Ukrayna qüvvələri Donetskin şərqində daha iki kənddən çıxırlar

Ukrayna ordusu şərqi Avdeyevka şəhəri yaxınlığında daha iki kənddən çıxdığını bildirir. Bu, qoşunları avadanlıq və sursat qıtlığı ilə çarpışan Ukraynanın itkilərinin artması deməkdir. Rusiya qüvvələri Avdeyevkanı bu ayın əvvəlində tutub.

Ordunun sözçüsü Dmitro Lixoviy fevralın 27-də deyib ki, Ukrayna əsgərləri Avdeyevkadan qərbdə yerləşən Stepovoye və Severnoye kəndlərindən çıxıblar.

“Ötən axşam və gecə Severnoye uğrunda ağır döyüşlər gedib”, – Lixoviy söyləyib.

Sözçü Ukrayna qüvvələrinin Avdeyevkadan qərbdə müdafiə mövqelərini möhkəmləndirdiyini bildirib.

Ukrayna tərəfdən daha bir rəsmi açıqlamaya görə, Rusiya qüvvələri cənuba doğru iki istiqamətə, həmçinin Ukraynanın nəzarətində olan Robotino kəndinə doğru irəliləməyə çalışıblar, amma buna nail olmayıblar.

ABŞ Dövlət Departamenti fevralın 27-də bildirib ki, Ukraynada döyüş zonasında vəziyyət “həddən artıq ciddidir”, çünki Ukrayna ordusunun Rusiya təcavüzünü dəf etməyə yetəcək sursatı yoxdur.

Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib ki, Ukrayna qoşunları əllərində olan silah-sursatla “cəsarətlə” savaşmağa davam edirlər, ancaq ehtiyat saxlamalıdırlar, çünki ABŞ Konqresi hərəkətə keçə bilməyib.

Miller Konqresi Ukrayna ordusu üçün 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqləməyə çağırıb. Hazırda bu layihə Nümayəndələr Palatasındadır.

Palatanın spikeri, keçmiş prezident Donald Trampın müttəfiqi Mayk Conson (Mike Johnson) layihəni səsverməyə çıxarmaqdan imtina edib.

ABŞ prezidenti Co Bayden (Joe Biden) və aparıcı demokratlar fevralın 27-də Conson və Konqresdəki digər aparıcı respublikaçılarla görüşərək layihənin qəbuluna çağırıblar.

Ağ evin görüşdən sonra yaydığı bəyanatda deyilir ki, Bayden Ukraynanın son həftələr döyüş zonasında mövqelərini necə itirdiyini müzakirə edib. Prezident yardımın gecikməsinin “dəhşətli” bədəli ilə bağlı xəbərdarlıq edib.

Layihə Senatdan iki həftə öncə keçib. Conson görüşdən sonra deyib ki, Senatın təsdiqlədiyi paketdə ABŞ-Meksika sərhədinin mühafizəsi üçün heç nə nəzərdə tutulmayıb. Respublikaçıların Ukraynaya yardımın qarşılığında istədiyi məhz sərhədlə bağlıdır.

“Ölkə üçün ilkin prioritet sərhəddir, onun təhlükəsizliyidir”, – Conson vurğulayıb.

Nümayəndələr Palatası fevralın 28-də hökumətin maliyyələşdirilməsi üzrə razılaşma üzərində işləyəcək, əvvəlki sənədlərin müddəti bitmək üzrədir.

Palatanın milli təhlükəsizlik paketinə martın birinci həftəsindən tez qayıdacağı gözlənilmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button