Ukraynaya raket zərbələrində azı 41 nəfər ölüb. BMT iclasa toplanır

BMT Təhlükəsizlik Şurası iyunun 9-da Rusiyanın Kiyevdəki “Oxmatdet” Uşaq Xəstəxanasına raket zərbəsi ilə bağlı iclas keçirəcək.

Rusiya iyulun 8-də Ukraynanın bir neçə şəhərini şiddətli raket atəşinə tutub və nəticədə ölkə boyunca azı 41 nəfər həlak olub, daha 141 nəfər yaralanıb.

Ölü sayı ən çox Kiyev və Krivoy Roq şəhərlərində qeydə alınıb.

Kiyevdə ən böyük uşaq xəstəxanasının binalarından biri və yaşayış binasının bloku dağılıb.

Sözügedən binada ölənlərdən üçü uşaqlardır.

Xəbər verilir ki, Rusiya strateji bombardmançı təyyarələri raketləri Xəzər dənizi akvatoriyasından atıblar. Rusiya hərbçiləri eyni zamanda ballistik raketlərlə atəş açıblar.

Bütün Ukrayna boyunca həyəcan vəziyyəti elan edilib.

Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna şəhərlərinə 38 müxtəlif tipli raket atıb və onlardan 30-nu vurmaq mümkün olub.

Uşaq xəstəxanasından başqa Kiyevin digər rayonlarında da dağıntılar var. “Lukyanovskaya” metrostansiyasının yaxınlığında biznes mərkəzi yanıb. Şevçenko rayonunda isə yaşayış binasının bir bloku tamamilə dağılıb.

Ukrayna təcili xidmətlərinin məlumatına görə, Rusiya tərəfindən təkrar raket zərbələri nəticəsində Kiyevin Dneprovsk rayonunda tibb mərkəzi qismən dağılıb. Bu zərbələr nəticəsində, azı, dörd nəfər həlak olub.

Xəbər verilir ki, Dneprdə, Krapivnitskdə və Krivioy Roqda partlayışlar baş verib.

Krivioy Roq şəhərində raket zərbələri nəticəsində 10 nəfərin həlak olduğu xəbər verilir.

Şəhərdə iyulun 9-u matəm günü elan edilib. Donetsk vilayəti administrasiyasının məlumatına görə, Pokrovsk şəhərində üç nəfər həlak olub.

Ukrayna hökumətinin rəsmiləri Rusiyanı raket zərbələri zamanı “məqsədli şəkildə” uşaqları hədəfləməkdə ittiham edirlər.

Onlar Rusiya təcavüzü ilə mübarizə üçün Ukraynaya daha çox hərbi yardımlar verilməsinə çağırırlar.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, onun qüvvələri Ukraynanın hərbi sənaye obyektlərinə və hərbi hava bazalarına zərbələr endiriblər, bütün hədəflər vurulub.

Rusiyanın dövlət TASS xəbər agentliyi bundan əvvəl bildirmişdi ki, partlayışlar Kiyevdə “Artyom” müdafiə zavodu və “Julyanı” aerodromu rayonunda baş verib.

Rusiya hərbiyyəsi bildirir ki, onun qüvvələri mülki obyektlərə zərbələr endirməyiblər və dağıntılar Ukrayna hava hücumundan müdafiə sisteminin raketləri vurmasına görə baş verib.

Rusiyanın hərbi bloqerləri iddia edirlər ki, Ukrayna tərəfi NASAMS hava hücumundan müdafiə raketlərindən istifadə edib.

Ukrayna təhlükəsizlik xidməti isə israr edir ki, uşaq xəstəxanasına Rusiyanın X-101 raketi ilə zərbə endirilib və Kiyevin buna dair sübutları var.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button