuş adamlardı…

DSC09370

İqtidar məmurları ilə debatımızı təşkil edin

Əgər kimsə bizi mühakimə edirsə ki, biz səriştəsiz, savadsızıq, o zaman indiki iqtidarın məmurları ilə bizi birlikdə “Qaynar Qazan”a dəvət edin. Onlar bizə sual versinlər, biz də onlara sual verək. Siz də sonra qiymət verin görək, səriştəli onlardır, yoxsa bizik? Savadlı onlardır, yoxsa bizik?

– Amma insanlar haqlı olaraq soruşurlar ki, o zaman niyə?

– Onların mətbuat xidmətindən kim olursa olsun, gəlsin Əvəz Zeynallı ilə qabaq-qabağa otursun. Əvəz Zeynallı da bizim hakimiyyətin məhsuludur. Gəlsinlər, o zaman bir-birinizə suallar verin. Əminəm ki, burada biz udacağıq. Həmin Milli Məclisə bizi bu gün niyə buraxmırlar? Çünki oradakı deputatlar spiker Oktay Əsədovun üzünə baxırlar. Göz oldu düymə basılır, göz olmadı basılmır. Bilmirlər ki, nə məsələdir. Adi bir misal çəkim. Böyük bir seçki marafonu qarşısındayıq. Obrazlı deyirəm, Əvəz Zeynallıdan şəxsiyyət vəsiqəsinin iki nüsxəsini istəyirlər. Əvəz bəy verir, bir gün sonra yenə deyirlər ki, şəxsiyyət vəsiqəsinin bəzəkli nüsxəsini gətir. Əvəz bəy yenə aparıb təqdim edir. İki gündən sonra Əvəz Zeynallıdan yaşayış yerindən arayış istəyirlər. Yaşayış ünvanı şəxsiyyət vəsiqəsində yazılıb da… Hələ bir nəfər də olsun demir ki, bu şəxsiyyət vəsiqəsinin nə bəzəklisi, nə bəzəksizi? Hansısa Mənzil İstismar İdarəsindən alınan arayış şəxsiyyət vəsiqəsinə qeyd olunan ünvandan üstün ola bilməz ki… Belə-belə orada səs verənlər, bu prosesin mahiyyətinə varmırlar. Orada “Fatı qalx, Fatı otur” söhbəti gedir. Və görüntü yaranır ki, bizdə demokratiya var. O ki qaldı hakimiyyətin uzun müddət duruş gətirməsinə, mən rəhmətlik Əbülfəz bəyin bir kəlamını sizə xatırlatmaq istəyirəm. Əbülfəz bəy demişdi ki, “Min kürsü bir uşağın göz yaşına dəyməz…” Mən özümü heç vaxt kənara çəkmirəm. Dostlarımla, yoldaşlarımla, qardaşlarımla bir yerdə mən də məsuliyyət daşıyıram.

DSC09368

Əbülfəz Elçibəy niyə sevindi?

Bir gün gəldim Əbülfəz bəyin yanına, elə bir az da qaynar vaxtım idi. Dedim, Sumqayıtda avtobus dayanacağında – Allah haqqı nətəri varsa, elə deyirəm – sizə də söyürdülər, mənə də söyürdülər. Elə bil Əbülfəz bəyə dünyanı verdilər. Dedi, bundan böyük xoşbəxtlik nə ola bilər? Qoy millət bilsin ki, prezidenti də söymək olar, daxili işlər nazirini də söymək olar. Elə bil bu kişiyə dünya bəxş etdin. Ki, millət ürəklənib, söyür.

 

– Hətta bir dəfə Mirşahinlə “Təmiz söhbət”də demişdi ki, “deyirlər ki, o vaxt beləydi… İsgəndərin qorxusundan küçəyə çıxmaq olardı?”

– And olsun Allaha ki, sevinirdi. Vicdan haqqı, Əbülfəz bəyin cəmi iki kostyumu vardı. Eləcə də Tofiq Qasımovun… Eləcə də başqasının. Yəni məmurları rüşvətə, korrupsiyaya cəlb eləyib, idarə etmək asandır. Amma sərbəst insanları, sərbəst düşüncəli insanları idarə etmək çox çətindir. Əvəz Zeynallını kim idarə edə bilər? Tərəf müqabili kimi yaxın bilib deyirəm. Səni nə ilə təəccübləndirə bilərlər? Sən təmiz adamsan. Çox da ki, haradansa bir adam tapdılar, onun əli ilə çirkab atdılar. Bunu hakimiyyət hər bir adama edə bilər. Allaha şükür, ikiüzlü çox, yaltaq çox, 5 manata görə balasını satan çox, pavlik morozovlar çox…

DSC09365

Kim Elçibəyin üstünə qışqırırmış?..

– Doğrudur…

– Ona görə də bu hakimiyyət heç bir vaxt səriştəsiz ola bilməzdi və bu hakimiyyətin getməsinin səbəbi o hakimiyyət nümayəndələrinin milləti və Vətəni sevməsi oldu.

– İsgəndər bəy, dediniz yadıma düşdü. Bəlkə də bu sualı verməmək də olardı, amma istəyirəm verəm. İndiki hakimiyyətin ideoloqları, müəyyən mətbuat orqanları zaman-zaman yazıb ki, bunlar Əbülfəz Elçibəyi saymırdılar, üstünə qışqırırdılar. Hərəsi bir yanda oturub siqaret çəkirdilər. Belə bir aura yaradırlar ki, hətta siz də nə vaxtsa, Bəyin üstünə qışqırmısınız… Mən istərdim ki, o münasibətlərə aydınlıq gətirəsiniz. Çünki sizin aranızda çox yaxşı, dostyana münasibətin olduğunu bilirəm.

– Əbülfəz bəyi mənim qədər heç kəs istəməyib. Əbülfəz bəyin yolunu mənim qədər heç kəs saxlamayıb. Mənim yadımdadır ki, sənin “Xural” qəzetində – Allah eləsin ki, o qapı bir də açılsın və qəzet işıq üzü görsün – Qurban Məmmədovun bir ifadəsini oxumuşdum və sən o sualı ona da vermişdin. Qurban Məmmədov da demişdi ki, “Bir gün kimsə Əbülfəz bəyin kabinetində siqaret çəkmək istəmişdi, onda İsgəndər bəy dedi ki, siqaretini yığışdır, bura prezidentin otağıdır…”

– Hə…

– Bizim komandadan heç kəs Əbülfəz bəyə cavab qaytarmayıb. Birinci, sevirdik onu…

 

– Əbülfəz bəyi yaxından tanıyan adamlar da bildirirlər ki, o, çox zəhmli və əsəbi adam idi.

– Əbülfəz bəyi sevirdik. Birincisi, məhəbbətimiz vardı. İkincisi, şəksiz liderimiz idi. Şəksiz-şübhəsiz! Bu gün müxalifətin kütləsinə baxın, onların hamısını zamanında Əbülfəz bəy idarə edirdi. Gözünün qabağında…

DSC09364

Elçibəy ən müxtəlif adamları idarə edirdi

– Ən müxtəlif adamlar var.

– Fərqi görürsünüzmü?

– İsgəndər Həmidovu da, Sabit Bağırovu da…

– Sabit Bağırov, İsa Qəmbər, Tofiq Qasımov, İsgəndər Həmidov.  Rəhim Qazıyev. Tamamilə müxtəlif adamlardır. Əbülfəz bəy bu komandasını yaratmışdı. And olsun bizi yaradana ki, Əbülfəz bəyin üstünə heç kim qışqırmayıb. Ona bircə dəfə cavab da qaytaran olmayıb. Bir dəfə olub ki, nəyəsə etiraz eləmişəm, onda da Əbülfəz bəy əlini stola vurub deyib ki, mən sənə əmr eləyirəm. Məni Daxili İşlər naziri qoyanda mən imtina elədim, dedim getmirəm.

– Maraqlıdır..

– Hacı Fərrux var, ondan soruş…

DSC09362

Bircə dəfə Elçibəyə etiraz etdim

– Niyə getmək istəmirdiniz?

– Dedim, mən Cəbhədə qalmaq istəyirəm. Mənim işim-gücüm də kifayət qədərdir. Dedi, mən sənə əmr eləyirəm. Əbülfəz bəyi qorxaq kimi qələmə vermək istəyənlərə bir şeyi xatırlatmaq istəyirəm – qorxaq adam Sovet İttifaqına qarşı döyüşə girməzdi. Gedib 4 il buna görə türmədə yatıb çıxmazdı. Millət deyə-deyə həbsxanalarda çürüməzdi. Qorxaq adam bunu edə bilərdi, Əvəz bəy? Ona qorxaq deyənlərin özləri qorxaqdırlar. Qorxaq olduqları üçün də bu gün hakimiyyətə yaltaqlanırlar, elə bilirlər ki, hamı elədir. Bunlar bir şeyi başa düşmürlər ki, biz robot deyilik, Əvəz bəy. Əvəz bəy mənə etiraz edə bilər, mən də Əvəz bəyə… Ortaq məxrəcə gələndə sözsüz ki, məsələni Əvəz bəy həll edəcək. Əbülfəz bəy elə insan idi. Danışırlar da… Bilirsinizmi, yenə deyirəm, Əbülfəz bəy də, Heydər Əliyev də dünyalarını dəyişiblər. Hamımız da dünyamızı dəyişəcəyik. Bunlar vicdanlarının qarşısında hesabat vemirlər. Bunlar elə bilirlər, hamını aldadırlar. Amma Allahı heç kəs aldatmayacaq. Aldada da bilməz. Bu dünyada bunlar elədklərinə görə cavab verəcəklər. Birdən biri deyir ki, Əbülfəz bəy Allahsız adam idi. Əbülfəz bəy qədər İslam dinini, Quranı bilən bəlkə də ikinci bir adam yox idi. Şərqşünaslıq fakultəsini bitirmişdi. Sən də bilirsən, mən də bilirəm ki, Quranı əzbər oxuyurdu. Bu qədər də Allahsızlıq olarmı? Götürsünlər stenoqramı qaldırıb baxsınlar, görsünlər ki, İsa bəy Məclisi necə idarə edirdi. Özü də Milli Məclis bizim deyildi ha… paritet əsaslarla yaranmışdı. Götürüb baxsınlar ki, Əli bəy əvvəlcə hüquq şöbəsində işləyirdi, sonra da dövlət katibi oldu.

DSC09359

Allah haqqı, Tofiq Qasımovun kostyumu yox idi, mən ona almışam kostyumu…

Hamısının sənədləri var. Qaldırıb baxsınlar. Bayaq dedim, bütün neft müqavilələri Sabit Bağırovun əlindən çıxıb. Allah haqqı, Tofiq Qasımovun kostyumu yox idi, mən ona almışam kostyumu ki, sən Xarici İşlər nazirisən, ora-bura gedirsən, hər yanda da ölkəmizi təmsil edirsən. İndi baxın görün bunların altında, balalarının altında 300-500 minlik maşınlar elə şütüyürlər, belə şütüyürlər. Balaları İngiltərədə avtomobil qəzasına uğrayır. Hansımızın balamız haqqında elə söhbətlər danışırlar?

– Hamısı mübarizənin ön cəbhəsindədir….

– Mən Əvəz Zeynallıdan daha kəskin tənqidçi olan birini tanımıram. Səndən ötrü dost-tanış yoxdur, həqiqət var. Mənim uşaqlarım haqqında bir şey eşitmisən?

 

– Yox…

– İsa Qəmbərin uşaqları haqqında bir şey eşitmisən?

 

– Müsbət mənada hamısı öndədir.

– Əli Kərimlinin uşaqları haqda eşitmisiniz? Altında maşın filan şeyi elədi deyə… Ya Sabit Bağırovun, Tofiq Qasımovun uşaqları haqqında? Bu gün Tofiq Qasımov xaricdə fizikadan dərs deyir, balaları da onunla birgə dərs deyirlər, elmi dərəcəyə qədər yüksəliblər. O zaman bu millət niyə Allahı danıb bunları deyə bilər?

DSC09359

“İsgəndər Həmidov Elçibəy hakimiyyətini yıxanlardan biridir”

– Samid Məmmədov deyir ki, İsgəndər Həmidov Elçibəy hakimiyyətini yıxanlardan biridir. Elçin Abdullayev soruşur ki, İsgəndər bəy Elçibəyin hakimiyyətdən getməsində özünü günahkar görürmü? Bu suallar bir-birini tamamladığı üçün verdim: “Nazir olan zaman hakimiyyətdə olan silahdaşlarını deyil, illərlə ayrı-ayrı hakimiyyətə qulluq etmiş polis rəislərini və digər mafioz qrupları dəstəkləyirdi.” Bu sual mənim üçün də maraqlıdır. Çünki təzə xəbərdir…

– Təzə xəbərdir… Yaxşı ki, bu “Qaynar Qazan” da var. 11 ay nazir işləmişəm, bir nəfər də olsun polis rəisi desin ki, İsgəndər Həmidovla yaxın olub və yaxud da pul verib. İkincisi, polis rəislərinin 90 faizi, polis sıralarına qəbul olunanların 90 faizi ya hərəkatdan olublar, ya da qaçqınlardan olublar. Bir gün mən türmədə olanda Köçəri Nağıbəylinin yaxşı bir yazısını oxudum ki…

– “Xural”da demişdi ki, İsgəndər Həmidov 3 min Ermənistandan gələn qaçqını nazir olanda işə götürmüşdü.

– …Ermənistanlı Əsgər 3 min adamı işdən çıxardı, kəlbəcərli İsgəndər 3 min ermənistanlıya iş verdi. Niyə işə götürdüm? Yadınıza salın o vaxtları. Qaçqınlar Azərbaycana hansı vəziyyətdə gəlmişdilər. Heç olmasa 3 min adamı işə götürdüm ki, evlərinə çörək apara bilsinlər. İkincisi də Elçibəy hakimiyyətinin yıxılmasında mən iştirak etməmişəm, nazir işləməmişəm, heç bir işdə də əlim yoxdur. Tarix var, həyatdır… Bir gün Novella xanım və digərləri məni çağırdılar, getdik Əbülfəz bəyin yanına… Mən dedim ki, bunun qarşısını almaq olar. Dedi, “qan töküləcək?” Dedim, “hə…” Dedi, “mən qanla hakimiyyətdə qalmaq istəmirəm”. Heç kəs Əbülfəz bəyin hakimiyyətini yıxa bilməzdi, yıxmayıb da. Əbülfəz bəyin milləti sevməsi, millətə olan məhəbbəti hakimiyyəti apardı. Sualı verən adama da deyin ki, o mafioz qruplardan birini ortaya çıxarsın. İkincisi də o vaxtlar, ümumiyyətlə mafioz qruplar yox idi. Hələ təzə yaranmış hakimiyyət idi. Mafioz kimi də Abbas Abbasov və bəziləri sayıla bilərdi ki, onların da haqqında mənim Milli Məclisdə etdiyim bir çıxış var ki, bu adamı baş nazirə yaxın da buraxmaq olmaz. Ən çox da Daxili İşlər Nazirliyinə təzə işçi götürülmüşdü. Əgər xatırlayırsınızsa, Köçərigildə yas yerində məni görən bütün uşaqlar ayağa durdular. Bu gün mənə ən çox hörmət qoyan da o uşaqlardır.

– Burada maraqlı suallar var. Könül Sərdarlı deyir ki,  İsgəndər Həmidovu istefa verməyə kim məcbur etdi? Hansı fakt qarşısında qoyulmuşdu?

– Bayaqları sizinlə söhbət edəndə dedim ki, elə şeylər var ki, o bizimlə qəbirə gedəcək, üstü açılmamış qalacaq. Məni heç kəs heç nəyə məcbur edə bilməzdi. Mən elə zəif oğlan deyiləm ki, kimsə məni nəyəsə məcbur eləyə. Sadəcə olaraq, Kəlbəcərin işğalından sonra mənim içimdə bir boşluq əmələ gəlmişdi. Hamı Vətənini, torpağını sevir, amma məndə Kəlbəcər məhəbbəti, Kəlbəcərə sədaqət ayrı bir şeydir. Siz təsəvvür edin ki, mən düşüb bir bulağın başında su içə bilmirəm. Mən bir dağın zirvəsinə qalxıb, nəfəs ala bilmirəm, boğuluram. Çünki harada olmağımdan asılı olmayaraq, o içdiyim suyu da, aldığım havanı da Kəlbəcərin suyu, havası ilə müqayisə edirəm. Niyə tez-tez Göyçənin adını çəkirəm? Çünki hər ikisi eyni bölgədir.

DSC09358

Qraçov istefamı tələb etmişdi

– Dağın bir üzü buradır, digər üzü isə oradır.

– Məni heç kəs istefaya göndərə bilməzdi, amma elə şeylər var ki, onu heç kimsəyə də bağışlamaq olmaz. Mən, sən mənliyimizə hörmət qoyan adamlarıq. Mən həyatımı da, varımı da, dövlətimi də mənliyimə qurban verə bilərəm. Bir şeydə qürurumdan çəkinə bilərəm. Kəlbəcərin işğaldan azad olunması söhbətində. Onda da çəkindim. Məsələ qalxdı ki, Rusiyanın Müdafiə naziri Qraçov – o məsələ də qəzetlərdə çıxdığı üçün deyirəm – deyir ki, İsgəndər Həmidov istefa versin, biz Kəlbəcəri qaytarırıq. Tək Kəkbəcər yox ha… Əgər desəydi ki, bir kəndi belə qaytarırıq mən istefa verərdim.

– Əmrah Vətənsevər – bu kimdirsə, sizə çox yaxın adamdır, ya da sizi çox yaxşı tanıyır – deyir ki, sizin istefa səbəbiniz nə idi? Doğrudanmı, Moskva Pənah Hüseynə “İsgəndər Həmidov istefa versin, Kəlbəcəri  qaytaracağıq” demişdi?

– O vaxtlar Qraçovun yanına üç nəfər – Pənah Hüseyn, Rəhim Qazıyev və Cümşüd Nuriyev getmişdi. Onu Cümşüd Nuriyev açıqlayıb. O dedi ki, bəli, bizim qabağımıza belə bir məsələ qoydular. Məsələ müzakirə olunanda mən istefamı verdim ki, tək Kəlbəcər yox, Kəlbəcərin bir kəndi, Göyçənin bir kəndi, hansısa bölgəmizin bir kəndi haqqında söhbət getsə idi, mən o nazir kürsüsünü 100 dəfə qurban verərdim.

Daxili İşlər naziri demokrat ola bilməz

– Yəni istefa səbəbiniz bu olub?

– Bu da var idi, ayrı şeylər də var idi ki, onlar mənimlə birgə qəbirə gedəcək. Bilirsinizmi, Əvəz bəy, cəmiyyətimiz o həddə çatmamışdı ki, Daxili İşlər naziri demokrat ola… Bəli, Türkiyədə, Amerikada, İngiltərədə, Fransada Daxili İşlər naziri demokrat ola bilər, çünki partiya mənsubiyyətilə vəzifəyə qoyulur. Amma Daxili İşlər nazirinin özü demokrat ola bilməz. Bu nazirliyin bilavasitə vəzifəsi cinayətkarlığa qarşı mübarizədir…

– Hüquq mühafizə orqanıdır. Hüquq mühafizə orqanı partiya deyil ki, demokrat ola…

– Bu adam banda da tutmalıdır, asayişi və sabitliyi də qorumalıdır, lazım olanda atmalıdır da… Burada demokrat olmaq olmaz. Bir dəfə rəhmətlik Əbülfəz bəy mənə dedi ki, bəy, deyirlər ki, yaman kobudsan. Dedim ki, Əbülfəz bəy, məni hara işə qoymusunuz? Zarafat eləmək olar da?

– Təbii ki…

– Dedi, Daxili İşlər naziri. Dedim, o zaman məni Xarici Işlər naziri qoyun, deyim, buyurun, madam, necəsiniz, sinyor? Dedim, mənim kontingentim 2 şeyi başa düşür – Mən o dildə danışsam, o an deyərlər ki, “bu bambılını haradan gətirib bura qoyublar?” Mən də “bambılı” sözünü qəbul eləmərəm, onu Vəzirov qəbul elədi.

Astarada nə olmuşdu?

– Həmin tarixlə bağlı bir neçə sual da var. Əmrah Vətənsevər yenə soruşur ki, “Astarada nə oldu? Orada baş verən hadisəni sülh yolu ilə həll etmək olmazdımı?” Könül Sərdarlıdan daha bir sual var: “Cənub bölgəsində bir ailəni prezidentinə görə məhv etməsindən vicdan əzabı çəkirmi?”

– Sağ olsun, Könül Sərdarlı da, o birisi də…

– Zahidə soruşur ki, “Astarada Şahağacı kəndində hər bir ailədə onu sevmirlər, bunun canlı şahidiyəm.” Bu hadisə niyə baş verdi?

– Deməli, Astarada vəziyyət nətəri idi? Orada təzə qurulmuş dövlətin gömrükxanası var idi. Gömrükxanaya gömrükxana işçiləri rəhbərlik edə bilmirdi, Şahağacı kəndindən “Dədə” ləqəbli bir cinayətkar rəhbərlik edirdi. İkincisi, Lənkərandan bir nəfər Astaraya gedəndə – çox yaxşı bir insan idi – “pekarnı”nın yanında güllələmişdilər ki, “sən Astaranın sərhəddini niyə keçirsən?”  Bu da tarixdir. O adamın oğlu bu dəqiqədə qanuni oğrudur – Rövşən Lənkəranlı… Məhkəmədə o da Sovetə atdı…

– Başa düşmədim…

– Rövşən Lənkəranlının atasını da Sovetgil öldürmüşdülər?

– Sizin üstünə getdiyiniz?

– Bəli, həmin adamlar.  Bu iki cinayət də o vaxt baş vermişdi. Bunlara bac-xərac verməmiş gömrükxanadan nə bu yana, nə də o yana heç kəs keçə bilməzdi.

Rövşən Lənkəranskinin atasını öldürmüşdülər…

– Deməli, Rövşən Lənkəranlının atasını da onlar öldürüblər?

– Bəli… Bəli… İndi deyəcəm, xatırlayacaqsan. Üçüncü məsələ – iki avtobus zəvvar gələndə – həmin zəvvarlar da dururlar, İsgəndər Həmidov da durur…-  onların qarşısını kəsib, nələri var idisə əllərindən almışdılar. Orada zəvvarlardan biri mənimlə telefon əlaqəsi yaratdı. Onlara dedim ki, Allahın evinə ibadət edib gələnləri soymayın. Allah sizə qənim olar. Bunlar saymadılar. Və əməliyyat hazırlandı. Hamı deyir ki, əməliyyatı İsgəndər eləyib, qoy İsgəndərin də üstündə qalsın. İsgəndər bir nəfərə ata bilməzdi. Birbaşa Respublika prokurorunun sanksiyası ilə orada atəş açılıb. Bizə ora getdik, həbslər oldu… Həmin Şahağacı kəndində bir nəfər iki iranlıya 12 kilo heroin gətirdib. Təsadüfən saat 12-də uşaqlar oranı mühasirəyə alanda, onlar başladılar uşaqlarla atışmağa… “Dostluq” kinoteatrının bir tərəfində Tahir Həsənovla bağlı bir lövhə var. Onu həmin vaxt yaraladılar, kasetlərdə də var. Ondan sonra onları cavab atəşilə susdurdular. Hansı uşaqlar öldürülüb? İki iranlı və bir də adam öldürən Sovetin qardaşı ölüb. İddia edirlər ki, Şahağac kəndində mənə qarşı nifrət var. O zaman ona deyirəm ki, bu yaxınlarda mən ora toya getmişdim.

– Deməli o kənddə toyda olubsunuz?

– O kənddə nəinki toyda, yasda da olmuşam.

– Vəssalam..

– Şahağacı kəndini elə bir vəziyyətə salmışdılar ki, Əvəz bəy, Allaha and olsun, toyda camaatın qabağına pulsuz “çernuşka” qoyurdular ki, atsınlar. Camaatı narkotikaya o yolla alüdə edirdilər. Hələ az yazıblar, nəinki Şahağacı kəndinin, Astara polisinin kökünü dəyişdim. Dördüncüsü də həmin vaxt artıq bunlar Talış Muğan Respublikası yaradırdılar, əgər xatırlayırsınızsa. Deməli, biz burada Dağlıq Qarabağ problemindən qurtarmamış, Şimal tərəfdə Qəhrəmanov adlı bir general peyda olmuşdu, bu tərəfdən də Əlikram Hümbətov… Bunlara dözmək olardı? Bu qədər cinayətlə baş çıxarmaq olardı? Niyə demirlər ki, Bərdədə də eyni əməliyyat keçirilmişdi? Niyə bərdəlilər məndən incimir? Niyə bunlar bu məsələni gətirib talış-türk münasibətlərinə bağlayırlar? Bunu eləyənlər xəbisliklə eləyirlər.

Fars talış-türk qarşıdurması istəyir

Deməli, onların ürəyindən farsın göstərişilə talış-türk qarşıdurması keçir. Qaldı talışla-türkün arasında problem yoxdur, sadəcə bunu problem etmək istəyənlər var. Problem istəyənlər də hər zaman bu məsələni xatırladırlar. İndi təsəvvür edin ki, Heydər Əliyevin vaxtında orada mən hansısa bir qanunsuz hərəkət eləsəydim, görün mənə nə qədər iş verərdilər…

Təbii ki… Aydın məsələdir. Könül Sərdarlı daha bir sual verir: “1993-cü il yanvar – qış hücumu kampaniyasının onun fikrincə, ideya müəllifi kim və ya kimlər idi? Bu kampaniya kimlər tərəfindən ərsəyə gətirildi və bu dövlətə birbaşa tabe qüvvələr irəliləmədi, niyə bu hücum sonucu irəliləməyənlər rütbə aldı. Ad çəkmirəm, amma vəzifə alan, lakin irəliləməyən biri onun nazirliyində vəzifəyə yüksəldildi.”

 

II hissənin sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button