Üçgünlük müharibədən gələn qaz qoxusu: “Cənubi Qaz Dəhlizi” baş tutacaqmı?

cəbhə 8

Dağlıq Qarabağdakı 3 günlük müharibənin nəticələri cəmiyyətimizdə ciddi müzakirə predmetinə çevrilib. Əksər vətəndaşlarımız anidən başlayan müharibənin elə anidən də dayanmasını qəbul edə bilmir, mübarizəni son qələbəyə qədər davam etdirilməsini arzulayırlar.

Torpağının 20%-i işğal olunan, 1 milyondan artıq əhalisi qaçqın, köçkünə çevrilən bir ölkənin vətəndaşlarının bu arzuları başa düşüləndir. Üstəlik, hadisələrin ilk günü cəbhə xəttindən gələn xəbərlər də Azərbaycan ordusunun uğurlarından, strateji yüksəklikləri işalçilardan təmizlədiyindən xəbər verirdi. Beynəlxalq aləmin reaksiyaları da bizi dəstəklədikləri yönündə idi. Həqiqətən də, bu cür avantajlı vəziyyətdə hərbi əməliyyatları dayandırmaq qətiyyən məntiqli görünmür.

Fəqət savaş təbliğatının formalaşdırdığı əhval-ruhiyyədən sıyrılıb hadisələrə nəzər salanda hakimiyyətin məcburi “sülhpərvərliyi”ni başa düşmək olar.İstər Qarabağdan gətirilən şəhid cənazələrinin rəsmi məlumatlardakından xeyli artıq olması, istərsə də regionun ən güclü qüdrəti sayılan Rusiya rəsmilərinin açıqlamaları və Cənubi Qafqaz sərhədlərinə öz ordu birliklərini toplaması vəziyyətin arzularımıza mütənasib olmadığını göstərir. Digər tərəfdən, pərdəarxası söhbətlərdən xəbərsiz olmağımız dar informasiya mühitində hadisələri düzgün analiz etmək imkanı vermir. Belə bir məlumatsızlıq şəraitində atılan addımları müzakirə edib alternativlər göstərmək, təbii ki, asan ola bilər,  bəs, rasional necə, demək çətindir.

İlk öncə qəbul edilməlidir ki, bu 3 günlük savaşı çıxaran tərəf biz deyildik. Məcburən girdiyimiz bu müharibədə əsl əks-tərəf də ermənilər deyildi.Azərbaycanın Qərbə yönəlişinin önünü kəsmək,  hətta bizi zorla yeni SSRİ projesi olan Avrasiya İttifaqına qoşmaq istəyən Rusiya öz təsir riçaqlarından sadəcə birini işə salmışdı. Bunu hadisədən az sonra Rusiya xarici işlər naziri Lavrovun dilə gətirdiyi aşağıdakı fikirlərdən də aydın sezmək olar: «Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm».

Bu qədər açıq ibarə ilə deyilən fikirlərə bir də müharibə ərəfəsində Azərbaycanın atdığı bəzi addımları əlavə etsək, mənzərə tam mənasıyla ortaya çıxır.

Məlum olduğu kimi, dünya bazarında enerji daşıyıcılarının ucuzlaşması nəticəsində ölkəmiz çətin vəziyyətlə qarşı-qarşıya qalmışdı. Neft bumu illərində ölkəyə gələn xarici kapitalı israf edən, mənasız layihələrə və acgöz məmurlara yedirdən hakimiyyət iqtisadiyyatı dirçəltmək, qeyri-neft sektorunu canlandırmaq üçün ciddi investisiyaya ehtiyac duyurdu. Bunun üçün isə 2 qaynaqdan faydalana bilərdi-yerli və xarici mənbələrdən.

Neftin qaymağını yeyən yerli mənbələrin əlindəki vəsaitlər isə ya möhtəşəm imarətlərin, gözoxşayan malikanələrin inşasına, ya da xarici ortaqlar ilə dünyanın hansısa ölkəsində qurulan işlərə yatırılmışdı. Oğurluq pulla oliqarx adı qazanan bu adamların cəzalandırılması belə itirilmiş kapitalları dirilmək üçün kifayət etmirdi. Çünki sahib olduqları mülkiyyətləri yenidən kapitala çevirmək həm müşkül məsələydi, həm də bu mülkiyyətlər ölkənin iqtisadi durumuna uyğun olaraq getdikcə qiymətdən düşürdü. Oliqarxların xaricdəki varidatlarının taleyi də təkcə özlərindən asıl olmadığından geri qaytarılmasına ümid bağlamaq yersiz idi.

Xarici qaynaqlar isə əvvəlki kimi Azərbaycana səxavətlə yanaşmırdılar. Rusiyanın basqısı ilə Qərbə arxa çevirən rəsmi Bakıya beynəlxalq qurumlar pullarını həvalə etmək istəmirdilər. Dəfələrlə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə aparılan danışıqların nəticəsiz tamamlanması rəsmi Bakının önünə qəbul edə bilməyəcəyi şərtlərin qoyulmasından xəbər verir. Bu danışıqların məğzi ictimaiyyətdən gizli tutulsa da, əsas şərtlərdən birinin siyasi oryentasiyamıza yenidən baxılması ola bilərdi.

Görünür, getdikcə nəfəsliyi daralan Azərbaycan sonunda ən çox ehtiyat etdiyi addımı atdı. Qərbyönümlü kursa geri qayıtdığına eyham vuran bir sıra addımlar atdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtona yollandı. Səfərə getdiyi tədbirin adı nüvə sammiti olsa da, heç bir nüvə gücünə sahib olmayan rəsmi Bakını, təbii ki, orda tamamilə başqa mövzular gözləyirdi. ABŞ rəsmilərinin dilindən səslənən bəzi fikirlər Azərbaycanla sammit çərçivəsində aparılan müzakirələrin mahiyyəti barədə ipucları verirdi.

Ölkə başçısının istər ABŞ dövlət katibi Con Kerri, istərsə də Amerika hakimiyyətinin ikinci adamı sayılan Co Baydenlə görüşündə əsas müzakirə predmeti isə Rusiyanın enerji strategiyasının tam əleyhinə idi. Düz təxmin etdiniz,söhbət, “Cənub Qaz Dəhlizi” layihəsindən gedir. Məlumata görə, ABŞ rəsmiləri Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiklərini və bu sahədə lazımi addımlar atacaqlarını bildirmişdilər.

Maraqlıdır ki, İlham Əliyevin ABŞ-ın əsas siyasi iradəsi sayılan Co Baydenlə görüşün aprelin 1-ə təsadüf edirdi. Qarabağda son gərginlik də məhz o zaman yaranmışdı. Co Bayden Azərbaycanın suverenliyini və torpaq bütünlüyünü dəstəklədiyini, “Cənubi Qaz Dəhlizi” layihəsində göstərdiyi səyləri yüksək qiymətləndirdiyi barədə sözlərini bitirən kimi, Qarabağda erməni silahları “danışmağa” başladı. Azərbaycan məcburən girdiyi bu döyüşlərdə öz çəkindirici gücünü ortaya qoymaq üçün işğal olunmuş ərazilərimizi bacardığı qədər geri qaytarmağa çalışdı. Prinsipcə, buna məhkum idi. Çünki“təsadüflərin” üst-üstə düşməsi artıq müharibənin başlanmasına dəlalət edirdi. Hələlik istəmədiyi bir müharibəyə cəlb olunan ölkə qarşı tərəfə layiqincə cavab vermədikcə, çəkindirici də ola bilməz.

Sözsüz ki, Co Baydendən sonra erməni silahlarının “danışması” təsadüfi deyildi. ABŞ-ın vitse-prezidentinin təqdir etdiyi “Cənub Qaz Dəhlizi” layihəsinin isə ermənilərə yaxından-uzaqdan dəxli yoxdur. Bu layihə Rusiyanın Avropanı öz qazından asılı vəziyyətə salması strategiyasının əleyhinə yönəlib. Təkcə bu faktın özü 3 günlük müharibənin arxasında kimin dayandığından xəbər verir.

Bilindiyi kimi, Avropa öz qaz ehtiyacının 40%-dən artığını Rusiyadan alır və buna görə də Moskvanın çaldığı hər havaya oynamaq məcburiyyətindədir. Dünya sənaye gücünün 20%-ni əlində cəmləşdirən Avropanın rus qazından bu qədər asılılığı Moskvanın dünya hegemoniyasının əsas dayağı sayılır. Zaman-zaman Rusiyanın öz qaz potensialından strateji silah kimi istifadə etdiyi də müşahidə olunub.

Əksər Qərb dövlətlərinin, özəlliklə də dünyanın yeganə qütbü olaraq qalmaq istəyən ABŞ-ın bu hegemoniyanı aradan qaldırmaq üçün tədbirlər planı həyata keçirməsi bu mənada başa düşüləndir və bu oyuna cəlb olunan ölkə təkcə Azərbaycan da deyil. Sirr deyil ki, Ukraynadakı son inqilabi proseslərin altında da bu məqsəd yatırdı. Məlum hadisələrdən qabaq rus qazının 3/2-i Ukrayna üzərindən Avropaya daşınırdı. Maydan hərəkatından sonra isə bu imkanı daralan Rusiya əsasən iki istiqamət üzərindən qazını qoca qitəyə nəql etməyə çalışdı.

İstiqamətlərdən biri Baltik dənizi vastisəsilə Şimali və Mərkəzi Avroya nəqli nəzərdə tutur ki, bu xətdə Rusiya ilə Almaniyanın birgə fəaliyyət göstərdikləri nəzərə çarpır. İkinci istiqamət isə “Cənub axını”dır. Moskva əvvəl həmin xətti Bolqarıstan üzərindən çəkmək istəsə də, rəsmi Sofiya Avropa Birliyinin əngəliylə qarşılaşdığından bu imkandan imtina etməli oldu. Rusiya məcburən Türkiyəyə yönəldi. Qərblə sövdələşmə xətrinə əvvəl təklifə “yaşıl işıq” yandıran Ankara da daha sonra geri çəkildi. Bu dəfə isə Rusiya Yunanıstan üzərindən Avropaya qaz nəqlinə qərar verdi.

Yunanıstanın da bu məsələdə “blef” edib etmədiyi Qərblə sövdələşməsinin tam başa çatmasından sonra bilinəcək. Hələlik, isə Qərbi daha başqa məsələ düşündürür. Deyək ki, Yunanıstan da Rusiyadan imtina etdi, bəs onda Avropa öz qaz ehtiyacını necə qarşılayacaq?

ABD’NİN AVRASYA ENERJİ POLİTİKASI BAĞLAMINDA AZERBAYCAN VE ORTA ASYA ÜLKELERİYLE İLİŞKİLERİ

Məhz bu sualın cavabı “Cənub Qaz Dəhlizi”ndən asılıdır. ABŞ alternativlər ortaya qoymadan Avropanı rus qazı asılılığından xilas edə bilməz. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində isə Qətərdən tutmuş, Azərbaycana qədər bir çox ölkələrin qazının Avropaya nəqli tələb olunur.

Rusiya isə onu dünya dövləti sırasından silmək istəyən bu plana qarşı dirənməlidir. Həm də ona görə ki, Avropaya qaz satışı ona dünya ağalığı vəd etməklə qalmır, üstəlik, ölkəyə ildə 200 milyard dollar pul gətirir. Rusiyanın milli gəlirinin, təxminən, yarısına bərabər olan bu imkanı fövtə verərsə, Moskva qısa müddətdən sonra “qılınca çapan” acların üsyanıyla dalğalana bilər. Onun son zamanlar həm Suriyada, həm də Cənubi Qafqazda hərbi cəhətdən aktivləşməsinin səbəbi də bununla bağlıdır. Zira Qətər və Suriya qazının Avropa marşrutu Suriyadan, Azərbaycanın qaz layihəsi olan TANAP isə Cənubi Qafqazdan keçir. Bu coğrafiyaların münaqişə ocağına çevrilməsi isə, təbii ki, “Cənub Qaz Dəhlizi” layihəsinin baş tutmaması, Rusiyanın dünya hegemonluğunu sürdürməsi deməkdir.

Zənnimizcə, üçgünlük müharibənin əsl səbəbi yuxarıda dilə gətirdiyimiz faktlarla gün işığına çıxır. Bu arqumentlərin işığında məsələyə nəzər salanda hər gün daha çox şəhid xəbərlərinin gəlməsi müəmmasının sirri də aydınlaşır.Verilən rəsmi məlumatlara görə, üçgünlük müharibədə həyatını itirənlərin sayı 30-dan bir qədər çoxdur. Bəzi mətbu orqanların indiyə qədər üzə çıxartdığı faktlar isə bu rəqəmin 100-ə yaxınlaşdığını göstərir. Üzülərək, əlavə etmək istərdik ki, zaman keçdikcə, bu qara xəbərlərin artması da istisna deyil.

Bir ovuc erməninin həm hərbi qüdrət, həm insan gücü baxımından bizdən qat-qat zəif olmasına baxmayaraq, bu qədər itimizin yeganə səbəbi ola bilər: Nə qədər açıqlanmasa belə biz, deyəsən, Qarabağda ermənilərlə yox, ruslarla vuruşuruq.

Sözsüz ki, Azərbaycan ordusu istənilən düşmənə qarşı vuruşacaq gücdə olmalıdır. Fəqət ermənilərlə münaqişəmizi əsas gətirən Qərb ölkələri Azərbaycana silah da satmayıblar. Ordumuz əsasən Rusiyadan aldığı silahlarla döyüşməyə məhkumdur. Bu isə qarşı tərəfin silah gücümüz barədə bizdən daha artıq məlumatlı olması və tədbirlərini də buna görə alması mənasına gəlir. Üstəlik, son zamanlar rəsmilərimizin etiraflarından o da anlaşılır ki, bizə satılan silahlar da keyfiyyət göstəricilərinə görə standartlara tam cavab verməyəcək haldadır.

Digər tərəfdən, şəhid olan qəhrəmanlarımızın siyahısına nəzər salanda ən sayseçmə zabitlərimizin adlarıyla qarşılaşırıq. Azərbaycan hakimiyyəti döyüşə girdiyi qüvvənin Rusiya olduğunu anladığından, daha az itki vermək üçün ən təcrübəli döyüşçüləri önə sürmək məcburiyyətində qalır. Nəticədə isə neçə illərin ağır təcrübəsiylə yetişmiş həmin qəhrəmanlarımızı rus bombardımanı altında itiririk. İstənilən bir zabiti yetişdirmək üçün illərlə əziyyət çəkilməsi lazım olduğunu nəzərə alsaq, bu itkilərin həqiqi qiymətini hesablamaq çətindir.

Düşmən qarşısında bu qədər zəif halımızla müharibənin davam etdirilməsi təkcə daha çox itki verməyimiz demək deyil. Həm də qarşı tərəfin həyata keçirmək istədiyi plana hüquqi və hərbi əsas verməkdir. Sual oluna bilər: Rusiya daha nəyə nail olmaq istəyir?

Yuxarıda da qeyd etdiyimiz kimi, “Cənub Qaz Dəhlizi” çərçivəsində çəkilməsi planlaşdırılan qaz kəmərinin qarşısını almaq üçün Rusiya ordusu Cənubi Qafqazda tam oturmaq niyyətindədir. Ermənilərlə aramızdakı münaqişənin davamı isə ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya “sülhməramlı”larının münaqişə bölgəsinə yerləşməsi üçün əsl bəhanəyə çevrilə bilər. Həm erməni, həm rus siyasilərinin buna eyham vuran fikirlərini artıq tez-tez səsləndirməyə başlaması təhlükənin heç də əsassız mülahizələrdən ibarət olmadığından xəbər verir.

Azərbaycan rəsmiləri hazırda nə qədər bu fikri yaxına buraxmaq istəməsələr də,cəbhə xəttində erməni cildində peyda olan rus silahlı qüvvələri qarşısında verəcəyimiz itkilər hər şeyi dəyişdirə bilər. Necə ki, müharibə zamanı Qarabağı işğalçılardan tamamilə təmizləmək barədə cəsarətli çıxışlardan bir gün sonra atəşkəs sazişinə imza atmalı olduq.

Müharibə meydanları emossiyaların ağlı üstələdiyi məkanlar kimi tanınsa da, bütün hallarda qələbəni yenə soyuqqanlılıq və ağıl gətirir. Soyuqqanlılığımız itirməmək ümidiylə…

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button