Ukrayna qoşunlarının Severodonetskdən çıxdığı bildirilir

Son günlər ağır döyüşlərin getdiyi Luqansk vilayətinin Severodonetsk şəhərini Ukrayna hərbçiləri demək olar ki, tamamilə tərk ediblər. Bunu şənbə günü şəhərin meri Aleksandr Stryuk deyib.

Ukrayna hərbçilərinin daha güclü mövqelərə geri çəkilmək əmri alması faktını daha əvvəl Luqansk vilayətinin administrasiyasının rəhbəri Serqey Qaydai bildirib.

Amma Ukrayna Müdafiə Nazirliyi məlumatı nə təsdiq edib, nə də təkzib. Nazir müavini Anna Malyar iyunun 25-də etdiyi açıqlamasında Severodonetskdəki əməliyyatın gedişi barədə açıq məlumat verənləri tənqid edib, rəsmi məlumatın yalnız hərbçilərdən gələ biləcəyini vurğulayıb.

İşğalçı Rusiya ordusu da hələlik şəhərin ələ keçirildiyini açıqlamayıb. Çeçenistan rəhbəri Ramzan Kadırov şənbə günü yazıb ki, sənaye zonası və Severodonetsk aerodromu Rusiya qoşunlarının nəzarətinə keçib.

O, həmçinin Azot zavodunda olan mülki insanların da təxliyə olunduğunu bildirib. Bu məlumat hələ müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

Hazırda Ukraynanın nəzarəti altında olan Luqansk vilayətinin sonuncu şəhəri olan Lisiçanskın kənarında döyüşlərin getdiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi bu ərəfələrdə şəhərin cənubdan mühasirəyə alındığını bildirib.

Ukrayna tərəfi Rusiya qoşunlarının şəhərə doğru irəliləmə cəhdinin qarşısını aldığını iddia edir. Döyüşlər zamanı çoxsaylı yaşayış binalarının dağıdıldığı Severodonetsk və Lisiçanskda dinc sakinlər arasında itkilərin ilkin hesablamaları belə yoxdur.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button