Ukrayna Rusiyanın Kursk vilayətində ikinci körpünü vurduğunu deyir
Ukrayna silahlı qüvvələrinin komandiri deyir ki, Rusiyanın Kursk vilayətində ikinci körpü vurulub. Kiyev Rusiyanın bu ərazidə döyüş əməliyyatlarını zəiflətməyə çalışır.
“Daha bir körpünü çıxaq”, – Hava qüvvələrinin komandiri Mikola Oleşçuk avqustun 18-də Telegram-da yazıb.
“Hava qüvvələri dəqiq hava zərbələri ilə düşməni logistika qabiliyyətindən məhrum etməkdədir, bu isə əməliyyatların gedişatına ciddi təsir göstərir”, – komandir yazır.
Moskva bu zərbə ilə bağlı şərh verməyib. Ukrayna iki həftəyə yaxındır Rusiyanın Kursk vilayətinə qəfil əks-hücuma keçib ki, bu isə iki il yarımdır gedən müharibənin dinamikasını dəyişib, 120 min nəfər evini tərk etməli olub.
Rusiya hərbi bloqerləri əvvəlcə vurulan birinci körpünün fotosunu yerləşdiriblər. Bu körpü Kurskdakı Zvannoye kəndi yaxınlığından keçən Seym çayı üzərindədir.
Rusiya təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu körpünün dağıdılması Qluşkov rayonunun bir hissəsi ilə əlaqəni kəsib, bu da regiondakı mülki evakuasiyanı çətinləşdirib.
Avqustun 16-da Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı Amerikanın uzaq mənzilli raketləri ilə Qluşkovdakı əsas körpünü dağıtmaqda, bu zaman mülkilərin evakuasiyasına kömək edən könüllüləri öldürməkdə ittiham edib.
Təhlilçilərin fikrincə, Seym üzərində körpülərin vurulması Ukraynaya Kurskda hücumu üçün təhlükəsiz cinah təmin etməkdən ötrü vacibdir. Belə ki, bu zaman Moskvanın çayın cənubundakı qüvvələrini təchiz etməsi çətinləşir.
Ukrayna prezidenti Volodimir Zelenski avqustun 18-də axşam müraciətində deyib ki, Ukraynanın Kurskdakı əməliyyatı “hələ də Rusiya ordusu və dövlətinə, müdafiə sənayesi və iqtisadiyyatına ziyan vurur”. O, cəbhədə bütün istiqamətlərdə “yaxşı” nəticələrin olduğunu söyləyib.
Bu arada Ukraynanın şərqi Donetsk vilayətində döyüşlər davam edir, Ukrayna tərəfi bəzi ərazilərdə evakuasiya göstərişi verib.
Ukrayna ordusunun baş qərargahı Rusiyanın Rostov vilayətində neft və neft məhsullarının saxlandığı bir obyektin vurulduğunu bəyan edib. Həmin məhsullar Rusiya ordusu tərəfindən istifadə olunur. Baş qərargah ərazidə azı iki yanğının qeydə alındığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə Belqorod, Kursk və Rostov vilayətləri üzərində Ukraynanın beş dronunu tutduğunu bildirib. Kiyev adətən dron hücumları barədə şərh vermir.
Kiyev hərbi administrasiyasının başçısı Sergey Popko isə avqustun 18-də deyib ki, Rusiya bu ay Ukrayna paytaxtına üçüncü ballistik raket hücumunu edib. O, Rusiya qüvvələrinin Kiyevə doğru qanadlı raket buraxdığını söyləyib.
Popkonun sözlərinə görə, Rusiyanın Şimali Koreya istehsalı KN-23 raketindən istifadə etdiyi güman olunur.