Ucuz Azərbaycan qazından imtina edib bahalı Rusiya qazı alanlara cinayət işi

Gözlənilir ki, Bolqarıstanın dövlət qaz təchizatı şirkəti “Bulgargaz”ın keçmiş rəhbərliyinə qarşı Azərbaycandan ucuz təbii qazı tam həcmdə idxal edə bilmədikləri üçün rəsmi ittiham irəli sürüləcək. virtualaz.org xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov ötən gün yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.

Xəbər verildiyi kimi, yanvarın 28-də “Bulgargaz”ın bütün rəhbərliyi dövlət energetika holdinqlərini idarə edən “Bolqarıstan Energetika Holdinqi”nin qərarı ilə işdən azad edilib. Bu, “Bulgaraz” ətrafında Azərbaycan qazı ilə bağlı yaşanan qalmaqalların ardınca baş verib. “Bulgargaz” 2013-cü ildə Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycandan ildə 1 milyard kubmetr qaz almaq barədə müqavilə bağlayıb.

“Bulgargaz”ın keçmiş direktoru Nikolay Pavlov

Lakin Cənub Qaz Dəhlizi işə düşsə də şirkət həmin qazı tam həcmdə ala bilmir, çünki Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin tikintisi illərdir ləngidilir. Ləngimənin yunan tərəfinin günahı üzündən baş verdiyi bildirilir. Nəticədə Bolqarıstan üçün nəzərdə tutulan 1 milyard kubmetr Azərbaycan qazının təxminən üçdə biri Rusiya qazını nəql edən kəmərlə revers rejimində nəql olunur.

Baş nazir Petkov onu da bildirib ki, hakimiyyət “Bulgargaz”ın rəhbərliyinin əslində Bolqarıstanı Yunanıstanla bağlayan qaz kəməri hələ tamamlanmasa da Azərbaycan qazını tam həcmdə almaq imkanı olduğunu üzə çıxarıb. Nəticədə rəhbərlik işdən kənarlaşdırılıb.

Baş nazir Kiril Petkov

“Azərbaycanın bizə satdığı təbii qazın qiyməti ilə ölkənin əsas təchizatçısı  “Qazprom”un satdığı qazın qiyməti arasında fərq o qədər böyükdür ki, istənilən həcmdə qazdan istənilən bəhanə ilə imtina edilməsi, hansı ki, bu bəhanələrin keçərli olmadığı sonradan aydınlaşdı, həm istehlakçılara, həm “Bulgargaz” şirkətinə ciddi ziyan vurur”, – baş nazir deyib.

Bundan əvvəl, yanvar ayında Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirmişdi ki, “Bulgargaz” şirkəti Azərbaycandan 1 milyard kubmetr ucuz qazı idxal edə bilməyib. Nikolovun sözlərinə görə, “Bulgargaz” Azərbaycan Qaz İxracı Şirkəti (AGSC) ilə müqavilənin şərtlərini dəyişərək bu ölkədən qaz idxalını qeyri-mümkün edib. Bunun əvəzində “Qazprom”dan daha bahalı qaz alıb. Nazirin sözlərinə görə, ötən il Bolqarıstan ucuz Azərbaycan qazını tam həcmdə ala bilmədiyi üçün 750 milyon avro ziyan çəkib.

“Bulgargaz”la AGSC arasında imzalanmış müqaviləyə əsasən Yunanıstan-Bolqarıstan qaz kəməri İGB Azərbaycan qazının nəqlinin əsas marşrutudur. Qaz kəmərinin tikintisi ləngiyib, amma Nikolov hesab edir ki, “Bulgargaz” Azərbaycandan razılaşdırılmış qaz həcminin hamısını idxal edə bilərdi. Baş nazir Petkov da bunu təsdiqləyib.

Müqavilədən və ona əlavədən imtina edib bunu Yunanıstanla boru əlaqəsinin olmaması ilə əsaslandırıblar, amma biz təchizatçıdan (Azərbaycan tərəfi,- red.) xəbərdarlıq almışıq ki, qaz nəzərdə tutulan nöqtədən cəmi 200 kilometr aralıda olan Nea Mesembria (Yunanıstan,- red.) vilayəti üzərindən daxil ola bilər”, – baş nazir Petkov mətbuat konfransında bildirib. O əlavə edib ki, Daxili İşlər Nazirliyi faktlar üzərində işləyir və ittiham aktı yaxın günlərdə hazır olacaq.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button