Ukrayna yeni ili yeni hücumlar gözləntisi ilə qarşılayır

Ukraynalılar 2024-cü ili Rusiyadan yeni hücumları gözləməklə qarşılayıb.

Rusiya hakimiyyəti dekabrın 31-də bildirib ki, Belqorod şəhərinə hücumda ölü sayı 24 nəfərə çatıb, onlarla adam yaralanıb. Bu hücumu Ukraynanın gerçəkləşdirdiyi güman olunur, Kreml isə sərhəddən 25 km içəridə baş verən hücuma görə qisas alınacağını deyib.

Kiyev Belqoroda hücumu şərh etməsə də, əvvəllər Rusiya qüvvələrinin bu regiondan Ukrayna şəhərlərinə hava zərbələri üçün istifadə etdiyini vurğulayıb.

Bir il öncə Rusiya yanvarın 1-də Ukraynaya raket və dron hücumu gerçəkləşdirib, azı üç dinc sakin həlak olub, onlarla insan yaralanıb.

Ukrayna prezidenti Volodimir Zelenski Yeni il müraciətində deyib ki, “biz ukraynalılar hamıdan yaxşı bilirik ki, daha yaxşı gələcək özü-özünə gəlməyəcək, çünki biz sabahlarımızın hər birini öz əllərimizlə müdafiə edirik”.

Rusiya prezidenti Vladimir Putin isə dövlət televiziyası ilə yayımlanan illik müraciətində rusiyalıları geriyə baxmamağa, irəliləyək gələcəyi yaratmağa çağırıb. O, 2022-ci ilin fevralında qonşu Ukraynanı işğal edən Rusiya ordusunu tərifləyib. O, Kremlin fonunda etdiyi çıxışında dekabrın 30-da Belqoroddakı insidentdən danışmayıb.

Ukrayna rəsmiləri 1.4 milyon əhalisi olan Xarkov şəhərinə hücumlarda 28 nəfərin yaralandığını, 12 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Yaralılar içində Böyük Britaniyadan jurnalistin olduğu açıqlanıb.

Almaniyanın ZDF televiziyası yeddi nəfərlik çəkiliş heyətinin Rusiyanın otelə zərbəsinə tuş gəldiyini, ukraynalı tərcüməçinin ciddi xəsarət aldığını bəyan edib. “Bu, Rusiyanın azad mətbuata daha bir hücumudur”, – ZDF-in baş redaktoru Bettina Şausten deyib.

Rusiyanın dekabrın 29-na keçən gecə Ukraynaya kütləvi raket və dron hücumunda ölənlərin sayı isə 39-u keçib, azı160 nəfər xəsarət alıb. Beynəlxalq ictimaiyyət bu intensiv bombardmanı kəskin qınayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button